Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-2132/2026 19.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Orxan Arzuxan oğlunun sədrliyi, Bağıyev Laçın İsmayıl oğlunun katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-149 saylı, 29 fevral 2016-cı il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən 19 mart 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X4 məhkəməyə verdiyi izahatında göstərdi ki, Şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-149 saylı, 29 fevral 2016-cı il tarixli icra vərəqəsinə əsasən X1 11300 (on bir min üç yüz) manat ödəniş etməlidir. Borclu tərəfindən cavabdehə müəyyən qədər ödəniş edilmiş, borclunun bildirdiyi məlumatlara əsasən onun tərəfindən təxminən 5.000 manata yaxın ödəniş cavabdehə ödənilmiş, borcun qalan hissəsi isə ödənilməmiş qalmışdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, hal-hazırda tikiş sexində qeyri-rəsmi işləyir, aylıq 800 (səkkiz yüz) manat civarında əmək haqqı alır. Tələbkarla yaxın münasibəti vardır. Əgər işin bu səviyyəyə gələcəyini bilsəymiş hissə-hissə ödəniş edib çoxdan borcu bağlayarmış. Həyat yoldaşı ankoloji xəstədir, onun müalicəsinə öncəlik verdiyi üçün borcu gecikdirmişdir, tələbkarla olan yaxınlığına görə bunu problem etməmişdir. Pulu əldən 10000 (on min manat ) miqdarında almışdır, 14000 (on dörd min) manat geri ödəmə vədi vermişdir. Axırıncı dəfə 5-6 ay əvvəl ödəmə etmişdir. Hal-hazırda aldığı aylıq 800 manat məvacibin yarısını aylıq rəsmi şəkildə tələbkara ödəyə bilər. Odur ki, qərar qəbul edilərkən, qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X2 telekonfrans vasitəsiylə qoşularaq, bocluya kifayət qədər vaxt vermişdir. Belə ki, borclu tərəfindən ona sonuncu dəfə 2-3 il öncə ödəniş olunmuşdur. Hal-hazırda borcun qalan hissəsini tələb etməkdədir. Lazımi tədbirin görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. İş materiallarında olan: Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-149 saylı, 29 fevral 2016-cı il tarixli icra vərəqəsinə əsasən, cavabdeh Şəxs 14000 (on dörd min) manat pulun alınaraq tələbkar X1 verilməsi qeyd edilmişdir. Xətai rayon İcra Şöbəsinin “tələbin könüllü icrası haqqında” bildiriş məktubundan görünür ki, Şəxs borcun könüllü icra edilməsi təklif olunmuşdur. 265358 saylı icra işi üzrə “İltizam” dan görünür ki, Şəxs məsuliyyət barədə lazımi qaydada xəbərdar olunmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Elektron İcra” informasiya sistemində görünür ki, Şəxs əmlak və gəliri yoxdur, pensiya almır. Göründüyü kimi, icra sənədinin çıxarıldığı tarixdən uzun müddət keçməsinə baxmayaraq, Şəxs icra sənədinin icra olunması üçün kifayət qədər addım atmamışdır. Belə ki, borclunun hazırda gəlirinin az olması, əmlakının olmaması onun icra sənədinin icrasından boyun qaçırmasına haqq qazandıra bilməz. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmçinin, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxs Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Odur ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə AR İXM-in 31 və 32-ci maddələrinə əsasən, hazırki iş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halların olmadığını qeyd edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətmiş olduğu inzibati xətanın xarakterini və onun təqsirinin dərəcəsini, şəxsiyyətini xarakterizə edən halları, yaşını, ailə vəziyyətini, icra sənədi üzrə müəyyən qədər ödəniş etməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 9, 12, 31-33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Orxan Əlizadə
Məhkəmə qərarları › İş №3(5-94)-2132/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-2132/2026
19.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver