Məhkəmə qərarları › İş №3(5-94)-1789/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-1789/2026

05.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-1789/2026 05.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Rəşidov Xəzər Araz oğlunun katibliyi ilə, şikayətçi "xxxx" MMC-nin direktoru X3 iştirakları ilə, "xxxx" MMC-nin direktoru X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsinin 10 fevral 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: "xxxx" MMC-nin direktoru X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən çıxarılan MN ******* nömrəli, 10 fevral 2026-et il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X1 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin qanuni təmsilçisi və direktorudur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onun barəsində MN ******* nömrəli, 10 fevral 2026-cı il tarixli inzibati xəta haqqında qərar qəbul etmişdir. Həmin Qərarda qeyd olunmuşdur ki, X5 "xxxx" MMC-nin işçisi X4 xx.xx.2025-ci il tarixində xəsarət alması ilə nəticələnmiş bəxbəxt hadisənin baş verərkən həmin tarixdə əməkdaş barədə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanması müəyyən olunmamışdır. Bu əsasla İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsinə uyğun olaraq MN ******* nömrəli, 10 fevral 2026-cı il tarixli inzibati tənbeh qərarı qəbul edilmişdir. Qərar 14 fevral 2026-cı il tarixində əldə edilmişdir. Lakin qeyd olunan maddə də göstərilmişdir ki, “İstehsalda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə cərimə ödəməlidir. Lakin bu hal baş verməmişdir. Belə ki, işçinin işə qəbul edildiyi gün icbari sığorta müqaviləsinin bağlanması üçün müraciət edilmişdir. Sığorta müqaviləsinin rəsmiləşdirilməsi elektron inteqrasiya prosedurundan asılı olmuş və sistemin 24 saatlıq texniki emal müddəti səbəbindən müqavilənin dərhal aktivləşməsi mümkün olmamışdır. Növbəti günlər həftəsonuna düşdüyü və qeyri iş günləri olduğundan müqavilənin yalnız növbəti ilk iş günü xx.xx.2025-ci il tarixində “Pasha Life” sığortaya inteqrasiyası tamamlanaraq, xx.xx.2025-ci il tarixindən sığorta müqaviləsi rəsmi təsdiq edilmişdir. Sistemin inteqrasiya müddəti və sığorta müqaviləsinin surəti tanış olmanız üçün qoşmaya əlavə edilir. Bundan əlavə, sığorta qeyd olunan tarixdə baş vermiş bədbəxt hadisəyə görə ödənişi qarşılayır. Bütün bunlardan əlavə, şirkətin dəyərlərinə sahib çıxaraq, zərərçəkmiş əməkdaş X2 bütün zəruri tibbi xərclərinin qarşılanmasını tam şəkildə təmin etmişdir. Müəssisə tərəfindən zəruri tibbi xərclərlə bağlı ödənişi təsdiq edən sənədlər qoşmaya əlavə edilir. Baş verən qəzadan əvvəl işçiyə bütün prosedurlar və təhlükəsizlik qaydaları və eyni zamanda təhlükəsizlik vasitələrindən istifadə qaydası və təminatların olması əvvəlcədən izah edilmişdir, işçinin xx.xx.2025-ci il tarixli təhqiqat aktında da qeyd olunan faktı təsdiq etdiyi göstərilmişdir. Lakin X6 Xidmətinə qeyd olunan faktlar barədə məlumat verilməsinə baxmayaraq yuxarıda qeyd olunanlar nəzərə alınmayaraq, inzibati tənbeh qərarı qəbul edilmişdir. X6 tərəfindən nəzərə alınmamışdır ki, icbari sığorta müqaviləsi bağlanmamış deyil, müqavilənin bağlanması üçün müraciət edilmiş, lakin ondan asılı olmayan texniki inteqrasiya səbəbindən proses qısa müddətə gecikmişdir. Buna baxmayaraq, sığorta münasibətləri faktiki olaraq formalaşmış və bədbəxt hadisənin baş verdiyi gün üçün sığorta təminatının həyata keçirilməsi razılaşdırılmışdır. Belə olan halda “icbari sığorta müqaviləsinin bağlanmama” faktı mövcud deyil. Beləliklə, X6 Xidmətinin Bakı idarəsi tərəfindən tərtib edilmiş inzibati tənbeh etmə haqqında qərar əsassız olmaqla xitam verilməlidir. Tərəflərindən qanunvericiliyin bütün tələblərinə tam şəkildə əməl olunmuşdur. Məhkəmə iclasında "xxxx" MMC-nin direktoru X5 şikayət ərizəsində göstərilən xüsusatlara uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş qərar əsassızdır. Belə ki, qeyd olunan işdə inzibati xəta tərkibi yoxdur və tərəfindən İXM-nin 469-1-ci maddəsinin tərkibini yaradan heç bir əməl törədilməmişdir. İşçi ilə əmək müqaviləsi həftənin 5-ci günü rəsmiləşdirilmiş, lakin sistemdə texniki problem olduğundan sistemə daxil edilə bilməmişdir. Barəsində protokol tərtib edilən zaman artıq sığorta müqaviləsi bağlanmışdı. Həmçinin şirkət tərəfindən işçinin bütün xərcləri qarşılanmışdır. Direktoru olduğu hüquqi şəxs tərəfindən "xxxx" ASC ilə sığorta müqaviləsi bağlanmışdır. Beləliklə, göstərilənlərə əsasən o, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsinin rəis müavini X8 tərəfindən tərtib olunmuş 10 fevral 2026cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" MMC-nin işçisi X2 xx.xx.2025-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxst hadisənin təhqiqatı zamanı müəyyən edilmişdir ki, hüquqi şəxsin direktoru X5 tərəfindən işçilərin istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin edilmədiyindən Azərbaycan Respublikası İXM-nin 469-1-ci maddəsində nəzərdə tutulan əməli törətmiş və barəsində 1500 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Məhkəməyə təqdim olunmuş "xxxx" ASC "xxxx" ASC tərəfindən verilmiş ödəniş tapşırıqlarından görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixdə 1290.42 manat və 7169 manat "xxxx" MMC-nin, xx.xx.2025-ci il tarixdə 743.63 manat "xxxx" ASC-nin, xx.xx.2026-cı il tarixdə 400 manat "xxxx" MMC-nin xeyrinə ödənilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş ödəniş qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən istehsalatda bədbəxt hadisələrin sığortalanması üçün 12.56 manat ödəniş edilmişdir; "xxxx" MMC ilə "xxxx" ASC ilə bağlanmış xx.xx.2025-ci il tarixli istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinə əlavədən görünür ki, hüquqi şəxs tərəfindən ümumilikdə 15.58 manat məbləğində ödəniş edilmişdir; Elektron portaldan əldə olunmuş fotoşəkildən görünür ki, işçi işə qəbul edilən zaman "xxxx" MMC tərəfindən sistemə daxil olmaqda məhdudiyyətlər olmuş, məhdudiyyət səbəbi məlumat bazasının təkmilləşdirilməsi olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 469-1-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə – vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Qeyd: Şəxs bu maddədə nəzərdə tutulmuş inzibati xətaya görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində xeyrinə icbari sığorta müqaviləsi bağlanmalı olan şəxsin icbari sığortalanmasını təmin etməlidir. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında 10 fevral 2026-cı il tarixli, MN seriyalı ******* saylı qərara əsasən "xxxx" MMCnin direktoru X5 tərəfindən işçilərin istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasının təmin edilməməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 469-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 1500 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə iclasında barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş qərar əsassızdır. Belə ki, qeyd olunan işdə inzibati xəta tərkibi yoxdur və tərəfindən İXMnin 469-1-ci maddəsinin tərkibini yaradan heç bir əməl törədilməmişdir. İşçi ilə əmək müqaviləsi həftənin 5-ci günü rəsmiləşdirilmiş, lakin sistemdə texniki problem olduğundan sistemə lazımi sənədlər daxil edilə bilməmişdir. Barəsində protokol tərtib edilən zaman artıq sığorta müqaviləsi bağlanmışdı. Həmçinin, şikayətçi tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş elektron sistemdən əldə olunmuş fotoşəkildən göründüyü kimi işçi işə qəbul edilən zaman "xxxx" MMC tərəfindən sistemə daxil olmaqda məhdudiyyətlər olmuş, məhdudiyyət səbəbi məlumat bazasının təkmilləşdirilməsi olmuşdur. Göründüyü kimi icbari sığortalanma hüquqi şəxsin təqsirli hərəkətləri nəticəsində deyil, məlumat bazasının yenilənməsi, bunun nəticəsində də elektron sistemin çalışmaması olmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X5 tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərindən göründüyü kimi işçilərin istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmaları təmin edilmiş və müvafiq sığorta ödənişi edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən hər hansı şəxsin əməlində inzibati xəta tərkibi yoxdursa başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" MMC-nin direktoru X3 əməlində inzibati xəta tərkibi olmadığından səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 10 fevral 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 10 fevral 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar