Məhkəmə qərarları › İş №3(5-94)-1969/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-1969/2026

13.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-1969/2026 13.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Rəşidov Xəzər Araz oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş 02 mart 2026-cı il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1056/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən "xxxx" MMC-dən tələbkar X2 ödənilməmiş 2 aylıq əməkhaqqı və 21 gün məzuniyyət pulu tutulmalıdır. Lakin şirkətin rəhbəri Şəxs borcunu tam olaraq ödəməmiş və icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməmişdir. Beləliklə göstərilənlərə əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X7 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu şirkətə yazılı xəbərdarlıq edilərək qətnamələrin icrası tələb olunmuşdur. Borclu, "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarlarının icrasını tam təmin etməmiş, icra sənədlərinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Hacıyev X4 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, üzərimdə olan öhdəliyi inkar etmir, Lakin həmin öhdəliyin tam həcmdə və birdəfəlik icra olunmaması onun tərəfindən qəsdən, qərəzli və ya icradan yayınma kimi qiymətləndirilə bilməz. Barəsində aparılan icra tədbirlərinə münasibətdə onun davranışı borcdan yayınma deyil, obyektiv maliyyə çətinlikləri şəraitində öhdəliyin mərhələli qaydada yerinə yetirilməsinə yönəlmiş real və davamlı iradənin ifadəsi olmuşdur. Barəsində müxtəlif icra şöbələrində, o cümlədən Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsində bir neçə tələbkarın xeyrinə icra vərəqələri mövcuddur. Yəni, söhbət tək bir icra işindən yox, 8-9 tələbkarın işi üzrə paralel icra olunan icra vərəqələrindən gedir və o, bütün bu işlər üzrə ödəniş etməlidir. O, hər ay imkanı çatdığı qədər həmin icra işləri üzrə mütəmadi olaraq ödənişlər edir. Belə ki, o hər ay icra sənədləri üzrə imkanı daxilində mütəmadi ödənişlər etmiş və həmin ödəniş qəbzlərinin surətlərini Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinin rəisinə təqdim edərək (göndərərək) icra orqanını hər dəfə məlumatlandırmışdır. Həmin ödəniş qəbzlərini də təqdim edir. Buna görə də onun icra orqanını məlumatlandırmadığı və ya icradan yayındığı barədə nəticə işin faktiki hallarına uyğun deyildir. O, icraatda olan bir neçə işin birləşdirilməsi barədə də yazılı müraciət etmişdir. Məqsədi öhdəliklərdən yayınmaq deyil, mövcud real maliyyə imkanları çərçivəsində bütün öhdəlikləri mərhələli və bərabər əsaslarla icra etmək olmuşdur. Maddi vəziyyəti obyektiv olaraq ağırdır. Şirkətin fəaliyyəti dayanmış, sabit gəlir formalaşmamışdır. Şəxsi aylıq gəliri məhduddur. O, üç övlad atasıdır, övladları təhsil alırlar və onların saxlanılması ilə bağlı xərclər onun üzərindədir. Eyni zamanda atası X3 ciddi xəstəlikləri mövcuddur və onun müalicə xərclərinin də əhəmiyyətli hissəsi onun üzərinə düşür. Bundan başqa, yaşayış evi girovdadır və həmin əmlakla bağlı da ciddi maliyyə riski mövcuddur. Bu maliyyə yükünün formalaşmasının səbəblərindən biri də vaxtilə əməkdaşların əməkhaqlarının ödənilməsi və onların sosial vəziyyətinin daha da ağırlaşmaması üçün üzərimə əlavə maliyyə öhdəlikləri götürməsi olmuşdur. Şəxsi aylıq gəliri təxminən 600 manat təşkil etsə də, təqdim olunan qəbzlərdən göründüyü kimi, tərəfindən icra sənədləri üzrə aylıq 300 manat ətrafı ödənişlər edilmişdir. Bu fakt onun öhdəliyin icrasından qəsdən yayınmadığını, əksinə, məhdud maliyyə imkanlarıma baxmayaraq, borcun mərhələli qaydada ödənilməsi üçün real və davamlı səy göstərdiyini təsdiq edir. Əgər məqsədi icradan yayınmaq olsaydı, ümumiyyətlə ödəniş etməz, icra orqanına müraciət etməz, qəbzləri təqdim etməz və maddi vəziyyətini izah edən sənədləri göndərməzdi. Həmçinin bildirir ki, o, icra orqanından gizlənməmiş və çağırışlardan qəsdən yayınmamışdır. Sağlamlıq vəziyyətilə bağlı müəyyən tarixdə dərhal gələ bilmədiyi halda, bunu icra məmuruna bildirmiş və sonradan icra orqanına getmişdir. Beləliklə, göstərilənlərə əsasən o, barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-1056/2025 saylı icra sənədindən görünür ki, iddiaçı X1 cavabdeh "xxxx" MMC-yə qarşı "əmək haqqının ödənilməsi" tələbinə dair iddiası təmin edilmiş və cavabdeh "xxxx" MMC-dən iddiaçı X1 xeyrinə ödənilməmiş 2 aylıq əmək haqqı və son haqq-hesab hesablanaraq tutulması qərara alınmışdır; icraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-1056/2025 saylı icra sənədi əsasında iş üzrə icraata başlanılmış və qərar tələbin könüllü icrası barədə bildirişlə hüquqi şəxs "xxxx" MMC-yə göndərilmişdir; “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsi ilə əldə edilmiş çıxarışdan görünür ki, Şəxs "xxxx" MMC-nin icraçı direktorudur. Şəxs tərəfindən “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsilə məhkəməyə ünvanlanmış "xxxx" MMC-nin mədaxil qəbzlərinin surətlərindən görünür ki, müxtəlif tarixlərdə Şəxs tərəfindən ümumilikdə 210 manat məbləğində pul vəsaiti "xxxx" MMC vasitəsilə X1 hesabına köçürülmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-1056/2025 saylı icra sənədinə əsasən iddiaçı X1 cavabdeh "xxxx" MMC-yə qarşı "əmək haqqının ödənilməsi" tələbinə dair iddiası təmin edilmiş və cavabdeh "xxxx" MMC-dən iddiaçı X1 xeyrinə ödənilməmiş 2 aylıq əmək haqqı və son haqq-hesab hesablanaraq tutulması qərara alınmışdır. İcra sənədi üzrə icraata müvafiq olaraq xx.xx.2025-ci il tarixli qərarla başlanılmışdır. Borclu təşkilatın rəhbəri tərəfindən isə icra müddəti ərzində borc məbləğindən ümumilikdə 210 manat məbləğində ödəniş edilmişdir. Tələbin icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq aradan keçən uzun müddət ərzində şirkət tərəfindən icra sənədi üzrə olan borc məbləği tam təmin edilmədiyindən rəhbərinin barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona görə də məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, qanuni qüvvədə olan məhkəmə qərarlarının icraları ilə bağlı borclu "xxxx" MMC-nin rəhbəri Şəxs rəhbərlik etdiyi MMC-nin bu günədək borcunu tam olaraq ödəməməsi, icra sənədinin icra edilməməsinin hər hansı üzrlü səbəblə bağlı olmasını təsdiq edən heç bir sənəd təqdim etməməsi, bütün bunların nəticəsində icra sənədinin uzun müddətdən bəri icrasız qalmasına səbəb olması məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 17-ci maddəsinin qeydini əsas tutaraq hesab edir ki, Şəxs vəzifəli şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə məhkəmə icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs izahatını, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-1056/2025 saylı icra vərəqəsini, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə olunmuş digər sənədləri, inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin diektoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1200 (min iki yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar