Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-2115/2026 18.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Əlizadə Orxan Arzuxan oğlunun sədrliyi, Bağıyev Laçın İsmayıl oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xətai Rayon Polis İdarəsi 34-cü Polis Şöbəsinin polis sahə rəisi, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1989-cu il tarixdə Laçın rayonu, Ələkçi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Laçın rayonu, Şamkənd Ə/D, Ələkçi kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xətai Rayon Polis İdarəsi 34-cü Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xətai Rayon Polis İdarəsi 34-cü Polis Şöbəsinin polis sahə rəisi X2 tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 18 mart 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Xətai Rayon Polis İdarəsi 34-cu Polis Şöbəsinin polis sahə rəisi X2 protokolu müdafiə edərək izahatında bildirmişdir ki, 18 mart 2026-cı il tarixdə təxminən saat 01:00 radələrində inzibati ərazidə xidmətdə olan əməkdaşlar YPX əməkdaşlarının çağrısına qarşılıq olaraq, “Neopol” istiqamətinə yardımla əlaqədar yaxınlaşmışlar. Onların bildirdiklərinə görə, tabesizliyin qarşısını alan zaman bir nəfər şəxs onlara yaxınlaşaraq maneə törətməyə başlamışdır. Daha sonra əməkdaşlar şəxsi avtopatrula əyləşdirib 34-cü PŞ-ya gətirmişlər. Bölmədə məlum olmuşdur ki, bu şəxs 29 may 1989-cu il təvəllüdlü Şəxsdur. Lakin, inzibati xəta haqqında protokolu tərtib edən şəxs kimi hadisədən ətraflı məlumatı olmamış, protokolu Xətai RPİ-nin PPXB-nin əməkdaşlarının raportuna əsasən tərtib etmişdir. Eyni zamanda, raportu tərtib etmiş şəxsləri protokol üzrə izahat vermək üçün dəvət etsə də, həmin əməkdaşlar işlərinin çoxluğu ilə əlaqədar iştirak etməmişlər. Eyni zamanda, protokolu tərtib edən şəxs 34-cü Polis Şöbəsinin polis sahə rəisi X2 barəsində protokol tərtib edən şəxsi xidməti ərazisində yaşayan vətəndaş kimi tanıdığını, həmin şəxsin barəsində hər hansı şikayət daxil olmasına şahidlik etmədiyini, onu intizamlı şəxs kimi tanımasını qeyd etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, gecə saat 12-1 radələrində anası onu təlaşla çağıraraq, qardaşıyla yol polisi arasıda insident yaşandığını demişdir. Hadisə yerinə gələndə anasını olduqca təşviş içində görmüşdür. Yaxın vaxtda cavan yaşında bacılarını itirdikləri üçün, anasının övladlarına qarşı xüsusi həssaslığı var və qardaşıyla polis əməkdaşları arasında yaranan problem onu olduqca həyəcanlandırmış, qardaşını aparmalarına mane olmaq üçün təkid etmişdir. Anasını saktləşdirməyə çalışmış, polis əməkdaşlarının qarşısını almağa çalışarkən onu tutub, kənara çəkmişdir. Bu zaman polis əməkdaşları onu da maneə törədirmiş kimi qələmə vermişlər. Halbuki, niyyəti sakitlik yaradmaq, məsələyə aydınlıq gətirmək olmuşdur. Heç bir polis əməkdaşına qarşı, nalayiq ifadələrdən istifadə etməmişdir, kobud hərəkət etməmişdir. İndiyə qədər heç bir məhkumluğu olmamış, polis və ya başqa güc strukturu ilə problem yaşamamışdır. Qəssab yanında işləyir, ali savadı yoxdur, hərəkətləri və ya danışığı kobud görünə bilər, lakin, heç bir halda etikaya və qanuna zidd əməl törətmək niyyəti olmamışdır. İki azyaşlı övladı var, biri də 10 gün sonra dünyaya gələcəkdir. Göstərilənləri nəzərə alaraq barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 18 mart 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsinə dair protokol tərtib olunmuşdur. 18 mart 2026-cı il tarixli, “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 17 mart 2026-cı il tarixdə, saat 02:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xətai RPİ-nin PPX13-414-ün polis nəfərləri tərəfindən Xətai RPİ-nin 34-cü PŞ-nin rəisi cənab Yunis Ələsgərova ünvanlanmış 18 mart 2026-cı il tarixli raportdan görünür ki, 18 mart 2026-cı il tarixdə təxminən saat 01:00 radələrində inzibati ərazidə xidmətdə olarkən 291 çağrışla YPX əməkdaşlarına Neopol dairəsi istiqamətində yardımla əlaqədar yaxınlaşmışlar. Özlərini təqdim etdikdən sonra polisə tabesizliyin qarşısını alan zaman bir nəfər şəxs onlara yaxınlaşaraq maneə törətməyə başlamışdır. Buunun qanuna zidd olduğunu bildirilməyinə baxayaraq, şəxs buna məhəl qoymayaraq Azərbayan polisinin ünvanına nalayiq ifadələr işlətmiş, qeyri-etik hərəkətlər nümayiş etdirməyə davam etmişdir və dövlətin təhkim etdiyi xüsusi nəqliyyat vasitəsi sayılan avtopatrulun qarşısını kəsərək polis əməkdaşlarının fəaliyyətin qarşısını almağa çalışmışdır. Sonra şəxsi avtopatrula əyləşdirib 34-cü PŞ-ya gətirmişlər. Bölmədə məlum olmuşdur ki, bu şəxs 29 may 1989-cu il təvəllüdlü Şəxsdur. Daha sonra əməlinə hüquqi qiymət verilməsi üçün 34-cü Polis şöbəsinə təmin etmişlər. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilməmişdir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, İXM-nin 535.1-ci maddəsində polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Normanın dizposiyasından göründüyü kimi qeyd edilən norma ilə inzibati məsuliyyət yaranması üçün ilk növbədə şəxsə yönələn tələb qanuni olmalı və şəxs həmin qanuni tələbə tabe olmamalıdır. Hazırki iş üzrə isə qeyd edilməlidir ki, Şəxs təqsirliliyini sübuta yetirəcək hər hansı mötəbər sübut əldə edilməmişdir. Belə ki, protokolu tərtib etmiş 34-cü Polis Şöbəsinin polis sahə rəisi X2 izahatında hadisədən ətraflı məlumatı olmamasını qeyd edərək, eyni zamanda Şəxs intizamlı sakin kimi xarakterizə etmişdir. Eləcə də, Şəxs özünü barəsində tərtib edilmiş protokol üzrə təqsirli bilməyərək, polis əməkdaşlarına qarşı hər hansı tabesizlik göstərmədiyini, qanunlara tabe vətəndaş olduğunu dəfələrlə vurğulamışdır. Həmçinin, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan tərəfindən inzibati xəta ilə əlaqədar hər hansı videomaterial və ya digər sübut növü məhkəməyə təqdim edilməmiş, hadisə barədə şahidlərin iştirakı təmin olunmamışdır. Qeyd olunmalıdır ki, AR İXM-in 61.1.8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq hüququna malikdir. Beləliklə məhkəmə tərəfindən Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmamışdır. Bu da məhkəmə tərəfindən belə nəticəyə gəlməyə əsas verir ki, sonuncu tərəfindən İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilməmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-in: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələrin onun xeyrinə həll edilməli olmasını nəzərə alaraq hesab edir ki, Şəxs təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 53, 61, 76, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Əlizadə
Məhkəmə qərarları › İş №3(5-94)-2115/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-2115/2026
18.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver