Məhkəmə qərarları › İş №3(5-94)-1786/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-1786/2026

04.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-1786/2026 04.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əlizadə Orxan Arzuxan oğlunun sədrliyi, Qurbanova Nuranə Rauf qızının katibliyi ilə, Hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi" barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi"-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol baxılması üçün göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resusları Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş 13000-00285/26 saylı, 20 fevral 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi" (VÖEN: **********) xx.xx.2026-cı il tarixində Gürcüstan Respublikasından hüquqi ŞƏXS Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi"-nin ünvanına göndərilən mallar xx.xx.2026-cı il tarixində **********0501 sorğu nömrəli gömrük bəyannaməsi ilə Baş İdarədə rəsmiləşdirilmişdir. Lakin, sözügedən bəyannamə üzrə idxal edilmiş mala dair gömrük orqanına elektron formada verilməli olan qısa idxal bəyannaməsi mal Azərbaycan Respublikasının gömrük sərhədinə çatmazdan əvvəl təqdim edilməmişdir. Gömrük Xidmətinin Vahid X1 informasiya resursuna baxış keçirilmiş və müəyyən olunmuşdur ki, hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi"-nin ünvanına gələn "Avtobenzin A-98" adlı yük xx.xx.2026-cı il tarixində saat 14:28-də "Böyük Kəsik" gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuş, lakin qeyd edilən yük gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada verilməli olan qısa idxal bəyannaməsi vaxtında təqdim edilməmişdir. **********0501 sorğu nömrəli gömrük bəyannaməsinin 40-cıqrafasının boş qalmasından da bu fakt aydın görünür.Şirkət tərəfindən təqdim olunan **********9340 nömrəli qısa idxal bəyannaməsi yük gömrük sərhəddini keçdikdən sonra, yəni xx.xx.2026-cı il tarixində saat 15:57-də təsdiq olunmuşdur. İnzibati protokolu tərtib etmiş səlahiyyətli orqananın və barəsində inzibati qaydada protokol tərtib edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi"-nin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir, Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: xx.xx.2026-cı il tarixli gömrük bəyannaməsindən görünür ki, xx.xx.2026-cı il tarixində Gürcüstan Respublikasından hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi"-nin ünvanına göndərilən mallar üçün **********0501 sorğu nömrəli gömrük bəyannaməsi tərtib edilmişdir və 40-cı qrafa boş buraxılmışdır. Gömrük xidmətinin vahid X1ndən görünür ki, qısa idxal bəyannaməsi nəqliyyat vasitəsinin ölkəyə girişindən 1 saatdan az müddət əvvəldən yazıldığı üçün qəbul edilməmişdir. Nəqliyyat vasitəsi xx.xx.2026-cı il tarixdə, saat 14:28:14-də buraxılmışdır. Gömrük bəyannaməsi üzrə elektron çıxarışdan görünür ki, qısa idxal bəyannaməsi yük gömrük sərhəddini keçdikdən sonra, yəni, xx.xx.2026-cı il tarixində, saat 15:57:33-də göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. AR Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən, fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Malların və nəqliyyat vasitələrin gömrük sərhəddindən keçirilməsi üçün “Yaşıl dəhliz” və “digər buraxılış sistemlərində istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 920 saylı, 21 may 2016-cı il tarixli fərmanının 2.2 bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Məhkəmə inzibati xəta haqqında material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi" tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi"-nin ünvanına göndərilən yüklər “Böyük Kəsik” gömrük postundan 03 fevral 2026-cı il, saat 14:28-də keçmiş, lakin, qısa idxal bəyannaməsi 03 fevral 2025-ci il tarixdə, saat 15:57-də təqdim edilmişdir. Məhkəmə tərəfindən hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyə edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi" (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi" (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi və ya verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar