Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-1572/2026 25.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, X1 və onun vəkili Vəkil iştirakları ilə, X1 Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsinin xx.xx.2026-cı il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Xətai RPİ-nin 35-ci Polis Bölməsi tərəfindən xx.xx.2026-cı il tarixində barəsində qəbul edilmiş inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2026-cı il tarixində saat 10:50-də ünvan 1 ünvanında yerləşən mağazada Xətai RPİ-nin 35-ci Polis Bölməsinin sahə rəisi X5 mağazaya yaxınlaşaraq, mağazanın arxasında mal qəbul edilən sahədə qara rəngli zibil torbasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinə əsasən barəsində 1000 manat məbləğində inzibati xəta protokolu tərtib etmişdir. Protokol tərtib edildikdən sonra ona bildirilmişdir ki, cərimə məbləği dərhal ödənilməlidir. O isə inzibati xətanın törədilməsi ilə halı ilə razı olmadığını, eyni zamanda cərimənin məcburi qaydada dərhal ödətdirilməsi anlayışının olmadığını bildirmişdir. Onlar isə onu mağazanın üzbəüzündə yerləşən polis kabinetinə aparmışlar. 1 saatdan çox orada saxladıqdan sonra onun cərimə məbləğini ödəmədiyini görərək onu Xətai RPİ-nin 35-ci Polis Bölməsinə aparmışlar və bildirmişlər ki, cərimə ödənilməsə bölməni tərk edə bilməz. O, onlara onun 1000 manat pulu hardadır ki, onu da cəriməyə ödəsin demişdir. Onlar isə mağaza rəhbərliyi tərəfindən cərimə məbləğinin ödənilməsini bildirmişlər. O da müdirinə zəng vuraraq qeyd olunanları ona da bildirmişdir. Müdir isə ona urnalardan kənara zibil atılıb-atılmamasını soruşmuşdur. O da ona bildirmişdir ki, heç bir halda ətraf mühitə zibil atılmamışdır. O da polis tərəfindən protokol və qərarın mübahisələndirilə biləcəyini bildirmişdir. O, ona onu bölmədən buraxmayacaqlarını bildirmişdir. Bu minvalla o, həmin gün saat 16:00-a qədər polis bölməsində saxlanılmışdır. Polis əməkdaşlarının onu buraxmayacaqlarını görüb məcbur qalıb rəhbərlikdən ödənişin edilməsini və onun azadlığa çıxmasına köməklik göstərilməsini xahiş etmişdir. O da onun pis vəziyyətdə olduğunu görərək 1000 manat borc kimi onun yerinə cəriməni ödəmişdir. Qanunvericiliyin tələblərini heçə sayan polis əməkdaşları heç bir əsas və səbəb olmadan, tutulma barədə protokol tərtib etmədən onun azadlığını 5 saat 20 dəqiqə məhdudlaşdırmışlar. Hesab edir ki, həmin qərar qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. İnzibati orqan tərəfindən onun vəzifəli şəxs olub-olmaması məsələsi müəyyən olunmamışdır. Belə ki, o, hüquqi şəxs olan "xxxx" MMC-nin işçisidir və şirkət üzrə vəzifəli şəxs isə qanuni təmsilçi idarə heyətinin sədri hesab olunur. Göründüyü kimi İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən o, vəzifəli şəxs deyil, inzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin qeyd hissəsinə əsasən, Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Halbuki, qeyd olunan zibil mağazanın arxasında mal qəbul edilən sahədə olmuşdur, fəhlə tərəfindən müvəqqəti olaraq zibil maşını gələnə qədər ora qoyulmuş, maşın gələn zaman dərhal aparılması nəzərdə tutulmuşdur. Bu hal inzibati xəta tərkibi yaratmır. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, inzibati cərimə məbləğinin dərhal ödənilməsinə məcburetmə nəzərdə tutulmamışdır. Belə ki, inzibati Xətalar Məcəlləsinin 141.1-ci maddəsinə uyğun olaraq, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar bu Məcəllədə və "İcra haqqında" Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş qaydada icra edilir. Bu norma inzibati cərimənin dərhal deyil, qanunla müəyyən edilmiş icra mexanizmləri çərçivəsində ödənilməsini nəzərdə tutur. Azadlığının qanunsuz məhdudlaşdırılması inzibati xətaya görə onu bölmədə saxlamaq üçün heç bir qanuni əsas olmamışdır. Buna baxmayaraq, faktiki olaraq azadlığı 5 saat 20 dəqiqə məhdudlaşdırılmışdır. Açıq şəkildə bildirilmişdir ki, ödəniş edilməzsə həbs tətbiq olunacaqdır. Bu təhdid nəticəsində saat 16:00-a qədər ödəniş edilməyə məcbur qalmışdır. Qeyd etməlidir ki, 11:00-dan 16:00-a qədər qanunsuz şəkildə bölmədə saxlanılmışdır. Bu isə faktiki olaraq onun azadlıq hüququnun qanunsuz məhdudlaşdırılması, ona mənəvi təzyiq göstərilməsi yolu ilə cərimənin ödətdirilməsi deməkdir. Ona hüquqları izah edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.3-cü maddəsinin tələblərinə baxmayaraq: hüquq və vəzifələri izah edilməmiş, izahat vermək hüququ təmin olunmamışdır. Sistemli pozuntu faktı xüsusilə qeyd edilməlidir ki, eyni məzmunlu və eyni üsulla hüquq pozuntusu xx.xx.2026-cı il tarixində ünvan 3 ünvanında yerləşən digər "xxxx" MMC mağazasında da baş vermişdir. Bu hal polis əməkdaşlarının təkrarlanan və sistemli qanunsuz praktikasını göstərir. O, vəzifəli şəxs olmadan ona vəzifəli şəxs kimi cərimə yazılmışdır. İnzibati xəta faktiki olaraq törədilməmişdir; inzibati icraat kobud prosessual pozuntularla aparılmışdır; cərimə mənəvi təzyiq və həbslə hədələmə yolu ilə məcburi ödətdirilmişdir; azadlıq, müdafiə və ədalətli icraat hüquqları pozulmuşdur. Məhkəmə iclasında X2 və onun vəkili Vəkil hər biri ayrı-ayrılıqda şikayət ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişlər. Həmçinin Vəkil məhkəməyə xahişin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri Xətai RPİnin 35-ci Polis Bölməsinin xx.xx.2026-cı il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməklə iş üzrə icrata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin və onun vəkilinin çıxışlarını dinləyib, şikayəti və ona əlavə edilmiş materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsinin sahə rəisi X5 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X4 xx.xx.2026-cı il tarixdə saat 10:50-də Bakı şəhəri, Xətai rayonu, N.Tusi 185 ünvanında Azərbaycan Respublikası İXM-nin 266.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir. Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsinin sahə rəisi X5 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2026-cı il tarixdə saat 10:50-də Azərbaycan Respublikası İXM-nin 266.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 1000 (min) manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 266.3-cü maddəsinə əsasən məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir. Hazırkı iş üzrə barəsində şikayət verilən qərarda Ü.Ağazadənin Azərbaycan Respublikası İXM-in 266.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsi göstərilmiş və o, inzibati məsuliyyətə cəlb edilməklə barəsində cərimə cəzası tətbiq edilmişdir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai RPİ-nin 35ci Polis Bölməsinin sahə rəisi X5 tərəfindən xx.xx.2026-cı il tarixli, EPQ ******* saylı qərara əsasən X4 xx.xx.2026-cı il tarixdə saat 10:50-də Azərbaycan Respublikası İXM-nin 266.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi əsas gətirilərək barəsində 1000 (min) manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2026-cı il tarixli, EPQ ******* saylı elektron qərarda göstərilən inzibati xətanın X7 tərəfindən törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə iş materiallarını, şikayətçinin və səlahiyyətli orqanın nümayəndəsinin izahatlarını araşdıraraq hesab edir ki, X4 şikayəti təmin edilməli, Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsinin xx.xx.2026-cı il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata təqsirliliyi sübuta yetmədiyindən xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti təmin edilsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsi tərəfindən xx.xx.2026-cı il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və təqsirliliyi sübuta yetmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(5-94)-1572/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-1572/2026
25.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver