Məhkəmə qərarları › İş №3(5-94)-1777/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-1777/2026

24.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-1777/2026 24.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Orxan Arzuxan oğlunun sədrliyi, Qurbanova Nuranə Rauf qızının katibliyi, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakı ilə, xx xxxxx 1991-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Ağdam rayonu, Ağdam şəhəri, Ağdamkənd yaşayış sahəsində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Xətai Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarında narkotik vasitə istehlak etmiş və keçirilmiş tibbi müayinə zamanı onun narkotik vasitədən istifadə etməsi aşkar edilmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X2 tərəfindən 24 fevral 2026-cı il tarixdə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında MN seriyalı ******* nömrəli protokol tərtib edilərək, baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin sahə inspektoru X2 göstərdi ki, 22 fevral 2026ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsində Şəxs narkotik vasitə istifadə etdiyinə dair əsaslı şübhələr yarandığı üçün Xətai RPİ-nin 36-cı PB-nə gətirilmişdir. Daha sonra Şəxs narkotik vasitədən istifadə etdiyini səmimi şəkildə qəbul etmişdir. Narkotik vasitəsinin istifadəsində şübhəli bilindiyindən müayinə üçün ambulator məcburi-narkoloji yoxlamaya aparılmışdır. Nəticədə Şəxs narkotik istifadəçisi olduğu və narkomaniya xəstəliyindən əziyyət çəkdiyi aşkar edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 23 fevral 2026-cı il tarixdə spirtli içkinin təsiri altında marixuana narkotik vasitəsindən istifadə etmişdir. Hazırda törətdiyi əməldən peşmandır və bir daha belə hala yol verməyəcəkdir. Himayəsində beş azyaşlı uşağı olmasını nəzərə alaraq, məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206cı maddəsi ilə təqsirli olması tam sübuta yetirilir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs inzibati qaydada tutulmuşdur. İş materiallarında olan xx.xx.2026-cı il tarixli raportdan görünür ki, Şəxs 24 fevral 2026cı il tarixdə, saat 01:40-da saxlanılaraq 36-cı PŞ-ə dəvət olunmuşdur. İş materiallarında olan Narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi barədə 24 fevral 2026-cı il tarixli 1535 №-li Ambulator məcburi –Narkoloji tibbi yoxlamadan görünür ki, müayinə nəticəsində Şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunmuşdur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, xx.xx.2022-ci il tarixdən Ağdam rayon Mərkəzi Xəstəxanasında F12.2 diaqnozu ilə dispanser qeydiyyatındadır. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən, Şəxs törətdiyi inzibati xətanı səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, onun İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini, xüsusilə şəxsin narkotik vasitəni istifadə etdikdən sonra yenidən üzərində az miqdarda narkotik vasitə daşımasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. AR İXM-nin 89.5-ci maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 noyabr 2016-cı il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair qərarında qeyd edilmişdir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə əsasən, şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Belə olan halda, məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh kimi tətbiq edilmiş həbsin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni, şübhəli şəxs qismində tutulduğu 24 fevral 2026-cı il saat 01:40-dan hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. Odur ki, Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, xx.xx.2022-ci il tarixdən Ağdam rayon Mərkəzi Xəstəxanasında F12.2 diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınmalıdır. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini və onun İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 24 fevral 2026-cı il tarixdən, saat 01:40-dan hesablansın. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin, onun dispanser qeydiyyatında olması nəzərə alınsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması mərkəzinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Orxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar