Məhkəmə qərarları › İş №3(5-94)-2094/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-2094/2026

17.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-2094/2026 17.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlunun, Rəşidov Xəzər Araz oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Bbakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərrdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Xətai rayon prokuroru, baş ədliyyə müşaviri X6 tərəfindən qəbul edilmiş “inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında” 25 fevral 2026-cı il tarixli qərardan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 01 radələrində xx.xx.1965-ci il təvəllüdlü X4 Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsi 142 ünvanında ölməsi barədə Xətai RPİ-nin 35-ci PŞ-nin növbətçi hissəsindən rayon prokurorluğuna daxil olmuş məlumat əsasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs X2 nahiyəsinə əli ilə vurmuşdur. Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, həmin şəxsi vurmamışdır. Marketdə növbədə gözləyən zaman kişi cinsli şəxs onun üzərinə gələn zaman əlində olan çörəklə onu uzaqlaşdırmışdır. Həmin şəxs onu təhqir edərək ağzını burnunu partladacağını demişdir. Onun bir əlində çörək, digər əlində isə butulka olmuşdur. Hadisə zamanı əlində olan çörəklə kişini uzaqlaşdırmağa çalışsa da, onu vurmamışdır. Əgər onun belə bir fikri olsaydı çörəklə deyil əlində olan butulka ilə vurardı. Hadisə kassanın qarşısında baş vermişdir. O, həmin şəxsi vurmaq istəsə əlində olanları kassanın önünə qoyub ona vurardı. Hadisə vaxtı içkili olub. Çölə çıxanda o, görmüşdür ki, camaat yığılıb, lakin nə baş veməsini bilməmişdir. Sonradan bilmişdir ki, həmin şəxs çölə çıxdıqdan sonra ölmüşdür. Beləliklə o, himayəsində 3 azyaşlı övladının olmasını, həmin şəxsə vurmadığını bildirərək barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Bakı şəhəri Xətai rayon prokurorluğunun səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai rayon prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas X8 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanması haqqında” 10 fevral 2026-cı il tarixli qərardan görünür ki, X4 ölməsi faktında cinayət hadisəsi olmadığından toplanmış 08 C- 2026 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati icraat başlanması məsələsinə baxılması üçün araşdırma materiallarının ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 PHŞ-nin xx.xx.2026-cı il tarixli 04 nömrəli ekspert rəyindən görünür ki, X1 meyitində xəsarət müəyyən edilməmiş, X1 ölümünə səbəb ürəyin xroniki işemiya xəstəliyi fonunda inkişaf etmiş ateroskelerotik koronarokardioskleroz və tac damarlarının aterosklerozu nəticəsində baş vermiş kəskin ürək-damar çatmamazlığı olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 4-8 saat əvvələ uyğun gəlir. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində narkotik maddələr və etil spirti aşkar edilməmişdir. Bakı şəhəri Xətai rayon prokuroru, baş ədliyyə müşaviri X6 tərəfindən qəbul edilmiş “inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında” 25 fevral 2026-cı il tarixli qərardan görünür ki, xx.xx.1994-cü il tarixində doğulmuş, ünvan 5 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən İnzibati Xətalar Məcəlləsinin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 157-ci maddəsinə əsasən Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə Şəxs inzibati xətanı törətməməsinə, X5 vurmamasına, sadəcə olaraq əlində olan çörəklə onu kənarlaşdırmağa çalışmasına dair izahatına tənqidi yanaşır və hesab edir ki, Şəxs bu izahatı inzibati məsuliyyətdən yaxa qurtarmaq üçün verilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş özündə hadisənin görüntüsünü əks etdirən 01 ədəd “CD-R” formatlı diskə baxış zamanı müəyyən edilmişdir ki, hadisə mağaza kassanın qarşısında baş verir, bir nəfər kişi cinsli şəxs Şəxs yaxınlaşır aralarında sözlü mübahisə baş verir, daha sonra Şəxs əlində olan çörəklə həmin şəxsin üz nahiyəsindən bir neçə dəfə vurur, həmin şəxs mağazanın çıxışında huşunu itirdikdən sonra, Şəxs qapıya tərəf gedərək həmin şəxsin yanında dayanan qadını əli ilə itələyir. Beləliklə, Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli faktiki olaraq tutulduğu «17» mart 2026-cı il tarixdən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli «17» mart 2026-cı il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması mərkəzinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar