Məhkəmə qərarları › İş №3(5-94)-1791/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-1791/2026

04.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-1791/2026 04.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Orxan Arzuxan oğlunun sədrliyi, Qurbanova Nuranə Rauf qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan X3 tərəfindən Bakı şəhər X6 İdarəsinin 27 yanvar 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-nin xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində qanunsuz olaraq inzibati xəta iş üzrə icraat aparılmış, xx.xx.2026-ci il tarixli, İXP7743416 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və onun əsasında isə xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Həmin mövcud olmayan inzibati xəta azı 50 metr (sutkanın qaranlıq vaxtında) məsafədə dayanmış yol polisi inspektoru tərəfindən guya aşkar olunmuş və iki həftə keçdikdən sonra, iştirakı olmadan, hər hansı bir sübut təqdim edilmədən barəsində BŞDYPİ-nin polis kapitanı Z.Tağıyev tərəfindən xx.xx.2026-cı il tarixli TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Həmin qərara əsasən xx.xx.2026-cı il tarixdə, saat 18:44-də özünə məxsus “Chevrolet Equinox” markalı, **-EH-*** d.q.n. avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospektində (qərara əsasən, əslində isə Təhsil Nazirlyinin yaxınlığında) nizamlanan yol ayrıcını keçdiyi zaman guya svetoforun qadağan edici işığı verilərkən hərəkət etdiyini aşkar edilmiş və bununla əlaqədar olaraq AR İXM-nin 327.2-ci maddəsinin tələblərini pozduğuna görə barəsində qanunsuz hesab etdiyi qərar qəbul olunmuşdur. Həmin qərara görə 3 cərimə balı tətbiq edilməklə 100 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, hər hansı bir inzibati xətaya yol verməmiş və barəsində AR İXM-nin 327.2-ci maddəsi ilə tənbeh olunması üçün hər hansı bir əsas və sübut da yoxdur. Hər hansı bir texniki vasitəylə qeydə alınmış qanun pozuntusu (yəni, işıqforun qadağan işığına keçməsi halı) təqdim edilməmişdir. Halbuki, hər hansı bir qanunpozuntsuna yol verməmişdir və tam əminliklə bildirir ki, barəsində qanunusuz olaraq (yəni, hər hansı bir əsas olmadan) inzibati xəta haqqında iş üzrə qərar qəbul olunmuşdur. Odur ki, BŞDYPİ-nin polis kapitanı Z.Tağıyevin TP ******* seriyalı xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarını ləğv edərək, inzibati xəta iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 14 fevral 2026-cı il tarixli vəsatət təqdim edərək, barəsində qəbul olunmuş TP ******* nömrəli xx.xx.2026-cı il tarixli inzibati tənbehvermə haqqında qərardan verdiyi şikayətə Xətai Rayon Məhkəməsində mahiyyəti üzrə baxılması üçün müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmiş, vəsatət təmin edilmişdir. Qərardan şikayət vermiş şəxs X3 məhkəmə iclasında iştirak edərək, şikayət ərizəsini müdafiə etmiş, qərarın ləğv edilərək, icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Bakı şəhər X6 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı şəhər X6 İdarəsi tərəfindən inzibati xəta haqqında protokolun tərtib edildiyi vaxt qeydə alınmış videogörüntü məhkəməyə təqdim edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X6 İdarəsinin xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarından görünür ki, X3 xx.xx.2026-cı il tarixdə saat 18:44-də Bakı şəhəri, Nəsimi rayonu ərazisində «CHEVROLET EQUİNOX» minik markalı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir. X1 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Bakı şəhər X6 İdarəsi tərəfindən inzibati xəta haqqında protokolun tərtib edildiyi vaxt qeydə alınmış videogörüntüdən görünür ki, X2 AR İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 327.2-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Bakı şəhər X6 İdarəsi tərəfindən təqdim edilən inzibati xəta haqqında protokolun tərtib edildiyi vaxt qeydə alınmış videogörüntüyə əsasən, X2 idarə etdiyi «CHEVROLET EQUİNOX» minik markalı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilin svetaforun qadağanedici işığı verilən zamanı yolayrıcını keçməsi halı onunla sübuta yetirilir ki, avtomobilin hərəkət etdiyi zolağın qarşısında olan piyada keçidi üçün svetaforun “yaşıl işıq” siqnalı verilən zaman «CHEVROLET EQUİNOX» minik markalı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilin yolayrıcını keçdiyi müşahidə olunur. Yol hərəkəti haqqında AR Qanununun 1-ci maddəsinin 12-ci bəndinə əsasən, nizamlanan yolayrıcı – hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyənləşdirilən yolayrıcıdır. Həmin Qanunun 60-cı maddəsinin İ və İİ hissəsinə əsasən, svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir. Svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stopxətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar. Qanunun 75-ci maddəsinin İİİ hissəsinə əsasən, hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyən edilən yolayrıcı nizamlanan hesab edilir. Məhkəməyə təqdim edilmiş videogörüntüdə «CHEVROLET EQUİNOX» minik markalı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət istiqaməti ilə hərəkət növbəliliyi olan piyada zolağı üçün svetaforun “yaşıl” bölməsinin işığının yanmasından sonra qeyd edilən avtomobilin yolayrıcını keçməsi aydın görünür. Hərəkət növbəliliyi müəyyən edilmiş yolayrıcında bir hərəkət hissəsi üçün hərəkətə icazə verən işıq siqnalının verilməsinin digər istiqamət üçün hərəkəti qadağan etməsi məlumdur. AR İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, X2 «CHEVROLET EQUİNOX» minik markalı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman AR İXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilir. Beləliklə, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilmədiyindən və həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X3 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı şəhər X6 İdarəsinin xx.xx.2026-cı il tarixli, TP7795366 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhər X6 İdarəsinin xx.xx.2026-cı il tarixli, TP7795366 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Orxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar