Məhkəmə qərarları › İş №3(5-94)-1781/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-1781/2026

05.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-1781/2026 05.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Rəşidov Xəzər Araz oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin xx.xx.2026-cı il tarixli, TP ******* saylı İnzibati xəta haqqında iş üzrə qərarını ləğv edərək, inzibati xəta iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2026-cı il tarixdə ona məxsus olan “Honda İnsight minik” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobili Məhəmməd Hadi küçəsində hərəkətdə olduğu zaman Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılmışdır. Avtomobilin saxlanılması zamanı o, avtomobili yolun hərəkətisiz hissəsinə sağa çəkərək dayandırmışdır. YPX əməkdaşının tələblərinə əməl etmiş, lakin avtomobildə LED işıqların olması əsas gətirilərək avtomobil cərimə meydançasına aparılmışdır. O nasazlığı yerində aradan qaldıra biləcəyini bildirsə də, əməkdaş nasazlığın yalnız duracaqda aradan qaldırıla biləcəyini demişdir. O avtomobili piyadalara mane olmayacaq yerdə saxlamışdır, buna baxmayaraq barəsində qanunsuz protokol tərtib edilmişdir. O, hesab edir ki, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol, eləcə də onun əsasında çıxarılmış qərar qanunsuzdur. Ona görə də, barəsində qəbul olunmuş xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərar tamamilə ləğv olunmalı və barəsində aparılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Məhkəmə iclasında şikayətçi X3 şikayət ərizəsində göstərdiyi xüsusatları təsdiqləyərək, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, inzibati icraatın aparılmasında onun iştirakı təmin edilməmiş, inzibati xətanın onun təqsiri ucbatından törədilməsini təsdiqləyən sübutlar təqdim edilməmiş, həmçinin məhkəmə qərarında qeyd olunan hallar səlahiyyətli orqan tərəfindən araşdırılmamışdır. Verilmiş suallara cavab olaraq o qeyd etmişdir ki, DYP əməkdaşları onu saxlayan zaman o səkidə avtomobil saxlamamışdır. Onun saxladığı yer Klinika qarşısında olan avtomoili saxlama yeri olmuşdur və ümumiyyətlə onun avtomobili həmin yerdə saxlama səbəbi DYP əməkdaşlarının saxla əmrinə tabe olması olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Polis X2 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, X1 xx.xx.2026-cı il tarixdə “Honda İnsight minik” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə səkidə dayanması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 346.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 60 (altmış) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 346.9-cu maddəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə – altmış manat məbləğində cərimə edilir. Qeyd: Şəxs bu Məcəllənin 346.1, 346.2, 346.4–346.9 və ya 346-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməyə fasiləsiz davam edirsə, həmin inzibati xətanın törədilməsinə görə gün ərzində təkrar inzibati məsuliyyətə cəlb oluna bilməz. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında xx.xx.2026-cı il tarixli, TP ******* saylı qərarla X1 Azərbaycan Respublikası İXM-nin 346.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir. Məhkəmə iclasında şikayətçi X3 şikayət ərizəsində göstərdiyi xüsusatları təsdiqləyərək, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, inzibati icraatın aparılmasında onun iştirakı təmin edilməmiş, inzibati xətanın onun təqsiri ucbatından törədilməsini təsdiqləyən sübutlar təqdim edilməmiş, həmçinin məhkəmə qərarında qeyd olunan hallar səlahiyyətli orqan tərəfindən araşdırılmamışdır. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2026-cı il tarixli, TP ******* saylı qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X3 barəsində qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməli Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin edilsin. X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar