Məhkəmə qərarları › İş №3(5-94)-2111/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-2111/2026

17.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-2111/2026 17.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Orxan Arzuxan oğlunun sədrliyi, X8 katibliyi, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin sahə inspektoru X2, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs İnqilab oğlunun iştirakı ilə, xx xxxxxx 2006-cı il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, Cəbrayıl rayonu, Dağ Tumas kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı və 227-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Məhkəmənin icraatına daxil olan 17 mart 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 11 mart 2026-cı il tarixdə ünvan 1 ünvanında yerləşən “Araz” marketdən 122 manat 30 qəpik dəyərində spirtli içki oğurlamışdır. Tibbi müayinə barədə ekspert rəyinə əsasən, narkotik vasitə qəbul etməsi müəyyən olunmuşdur. Nəticədə Şəxs Azərbaycan Respublikası İXM-nin 206 və 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Xətai RPİ-nin 37-ci polis şöbəsinin sahə inspektoru X4 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, 11 mart 2026-cı il tarixdə ünvan 1 ünvanında yerləşən “Araz” marketdən 122 manat 30 qəpik dəyərində spirtli içki oğurlamışdır. Araşdırma nəticəsində kamera görüntülərinin vasitəsiylə şəxs müəyyən olunmuş, şəsxsiyyəti aydınlaşdırılaraq Şəxs olduğu təsdiqini tapmışdır. Polis bölməsində əməlini etiraf etmiş, narkotik vasitənin təsiri altında əməli törətdiyini bildirmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində tibbi müayinədən keşmək üçün göndərilmişdir. Tibbi müayinə barədə ekspert Rəyinə əsasən, narkotik vasitə qəbul etməsi müəyyən olunmuşdur. Nəticədə Şəxs Azərbaycan Respublikası İXM-nin 206 və 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, Xətai rayonu ərazisində yerləşən Araz marketdən iki ədəd viski oğurlamışdır. Viskiləri tanımadığı şəxsə satıb, narkotik vasitə əldə edərək istifadə etmişdir. Doqquz aydır narkotik vasitəsədən istifadə edir, asılılığı yoxdur. Əməlindən peşmandır. Fürsət verildiyi təqdirdə dəymiş ziyanı ailəsi və tanışları vasitəsiylə ödəməyə hazırdır. Himayəsində üç aylıq qızı olmasını nəzərə alaraq həbs edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində iştirak edən X7 məhkəmə iclası zamanı bildirmişdir ki, yoxlama zamanı 7 ədəd viskinin yerində olmadığını görmüşdür. Kamera görüntülərini nəzərdən keçirdikdə müəyyən etmişdir ki, iki ədəd ümumilikdə 122 manat 30 qəpik dəyərində olan viskini şəxsiyyəti sonradan müəyyən edilən Şəxs əvəzini ödəmədən götürmüşdür. Dəymiş ziyan ödənilməmişdir. Şəxs barəsində inzibati tənbehin tətbiq edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227, 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən Şəxs narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Həmin hal müvafiq tibbi aktla təsdiq edilmişdir. Bundan başqa, Şəxs 11 mart 2026-cı il tarixdə Xətai rayonu S. Orucov 54 ünvanında yerləşən “Araz” marketdən iki ədəd spirtli içkini oğurlamaqla, 122 manat 30 qəpik məbləğində zərər vurması sübutlarla öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: 16 mart 2026-cı il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. 2 ədəd “SHERİDAN.S LİKYOR” spirtli içkisinin oğurlanması ilə əlaqədar əməliyyat axtarış tədbirləri keçirilməsi Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat aparatına tapşırılmışdır 16 mart 2026-cı il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 10:00-da inzibati qaydada tutulmuşdur. 16 mart 2026-cı il tarixli 2156 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 aparılması haqqında rəyinə əsasən Şəxs götürülmüş sidik nümunəsində THC(+) aşkar olunmuşdur. Müayinə zamanı Şəxs Kannabionidlərin istifadə halları olmuşdur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1- 177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Məhkəmə iş materiallarını nəzərdən keçirdib tərəfləri dinləyərək belə qənaətə gəlir ki, Şəxs narkotik vasitə istifadə etmişdir və 11 mart 2026-cı il tarixdə Xətai rayonunda yerləşən “Araz” marketdən iki ədəd 122 manat 30 qəpik dəyərində viski oğurlamış, xırda talama əməlini törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, Şəxs AR İXM-in 206 və 227-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi iş üzrə mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Göründüyü kimi, şəxsin eyni vaxtda öz hərəkətləri ilə törətdiyi inzibati xətalardan AR İXMin 227-ci maddəsi daha ciddi sanksiyanı nəzərdə tutmuşdur. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş əməlin xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları - xüsusən narkotik vasitə əldə etmək üçün xırda talama əməli törətməsini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, onun barəsində AR İXM-in 34.3-cü maddəsi tətbiq edilməklə həmin Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin, inzibati həbsdə saxlama müddətinin əvvəli 16 mart 2026-cı il tarixdən saat 10:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130, 206 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 206 və 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə onun barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 16 mart 2026-cı il tarixdən saat 10:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə və İnzibati həbs olunanların saxlanılması mərkəzinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar