Məhkəmə qərarları › İş №3(5-94)-1581/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-1581/2026

27.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-1581/2026 27.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə, X1 DİN BDYPİ-nin EQ/31327346 saylı, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh tətbiq edilməsi haqqında qərar ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, DYP əməkdaşı şikayətçinin avtomobilini qanunsuz olaraq cərimə edib. **-GE-*** dövlət qeydiyyat nişanlı "Mercedes Benz E220 CDİ MİNİK" markalı dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sonuncu sürmə hüququ X5 məxsusdur. Cərimə tətbiq edilən gün o özü idarə edib. Səhvən elektron şəkildə cərimə onun adına gəlib. Maşının dayandığı ərazi səki deyil, obyektin önü dayanacaqdır. Ümumiyyətlə həmin Əhməd Cəmil küçəsində səki yoxdur. Küçə tam olaraq sıx ağaclar, kollar və səkiyə qədər artırılıb, hər tərəf obyektdir. Buna görə də piyadalar məcburən yolun kənarı ilə gedir. Təqdim etdiyi videogörüntüdə qeyd etdiklərinin hamısı öz təsdiqini tapır. Bu qərarla bağlı məhkəməyə bundan əvvəl müraciət etmişdir. Qərar ləğv edilərək DYP idarəsinə qaytarılmışdır. Lakin orqan yenidən işə məsuliyyətsiz yanaşaraq qərəzli şəkildə qərarı yenidən qüvvədə saxlamışdır. Daha sonra şikayətçi ərizə ilə məhkəməyə müraciət edərək DİN BDYPİ tərəfindən barəsində qəbul edilmiş xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, avtomobili o idarə etmişdir. Bundan əvvəl polisin qərarından şikayət verilmiş, məhkəmə tərəfindən qərar yenidən araşdırılması üçün səlahiyyətli orqana göndərilsə də, yenidən araşdırma heç bir nəticə verməmiş və eyni məzmunlu qərar qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi və X2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin və X1 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin EQ 31327346 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 xx.xx.2025-ci il tarixində saat 18:51-də "Mercedes Benz E220 CDİ MİNİK" markalı, **- GE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-in 346.9-cu maddəsində nəzərdə tutulan nizamlama vasitələrindən başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və durmasına görə İXMin 346.9-cu maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün 60 manat məbləğində cərimə edilmişdir. Şikayətçi həmin qərardan şikayət vermiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(011)-10608/2025 saylı qərarı ilə şikayət qismən təmin edilmiş, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən EQ 31327346 saylı xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş baxılması üçün həmin quruma göndərilmişdir. DİN BDYPİ-nin EQ/31327346 saylı, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 xx.xx.2025-ci il tarixdə, saat 18:51-də “Mercedes Benz E220 CDİ” minik markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanması və ya durması əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə əsasən 60 manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 346.9-cu maddəsinə əsasən, nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə – altmış manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinin 16-cı bəndinə əsasən səki - yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ayrılmış, piyadaların hərəkəti üçün nəzərdə tutulan hissəsidir; 10-cu maddəsinin İ hissəsinin 2-ci bəndinə əsasən avtomobil yollarının saxlanılması və abadlaşdırılması yol hərəkəti iştirakçılarının tələbatlarının maksimum ödənilməsinə və yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına xidmət etməlidir. Bu məqsədilə avtomobil yollarında nişanlama xətləri çəkilməli, yol nişanları və göstəriciləri (o cümlədən təhlükəli və çətin keçilən sahələri əks etdirən marşrut xəritələri və sxemləri),svetoforlar və yol hərəkəti təşkilinin digər texniki nizamlama vasitələri quraşdırılmalıdır; 52-ci maddəsinin: İ hissəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir; İV hissəsinin 9-cu bəndinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa - səkilərdə dayanma qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibatı xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Məhkəmə qeyd edir ki, inzibati orqan X3 idarə etdiyi nəqliyyat vasitəsinin səkidə dayanması qənaətinə gəlmiş və bununla da sonuncu barəsində İXM-in 346.9-cu maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Lakin qeyd olunmalıdır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən təqdim edilmiş hadisə yerinin fotoşəkillərinə məhkəmə iclasında baxılan zaman bu hal istisna olunur. Belə ki, həmin materiallardan aydın olduğu kimi X3 idarə etdiyi nəqliyyat vasitəsi dayandığı yer (sahə) piyadaların hərəkəti üçün nəzərdə tutulan səki anlayışını özündə ehtiva etmir. Yəni, sözügedən ərazidə bu məqsədilə yol nişanları və göstəriciləri quraşdırılmamışdır. Fotolardan aydın olur ki, X3 idarə etdiyi nəqliyyat vasitəsi saxlanıldığı sahədən əvvəl və sonra piyadaların hərəkəti üçün hissə mövcud deyildir. Belə olduğu təqdirdə piyadaların təhlükəsiz hərəkət etməsi qeyri-mümkündür və bu hal özlüyündə şəxsin İXM-in 346.9-cu maddəsi ilə məsuliyyətini istisna edir. Eyni zamanda, təqdim edilmiş texniki pasportun surətindən görünür ki, **-GE-*** dövlət qeydiyyat nişanlı "Mercedes Benz E220 CDİ MİNİK" markalı dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X4 mülkiyyətindədir. İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən olunmuşdur. Həmin maddədən göründüyü kimi yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi icraat zamanı İXM-in 6-cı maddəsinin (Qanunçuluq prinsipi) də tələbləri pozulmuşdur. Belə ki, həmin maddəyə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 noyabr 2016-cı il tarixli qərarına əsasən cinayətprosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Beləliklə, məhkəmə, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 əməlində İXM-in 346.9-cu maddəsinin əsaslarının mövcud olmaması qənaətinə gəlir. Odur ki, məhkəmə bundan əvvəl aparılmış araşdırma zamanı səlahiyyətli orqan tərəfindən yenidən eyni məzmunlu qərar qəbul edilməsini nəzərə alaraq hesab edir ki, DİN BDYPİ tərəfindən qəbul edilmiş EQ/31327346 saylı, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından X3 verdiyi şikayəti təmin edilməli, barəsində DİN BDYPİ tərəfindən qəbul edilmiş EQ/31327346 saylı, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. DİN BDYPİ tərəfindən qəbul edilmiş EQ/31327346 saylı, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar