Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-1705/2026 04.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Ramazanov Zəfər Akif oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Şikayət verən şəxs X1 iştirakı ilə, Baş Dövlət Yol Polisi İdarəsinin 17 yanvar 2026-cı il tarixli, EQ 33341874 saylı inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Baş Dövlət Yol Polisinin 17 yanvar 2026-cı il tarixli, EQ 33341874 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə inzibati icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 17 yanvar 2026-cı ildə barəmdə AR İXM-nin 346.1-ci maddəsində nəzərdə bundan inzibati xətanın törədilməsinə görə EQ 33341874 nömrəli inzibatı xəta haqqında protokolun tərtib olunması barədə SMS məlumat almışdır. Protokolun tərtibi və onun əsasında qəbul edilmiş inzibati tənbehvermə barədə qərar qanunsuz olduğundan həmin gün elektron qaydada şikayət etmişdir. Lakin bu günədək şikayətə baxılmasının nəticəsi barədə məlumat verilmədiyindən, hüquqlarının müdafiəsi məqsədilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Aşağıdakılara əsasən, 17 yanvar 2026-cı ildə onun barəsində elektron qaydada qəbul edilmiş inzibati tənbehvermə barədə qərar əsassız və qanunsuzdur: Belə ki, AR İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə istinad olunan elektron protokola əlavə edilmiş fotoşəkillərin çəkildiyi yer Nizami rayonu, 8 km bazarının yaxınlığında yaşayış məhəlləsidir və orada dayanma və durmanı qadağan edən nişan və ya məlumat yoxdur və "Yol hərəkəti haqqında" AR Qanununun 52-ci maddəsinin İV hissəsində sadalanan dayanma və durmanın qadağan edildiyi yerlərə aid deyil. Nəzərə almaq lazımdır ki, nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədədayanmasına və durmasına icazə verilir. Habelə, protokola əlavə olunan fotoşəkillərdən görünür ki, sürücü maşında əyləşmişdir və nəqliyyat vasitəsi hərəkət halındadır, deməli əlavə olunan fotoşəkillər dayanma və ya durma halını əks etdirmir. Bu faktlar fotoşəkillərin qərəzli olaraq çəkildiyini, istinad olunan inzibati xəta tərkibinin olmadığı qənaətinə gəlməyə əsas verir. Əlavə olunan fotoşəkillər İXM-nin tələblərinə müvafiq qeydə alınmış fotoşəkillər deyil. Belə ki, İXM-nin 100.5.8-ci maddəsinə əsasən, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar protokolda öz əksini tapmalıdır. Lakin bu məlumatlar nə elektron protokolda, nə də əlavə olunmuş fotoşəkillərdə öz əksini tapmadığından, həmin fotoşəkillər inzibati xəta haqqında iş üzrə icraatda mötəbər hesab oluna və istinad oluna bilməz. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 şikayətin məzmununa uyğun izahat verərək təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Baş Dövlət Yol Polisi İdarəsi nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş 17 yanvar 2026-cı il tarixli, EQ 33341874 saylı inzibati tənbeh verilməsi barədə qərardan görünür ki, X2 xx.xx.2026-cı il tarixdə saat 09:09-da Nizami rayonu, 8-ci km bazarında “KİA SORENTO minik” markalı **- GL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən durma qaydalarını pozmağa görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 20 manat inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iclasında iş materiallarında olan fotoşəkillərə baxış keçirilmiş, lakin X2 tərəfindən inzibati xətanın törədilməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 346.1-ci maddəsinə əsasən, bu Məcəllənin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə – iyirmi manat məbləğində cərimə edilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda sadalanan normaların tələblərindən göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş 17 yanvar 2026-cı il tarixli, EQ 33341874 saylı qərara əsasən X1 xx.xx.2026-cı il tarixdə saat 09:09-da Nizami rayonu, 8-ci km bazarında “KİA SORENTO minik” markalı **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən durma qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 20 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalıdır. Məhkəmə iclasında təqdim edilmiş fotoşəkillərə baxış keçirilməklə də inzibati xəta haqqında protokolda qeyd edilən pozuntuları müəyyən etmək (təkzib və ya təsdiq etmək) mümkün deyildir. Belə olan halda məhkəmə hesab edir ki, X1 barəsində 17 yanvar 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, X1 xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X1 iştirakı ilə şikayət ərizəsində göstərilən dəlillər hərtərəfli, tam və obyektiv surətdə araşdırılmalı, şikayətin dəlillərinin əsaslı və ya əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Baş Dövlət Yol Polisi İdarəsinin 17 yanvar 2026-cı il tarixli, EQ 33341874 saylı inzibati tənbeh verilməsi barədə elektron qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X2 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. İnzibati xəta haqqında Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul olunmuş 17 yanvar 2026-cı il tarixli, EQ 33341874 saylı inzibati tənbeh verilməsi barədə qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qalan hissədə şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zəfər Ramazanov
Məhkəmə qərarları › İş №3(5-94)-1705/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-1705/2026
04.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver