Məhkəmə qərarları › İş №3(5-94)-214/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-214/2026

05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-214/2026 05.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əlizadə Orxan Arzuxan oğlunun sədrliyi, Qurbanova Nuranə Rauf qızının katibliyi, Şəxs MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən ünvan 1 ünvanında yerləşən Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol baxılması üçün göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş 00100-00007/26 saylı, 02 yanvar 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC (VÖEN: **********) tərəfindən mallar Azərbaycan Respublikası gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyənnaməsi verilməli olduğu halda, 93AC986 nömrəli nəqliyyat vasitəsilə Şəxs MMC-nin ünvanına göndərilən mallar 25 may 2025-ci il tarixdə saat 19:34 radələrində “Biləsuvar” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, həmin nəqliyyat vasitələrinə dair gömrük orqanına qısa idxal bəyənnaməsi verilməmişdir. İnzibati protokolu tərtib etmiş səlahiyyətli orqananın nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir, Məhkəmə səlahiyyətli orqanın iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Alim Şirinov məhkəmə iclasında iştirak edərək, Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə daxil olmuş inzibati xəta haqqında materiallara etirazını bildirmişdir. Belə ki, nümayəndəsi olduğu şirkət ilə “İİR-niz TEJARAT Polmer MEHR” firması arasındakı bağlanmış müqaviləyə əsasən Şəxs MMC-yə hündürlüyü 240 mm cəmi 12 yer olmaqla hər maşında 24660 kq olmaqla 9 maşın həftə ərzində göndərilmişdir. Göndərilən mallar tentsiz, heç bir plomb vurulmadan açıq vizual görünüşdə qəbul olunmuşdur və sərhəddən həmən qaydada keçirilmişdir. BBGİ-nin 00100-00007/26 nömrəli xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanmasının və inzibati araşdırma aparılması haqqında Qərardada əsasən İXM-nin 485.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat X2 tərəfindən başlanmışdır. İnzibati xəta haqqında protokolun ilk cümləsindəki xx.xx.2025-ci il tarixli raportun icrasında ilk yazılan cümlədəki xx.xx.2025-ci il tarixin onların yükünə aid olmadığını, belə ki, onlara aid yükün barkoda görə xx.xx.2025-ci il 19:34 tarixdə Azərbaycan sərhədini keçdiyini qeyd etimişdir. Şəxs MMC tərəfindən təsisçilik müqaviləsinə əsasən "qısa idxal bəyannaməsi" xx.xx.2026-cı il tarixdə **********9077 saylı bəyannamə tərtib olunmuşdur. 25 may 2025-ci il tarixdə 18:58 radələrində onlar tərəfdən çox çətinliklə də olsa 35.40 azn əvəzinə 36.20 manat ödənilmişdir. Sistemin artıq yüklənməsi və digər səbəblərdən barkoda əsasən 19:34:22 radələrində yük gömrük baxışı ilə sərhəddən keçmişdir. Şikayətin təmin olunmasını, Bakı Baş Gömrük İdarəsinin 00100- 00007/26 saylı xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokoluna dair iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan: xx.xx.2025-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, 24660.00 kq yük bəyan edilmişdir. Gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemindən görünür ki, qısa idxal bəyannaməsi nəqliyyat vasitəsinin ölkəyə girişindən 1 saatdan az müddət əvvəldən yazıldığı üçün qəbul edilməmişdir. Nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə, saat 19:34:56-da buraxılmışdır. Hüquqi şəxs tərəfindən məhkəməyə təqdim edilmiş qısa idxal bəyannaməsindən və ödəniş qəbzindən görünür ki, qeyd edilən bəyannamə xx.xx.2025-ci il tarixdə, saat 18:58də daxil edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. AR Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən, fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Malların və nəqliyyat vasitələrin gömrük sərhəddindən keçirilməsi üçün “Yaşıl dəhliz” və “digər buraxılış sistemlərində istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 920 saylı, 21 may 2016-cı il tarixli fərmanının 2.2 bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Məhkəmə inzibati xəta haqqında material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, Şəxs MMC-nin ünvanına göndərilən yüklər “Biləsuvar” gömrük postundan 25 may 2025-ci il saat 19:35-də keçmiş, lakin, qısa idxal bəyannaməsi 25 may 2025-ci il tarixdə, saat 18:58-də təqdim edilmişdir. Məhkəmə tərəfindən hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyə edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Orxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar