Məhkəmə qərarları › İş №3(5-94)-2148/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(5-94)-2148/2026

23.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(5-94)-2148/2026 23.03.2026 BAKI ŞƏHƏRI XƏTAI RAYON MƏHKƏMƏSI Mən Xətai Rayon Məhkəməsinin hakimi Əlizadə Orxan Arzuxan oğlu, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü polis Şöbəsindən daxil olmuş ## #### 2026-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə qeyd olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs narkotik maddə istifadə edir və onların istehlakı ilə məşğul olur. Azərbaycan Respublikası İXM-nin 106.0.3-cü maddəsinə əsasən hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi məsələsini həll edir. Həmin məsələni araşdıraraq hesab edirəm ki, inzibati xəta haqqında icraat zamanı pozuntuya yol verilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 37.1 və 37.2-ci maddələrinə əsasən “İnzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur”, “Məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir”. Şəxsin narkomaniyadan müalicəyə ehtiyacının olub-olmaması məsələsinin həlli müvafiq həkim müayinəsinin nəticələri üzrə verilən rəy əsasında mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il # ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi” qaydasının 2.2.9-cu bəndində qeyd edilmişdir ki, məcburi müalicənin tətbiqinə yalnız həkim-məsləhət komissiyasının rəyi əsasında narkotik vasitələrin və psixotrop maddələrin sui-istifadəsi nəticəsində onlardan psixi və (və ya) fiziki asılılıq vəziyyətinə düşən, o cümlədən psixi və davranış pozuntuları ilə müşahidə olunan və barəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada narkoloji tibb müəssisəsi tərəfindən “narkomanlıq” diaqnozu təyin edilmiş şəxs üzərində yol verilir. Ona görə də barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin tibbi müayinədən keçirilməsi araşdırmanı aparmış vəzifəli şəxs tərəfindən təşkil olunmalı və müvafiq həkim rəyi inzibati xəta haqqında protokol və digər aidiyyəti sənədlərlə birlikdə məhkəməyə təqdim edilməlidir. Həmçinin, qeyd olunur ki, Azərbaycan Respublikası İXM-nin 89.4-cü maddəsinə əsasən, barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1, 535 və 610- 618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Təqdim olunmuş materialdan görünür ki, iş üzrə narkoloji ekspertiza təyin edilməsi haqqında qərar qəbul olunsa da, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs müvafiq tibbi müayinədən keçirilməmiş, yəni, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmadığına dair tibbi rəy alınmamışdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğundan, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair tərtib olunmuş ## #### 2026-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol Xətai Rayon Polis İdarəsinin 34-cü polis şöbəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 109 və 118ci maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair tərtib olunmuş ## #### 2026-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol Xətai Rayon Polis İdarəsinin 34-cü polis şöbəsinə qaytarılsın. Hakim: Orxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar