Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-205/2026 12.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Orxan Arzuxan oğlunun sədrliyi, Qurbanova Nuranə Rauf qızının katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X3, tələbkar Gülahmadzade Bağdasarın, onun etibarnamə üzrə nümayəndəsi – atası Fazil Allazovun, nümayəndəsi – Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-16(008)-453/2025 saylı, 14 noyabr 2025-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru X8 tərəfindən 12 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin e-16(008)-453/2025 saylı, 14 noyabr 2025-ci il tarixli icra vərəqəsinə əsasən, e2(008)-6937/2025 nömrəli mülki iş üzrə yekun məhkəmə qətnaməsi çıxarılanadək Gulahmadzade Bagdasarın uşaqları xx.xx.2017-ci il təvəllüdlü X1, xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X5 ilə ünsiyyət (görüş) hüququ təmin edilmiş və ünsiyyət qaydası atanın iştirakı olmadan hər həftənin şənbə günü saat 11:00-dan saat 15:00-dək müyyən edilmişdir. Ünsiyyət hüququnun təmin edilməsi üçün xx.xx.2017-ci il təvəllüdlü X1, xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2022-ci təvəllüdlü X5 hər həftənin şənbə günü yaşadıqları ünvanda saat 11:00-da ataları olan Şəxs tərəfindən anaları Gülahmadzade Bagdasara, həmin gün saat 15:00-da isə Gülahmadzade Bagdasar tərəfindən iddiaçı Şəxs təhvil verilməsi qeyd edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X8 məhkəməyə verdiyi izahatında göstərdi ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs üzərinə hər həftənin şənbə günü yaşadığı ünvandan 3 uşağı anasına təhvil verməsi vəzifəsi qoyulmuşdur. Lakin, məhkəmə qərarı icrasız qalmışdır. İcra sənədinin icrasını yerinə yetirmədiyi üçün şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim olumuşdur. Göstərilənlərə əsasən, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, tərtib olunmuş protokola etiraz edir. Belə ki, uşaqlara şərait yaradır. Bununla bağlı Sabunçu Rayon Məhkəməsində qərar çıxarılmışdır. Qətnamənin icrası ilə bağlı Sabunçu rayon İcra və Probasiya şöbəsində uşaqlarla görüş təyin olunmuşdur. Fiziki olaraq uşaqları gətirmiş, lakin, uşaqlar görüşmək istəməmişlər. Bu səbəbdən akt tərtib olunmuşdur. Aktda da qeyd olunmuşdur ki, uşaqlar görüşməkdən imtina etmişlər. Bundan sonra növbəti görüşdə İcra Şöbəsi tərəfindən psixoloq dəvət olunmuş və yenidən akt tərtib olunmuşdur. Psixoloq da aktı imzalamışdır ki, uşaqlar könüllü olaraq ana ilə görüşmək istəmirlər. Ümumilikdə 5 dəfə görüş təyin olunmuş, həmin görüşlərin 4-ü Sabunçu Rayon İcra Şöbəsində, 1-i isə Xətai Rayon İcra Şöbəsində olmuşdur. Qarşı tərəfin daha öncə mənimlə bağlı tələbi ilə əlaqədar İXM 528.1-ci maddəsi ilə Sabunçu Rayon Məhkəməsinə təqdimat verilmişdir. İşə həmin məhkəmədə xitam verilmişdir. 29 dekabr 2025-ci ildə tərtib olunmuş aktdan isə onun xəbəri olmamışdır. Odur ki, qərar qəbul edilərkən, qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Həmçinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəməyə tərtib edilmiş protokola yazılı qaydada münasibətini (etirazını) və Sabunçu rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarını da təqdim etmişdir. Məhkəmə iclasında tələbkar Gülahmadzade Bağdasar izahatında göstərdi ki, qarşı tərəf uşaqlara psixoloji təzyiq etməklə onunla görüşməsinə mane olmuşdur. Uşaqlar səs yazılarında atalarının danışmağa icazə vermədiyini söyləmişlər. Məktəbə, baxçaya yaxınlaşmış, ona atasının uşaqlarla görüşməyə icazə verməməsi bildirilmişdir. Qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. İş materiallarında olan İcra məmurlarının tərtib etdiyi xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, icra sənədinin icrası məqsədilə tələbkar, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025-ci il tarixlərdə Şəxs və uşaqların faktiki yaşadığı ünvan 1 ünvanına getmiş, lakin, Şəxs uşaqları ana ilə ünsiyyətə girməkdən çəkindirmiş, ünsiyyət hüququ baş tutmamışdır və videoçəkilişlər aparılmışdır. Tələbkar görüşlərin baş tutması ilə əlaqədar ərizə ilə şöbəyə müraciət etmişdir. Göründüyü kimi, icra sənədinin çıxarıldığı tarixdən uzun müddət keçməsinə baxmayaraq, Şəxs icra sənədinin icra olunması üçün hər hansı addımlar atmamışdır. Eyni zamanda, iş materiallarına əsasən, tələbkar Gülahmadzade Bağdasarın ana kimi uşaqların fiziki, psixi sağlamlığına zərər yetirmək təhlükəsi yaradan hallar müəyyən olunmamışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli aktda psixoloqun fikirlərinə əsasən uşaqların anaları ilə görüşməkdən imtina etmələri, reablitasiyaya yönəlmənin məqsədəuyğunluğu qeyd olunmuşdur. Lakin, reablitasiyaya şərait yaratmalı olduğu halda, əksinə, xx.xx.2025-ci il tarixli aktda qeyd olunduğu kimi Şəxs faktiki yaşadığı ünvan 1 ünvanına gəlmiş ana ilə uşqaların ünsiyyətə girmələrinə mane olması, bu kimi halların sonralar da davam etməsi uşaqların reablitasiya prosesinə və emosional vəziyyətinə zərər yetirə bilər. Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 oktyabr 2011-ci il tarixli Plenum Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, ailə qanunvericiliyinə və uşaq hüquqları ilə bağlı beynəlxalq hüquq normalarına uyğun olaraq, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyətdə olmaq, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqla birlikdə yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) nümayəndəsinin iştirakı ilə onların yazılı rəyi və 10 yaşına çatmış uşağın fikri nəzərə alınmaqla məhkəmə tərəfindən həll edilir. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmçinin, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxs Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Odur ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə hazırki iş üzrə Şəxs himayəsində xx.xx.2018, xx.xx.2019 və xx.xx.2022-ci il təvəllüdlü azyaşlı uşaqlarının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır və məsuliyyətini ağırlaşdıran halların olmadığını qeyd edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətmiş olduğu inzibati xətanın xarakterini və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 9, 12, 31-33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Orxan Əlizadə
Məhkəmə qərarları › İş №3(5-94)-205/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-205/2026
12.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver