Məhkəmə qərarları › İş №3(5-94)-225/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-225/2026

14.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-225/2026 14.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Ramazanov Zəfər Akif oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara əsasən Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(011)-2786/2025 saylı və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(011)-8298/2025 saylı icra sənədlərini üzrsüz səbəbdən icra etməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən 14 yanvar 2026-cı il tarixdə MN ******* nömrəli və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X2 izahatında göstərmişdir ki, Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(011)-2786/2025 saylı və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(011)-8298/2025 saylı icra sənədlərini üzrsüz səbəbdən icra etməmişdir. Bundan başqa şəxsin əsas borcu 7095 manat təşkil edir. Təzəlikcə 500 manat ödəniş etmişdir. Göstərilənlərə əsasən, Şəxs barəsində inzibati qaydada tənbeh tədbirinin görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, əvvəllər borcu ödəməyə imkanı olmamışdır. Artıq ödəməyə başlayıb. Əsas borclu olan Əliyə aylıq ödənişlər edir. Bu səbəblə cərimələri ödəyə bilməmişdir. Zərərçəkmiş şəxsə haradasa 500 manat ödəniş etmişdir. Qardaşı onkoloji xəstədir. Qeyd olunanları nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində 14 yanvar 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, 14 yanvar 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli olması tam sübuta yetirildiyindən barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-2786/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, 3(011)- 2786/2025 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında 21 may 2025-ci il tarixli bildirişdən görünür ki, borclu Şəxs 3(011)-2786/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması üçün vaxt verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-8298/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 1000 (bir min) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, 3(011)- 8298/2025 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında 08 oktyabr 2025-ci il tarixli bildirişdən görünür ki, borclu Şəxs 3(011)- 8298/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması üçün vaxt verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(5-94)-225/2026 saylı, xx.xx.2026-cı il tarixli qərardadı ilə Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.2-ci maddəsi tərtib olunmuş inzibati xəta haqqında material baxılması üçün icraata qəbul edilmiş, məhkəmənin icraatında olan 3(5-94)-225/2026 və 3(5-94)-231/2026 nömrəli inzibati işlərin birlikdə baxılması üçün bir icraatda birləşdirilmiş və iş 3(5-94)-225/2026 nömrə ilə davam etdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqda törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 31.2-ci maddəsinə müvafiq olaraq, inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(011)- 2786/2025 saylı icra sənədini icra etmədiyi üçün barəsində 14 yanvar 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Hazırda müəyyən edilmişdir ki, 3(011)-2786/2025 saylı, xx.xx.2025-ci il tarixli məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən (27 aprel 2025-ci il tarixdən) 08 (səkkiz) aydan artıq müddət keçmişdir. Göründüyü kimi Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığından başlanmış icraata xitam verilməlidir. Bundan əlavə məhkəmə Şəxs əməlindən peşman olmasını inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq, Şəxs 14 yanvar 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilməli, həmçinin onun üzərinə İXM-in 28.3-1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində tərtib edilmiş MN seriyalı ******* nömrəli, 14 yanvar 2026-cı il tarixli protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh tədbiri tətbiq etmə müddəti keçdiyinə görə xitam verilsin. Şəxs barəsində tərtib edilmiş MN seriyalı ******* nömrəli, 14 yanvar 2026-cı il tarixli protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinib, barəsində 160 (bir yüz altmış) saat ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zəfər Ramazanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar