Məhkəmə qərarları › İş №3(5-94)-1972/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-1972/2026

18.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-1972/2026 18.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Orxan Arzuxan oğlunun sədrliyi, Bağıyev Laçın İsmayıl oğlunun katibliyi, Qərardan şikayət verən şəxs – X1 iştirakı ilə, Baş Dövlət Yol Polisi İdarəsinin 20 yanvar 2026-ci il tarixli, EQ 33389929 saylı inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Baş Dövlət Yol Polisinin 20 yanvar 2026-ci il tarixli, EQ 33389929 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə inzibati icraata xitam verilməsini, xahiş etmişdir, Bundan başqa X3 20 yanvar 2026-cı il tarixli qərardan şikayət vermək müddətini ötürdüyü üçün, müddətin bərpa edilməsi üçün vəsatətlə məhkəməyə müraciət etmişdir. Vəsatət təmin olunmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, tərtib edilmiş protokol qanunsuzdur, başqa sürücüyə aid olan sürət həddini aşma üzrə inzibati xəta ona tətbiq olunmuşdur. Protokoldan “Asan Pay” vasitəsilə şikayət etmiş, lakin, heç bir nəticə əldə etməmişdir. Odur ki, X3 barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında inzibati məsuliyyətə cəlb olunmasına dair 20 yanvar 2026-cı il tarixli EQ 33389929 saylı Qərarın ləğv edilməsini və barəsində başlanmış icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 şikayətin məzmununa uyğun izahat verərək bildirmişdir ki, avtomobili ilə eyni yolu hər gün səhər gedib, axşam qayıdır. Lakin, protokol tərtib edilmiş gün iş günü olmadığı üçün həmin yolu istifadə etməmişdir. Protokola əsas olaraq ona göndərilən videomaterial daha əvvəl eyni avtomobillə törətdiyi inzibati xətaya aiddir və adıkeçən cəriməni tam ödəmişdir. Halhazırda göndərilən cərimə isə əsassızdır, belə ki, daha əvvəl törətdiyi inzibati tənbehlə bağlı videomaterial təkrar istifadə edilərək, ona yenidən cərimə yazılmışdır. Qeyd edilənlərə əsasən, barəsində 20 yanvar 2026-cı il tarixli EQ 33389929 nömrəli inzibati tənbeh verilməsi barədə qərarı ləğv edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Baş Dövlət Yol Polisi İdarəsi nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş 20 yanvar 2026-cı il tarixli inzibati tənbeh verilməsi barədə elektron qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 10 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda sadalanan normaların tələblərindən göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Göründüyü kimi, X2 barəsində 20 yanvar 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmişdir. Belə ki, inzibati xətanın törədilməsinin videogörüntüsünü əks etdirən sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində 20 yanvar 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, onun inzibati xətanı törətməsi barədə səlahiyyətli orqanın gəldiyi nəticə üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır (ən başlıcası, inzibati xəta törədilən zaman çəkilmiş videomateriallar və digər sübutlar təqdim edilmədiyindən, şikayətçi tərəfindən iddia edilən uyğunsuzluq barədə qənaətə gəlmək mümkün olmamışdır.) Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 iştirakı ilə şikayət ərizəsində göstərilən dəlillər hərtərəfli, tam və obyektiv surətdə araşdırılmalı, şikayətin dəlillərinin əsaslı və ya əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X3 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. İnzibati xəta haqqında Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul olunmuş 20 yanvar 2026-cı il tarixli EQ 33389929 saylı protokol əsasında qəbul edilmiş 20 yanvar 2026-cı il tarixli inzibati tənbeh verilməsi barədə qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün AR DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qalan hissədə şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Orxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar