Məhkəmə qərarları › İş №3(5-94)-206/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-206/2026

22.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-206/2026 22.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Orxan Arzuxan oğlunun sədrliyi, Qurbanova Nuranə Rauf qızının katibliyi, Qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Bakı şəhər X6 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər X6 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 şikayətin məzmununa uyğun izahat verərək göstərdi ki, xx.xx.2025-ci il tarixində avtomobil idarə etdiyi zaman ona İXM-nin 327.2-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Bu protokolun əsassız olduğunu bildirmişdir. Xətai prospekti 51 ünvanında yerləşən “Günaydın” restoranının çıxışından hərəkətə başlayarkən sola dönən nəqliyyat vasitələri üçün qırmızı işıq yandığını bildirmişdir. O, isə X7 prospekti istiqamətində üzü aşağı düz hərəkət etmişdir. Onun hərəkət istiqamətində qadağanedici işıq tətbiq edilmədiyini bildirmişdir. Qarşıdan gələn nəqliyyat vasitələrinə mane olmamaq üçün dayanmış, onların tam keçməsini gözlədikdən sonra qanuni və təhlükəsiz şəkildə hərəkətinə davam etdirmişdir. Hadisə zamanı heç bir yol hərəkəti qaydasını pozmamışdır. Ona gələn cərimədə isə video görüntü əks olunmamışdır. Odur ki, barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Bakı şəhər X6 İdarəsi nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda, Bakı şəhər X6 İdarəsi tərəfindən hadisə yerinin videogörüntüsü məhkəməyə təqdim edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhər X6 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarına əsasən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 100 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 327.2-ci maddəsinə əsasən, Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda sadalanan normaların tələblərindən göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, AR DİN Bakı şəhər X6 İdarəsinin əməkdaşı, polis kapitanı X3 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən X1 xx.xx.2025-ci il tarixdə, saat 14:35-də “Changan Qıyuan Q07 Plug-in Hibrid minik” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 100 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. “Yol nişanları və siqnalları haqqında” Konvensiyanın təsdiq edilməsi barədə 21 dekabr 2010-cu il tarixli Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 1-ci bəndinə əsasən sürücülər üçün nəzərdə tutulmuş nişanlar elə quraşdırılmalıdır ki, sürücülər onları asanlıqla və vaxtında qavraya bilsinlər. Adətən nişanlar yolun hərəkət istiqamətinə uyğun tərəfində quraşdırılır; lakin onlar yolun hərəkət hissəsinin üzərində də yerləşdirilə və ya təkrarlana bilər. Yerli şərait yolun hərəkət istiqamətinə uyğun tərəfində quraşdırılmış nişanın sürücü tərəfindən vaxtında qavranılmamasına səbəb ola bilərsə, nişan hərəkət hissəsinin üzərində və ya yolun əks tərəfində təkrarlanmalıdır. Həmin qanun 6-cı maddəsinin 2-ci bəndinə əsasən hər bir nişanın təsir dairəsi nəzərdə tutulduğu sürücülər üçün, hərəkət üçün açıq olan yolun hərəkət hissəsinin bütün enini əhatə edir. Lakin, nişanın təsir dairəsi hərəkət hissəsinin uzununa nişanlanma ilə işarələnmiş bir və ya bir neçə hərəkət zolağı ilə məhdudlaşdırıla bilər. Sözügüdən inzibati tənbeh vermə haqqında qərarla bağlı videogörüntüyə baxılan zaman “Changan Qıyuan Q07 Plug-in Hibrid minik” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkət edərkən svetaforun qırmızı işığının yanması aşkar edilsə də, həmin svetoforun işıq siqnalının tələbinin “Changan Qıyuan Q07 Plug-in Hibrid minik” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət istiqamətinə aid olubolmamasını müəyyənləşdirmək mümkün deyildir. Belə ki, videogörüntüdə əks olunan svetoforun işıq siqnalının düz istiqamətdə (svetaforun göstərici paneli ilə üzbəüz) olan hərəkət zolağına aid olmaqla yanaşı, həm də Xətai prospekti 51 ünvanında yerləşən “Günaydın” restoranının çıxış istiqamətinə də aid olması halını müəyyən etmək üçün əlavə araşdırmanın aparılması zəruridir. Belə olan halda məhkəmə hesab edir ki, X1 barəsində xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, X1 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi üzrə səlahiyyətli orqanın gəldiyi nəticə üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X1 iştirakı ilə şikayət ərizəsində göstərilən dəlillər hərtərəfli, tam və obyektiv surətdə araşdırılmalı, şikayətin dəlillərinin əsaslı və ya əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə belə hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, Bakı şəhər X6 İdarəsinin İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 12, 76, 84, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: X2 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhər X6 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP7696898 nömrəli qərarı ləğv edilərək, inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər X6 İdarəsinə göndərilsin. Qalan hissədə şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Orxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar