Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-1839/2026 11.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Orxan Arzuxan oğlunun sədrliyi, Əhmədov Heydər Əli oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan X4 tərəfindən AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ/30521404 nömrəli, 17 fevral 2026-cı il tarixli İnzibati tənbeh vermə haqqında qərarından şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən EQ/ 30521404 nömrəli, 27 yanvar 2026-cı il tarixli İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2026-cı il tarixdə, idarə etdiyi **-SU-*** dövlət nişanlı Kia markalı avtomobilinə aid qayda pozuntusu ilə bağlı asanpay sms vasitəsi ilə telefonuna xəbərdarlıq gəlmişdir. İXM-in 327.2-ci maddəsi ilə cərimələnmişdir. Protokolla tanış olmaq üçün asan kabinetinə daxil olmuş, və protokolun kobud şəkildə və prosessual qaydaların pozulması ilə tərtib olunduğunu görmüşdür. Belə ki, qayda pozuntusunun videogörüntüləri qeydə alınmadan, qayda pozuntusunun dəqiq ünvanı məlum olmadan, şəkillər metrolojı sınaqdan keçmiş xüsusi texniki vasitə ilə qeydə alınmadan, TŞ kameralardan istifadə olunmuşdur. Bu o deməkdir ki hadisə yerindən bir neçə kilometr uzaqlıqda, monitorun önündə əyləşən əməkdaşın, informasiya sisteminə inteqrasiya olunmamış, xüsusi texniki vasitəsi olmadan TŞ kameralara müşahidə edərkən hadisəyə bilavasitə müşahidə etmədən və vəziyyəti tam obyektiv giymətləndirməyə imkanı olmadan, elektron protokola şəkilləri əlavə etməklə qərar qəbul etməsi qanuna ziddir. Göstərilənləri nəzərə alaraq barəsində tərtib edilmiş xx.xx.2026-ci il tarixli EQ/ 30521404 saylı qərar ləğv edilərək işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə zalında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş X3 çıxışı zamanı bildimişdir ki, adıkeçən cərimənin törədildiyi yerdə svetaforun ışıqları işlək vəziyyətə olmamışdır, svetaforun işığı daimi şəkildə yanılı vəziyyətdə qalmışdır. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eləcə də, AR DİN Baş Dövlət Yol Polisi İdarəsinə inzibati tənbeh vermə haqqında qərara dair videogörüntünün məhkəməyə təqdim edilməsinə dair sorğu göndərilsə də, videogörüntü təqdim edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Eyni zamanda, X3 tərəfindən şikayət verilməsi müddətinin bərpa olunmasına dair vəsatət verilmiş və vəsatət təmin edilərək müddət bərpa olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X3 tərəfindən BDYPİ-nin xx.xx.2025-ci il tarixli, TP30521404 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətə Bakı şəhəri Xətai rayon Məhkəməsində baxılmış, məhkəmənin xx.xx.2025-ci il tarixli, 3(011)-10349/2025 saylı qərarına əsasən, X1 şikayəti qismən təmin edilmiş, xx.xx.2025-ci il tarixli, TP30521404 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, iş yenidən baxılması üçün səlahiyyətli orqana qaytarılmışdır. İşə yenidən baxılması nəticəsində qəbul olunmuş DİN Baş Dövlət Yol Polisi İdarəsinin 27 yanvar 2026-ci il tarixli EQ/30521404 nömrəli İnzibati tənbeh vermə haqqında elektron qərarından görünür ki, X4 idarə etdiyi nəqliyyat vasitəsi ilə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirdiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 327.2-ci maddəsinə əsasən, Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda sadalanan normaların tələblərindən göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 134.1.3-cü maddəsinə əsasən, həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulan hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul olunur. 135.1.5-1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Göründüyü kimi, məhkəmə tərəfindən müraciət olunsa da, səlahiyyətli orqan tərəfindən hadisənin baş verdiyi yerin videogörüntüləri təqdim edilməmiş, eyni zamanda, məhkəmə tərəfindən ilk dəfə qərar ləğv edilərək, yenidən araşdırılma üçün iş qaytarıldıqdan sonra da natamam sübutlar əsasında eyni qərar qəbul edilmişdir. Belə olan halda, şikayət vermiş şəxsin qeyd etdiyi svetaforun nasaz vəziyyətdə olması, bir işıq siqnalının daimi olaraq yanılı vəziyyətdə qalması ilə bağlı qeyd etdiyi xüsusatları təkzib edə biləcək hər hansı mötəbər sübut müəyyən edilmir. Halbuki, İXM-in 8.2, 8.3-cü maddələrinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Eyni zamanda, AR İXM-in 61.1.8-ci maddəsinə əsasən, inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqlarından biridir. Lakin, inzibati xəta hadisəsinin baş verdiyi yerin videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altında olmasına baxmayaraq (hadisə barədə fotoşəkillərin olması bunu deməyə əsas verir) hadisəyə dair videogörüntülərin təqdim edilməməsi şübhələri aradan qaldırmağa imkan vermir. Göstərilənlərə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələrin onun xeyrinə həll edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin 27 yanvar 2026-cı il tarixli, EQ/30521404 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 tərəfindən verilmiş şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin 27 yanvar 2026-cı il tarixli, EQ/30521404 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Əlizadə
Məhkəmə qərarları › İş №3(5-94)-1839/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-1839/2026
11.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver