Məhkəmə qərarları › İş №3(5-94)-229/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-229/2026

23.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-229/2026 23.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, X1 iştirakı ilə, X1 barəsində DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 16/1-242020 saylı inzibati xəta haqqında iş üzrə qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X3 şikayətlə məhkəməyə müraciət edərək Baş X6 İdarəsinin 05 dekabr 2025-ci il tarixli 16/1-242020 saylı qərarının ləğv edilməsi və X3 barəsində, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.5-cı maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X3 şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin 03 oktyabr 2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında EQ seriyalı 31055271 saylı elektron qərarın ləğv edilməsi ilə bağlı şikayətçi tərəfindən Xətai Rayon Məhkəməsinə edilmiş xx.xx.2025-ci il tarixli şikayəti, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(011)-8817/2025 saylı qərarı ilə şikayət qismən təmin edilmiş, Baş X6 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən tərtib edilmiş 03 oktyabr 2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında EQ seriyalı 31055271 saylı İnzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilmiş və işə yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılması barədə qərar qəbul edilmişdir. Ancaq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfində şikayətçi araşdırmaya dəvət olunmamış, araşdırma birtərəfli aparılımış və bunun nəticəsində də cavabdeh orqanın 16/1-242020 saylı 05 dekabr 2025-ci il tarixli qərarı ilə X3 barəsində yenidən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsi ilə inzibati tənbeh növü seçilmişdir. 16/1-242020 saylı 05 dekabr 2025-ci il tarixli qərar rəsmi qaydada 27 dekabr 2025-ci il tarixində alınıbdır. Qərardan da göründüyü kimi protokolu tərtib edən orqan araşdırmanı birtərəfli aparmış, şikayətdə qeyd edilən dəlillərin əsaslı və ya əsassız olmasına qiymət verməmişdir. Buna görə də yenidən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. xx.xx.2025-ci il tarixində saat 16:00 radələrində **-NB-*** dövlət qeydiyyat nişanlı Toyota Venza markalı nəqliyyat vasitəsini, Bakı şəhəri Nizami rayonu Əlif Hacıyev ilə Tofiq Abbasov küçələrinin kəsişməsində saxladığına görə, Yol hərəkəti haqqında AR Qanununun 52-ci maddəsinin 4-cü hissəsinin 6-ci bəndinin tələbini pozduğuna görə, yəni nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanma və durmaya görə barəsində AR İXM-nin 346.5-ci maddəsi ilə xx.xx.2025-ci il tarixində barsində inzibati tənbeh haqqında EQ seriyalı 31055271 saylı qərar qəbul edilmişdir. Həmin ərazidə 1.1-1.4 üfüqi nişanlama xətlərinin olmamasına baxmayaraq, nəqliyyat vasitəsi hərəkət hissələrinin kəsişməsindən 5 metrdən çox məsafədə saxlanmışdır. Həmçinin xx.xx.2025-ci il tarixində həmin ərazidə ölçmə işləri aparan zaman məlum oldu ki, nəqliyyat vasitəsi həqiqətən də hərəkət hissələrinin kəsişməsindən 5 metrdən çox məsafədə saxlanmışdır. Göründüyü kimi, üfüqi yol nişanları olmaya-olmaya şəxs barəsində əsassız olaraq xx.xx.2025-ci il tarixində AR İXM-nin 346.5-ci maddəsi ilə inzibati tənbeh haqqında EQ seriyalı 31055271 saylı qərar qəbul edilmişdir. Texniki cihaz və fotolarla vasitəsilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanma və durmaya görə təqsirli olmasını sübuta yetirmək qeyri mümkündür. Məhkəmə iclasında izahat şikayətçi X3 şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. DİN BDYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(011)-8817/2025 saylı qərarı ilə X2 şikayəti qismən təmin edilmiş, Baş X6 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən tərtib olunmuş 03 oktyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmışdır. DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 16/1-242020 saylı inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, inzibati xəta haqqında işə yenidən baxılarkən yol hərəkəti qayda pozuntusu tam olaraq sübuta yetirilmiş, törədilmiş yol hərəkəti qayda pozuntusu ilə bağlı görüntülərə baxış keçirilən zaman sürücünün «Toyota» markalı, **-NB- *** dövlət qeydiyyat nişanlı avtomobili «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin tələbinə zidd qaydada saxlaması, eləcə də nəqliyyat vasitəsinin etibarnamə əsasında vətəndaş B. Namazovun istifadəsində olması təsdiqini tapmış və Baş X6 İdarəsinin mərkəzi informasiya sistemində nəqliyyat vasitəsinin vətəndaş B.Namazovun istifadəsində olması müəyyən edilmiş, bununla da barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 120-ci maddəsinə əsasən bu Məcəllənin 327 - 356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 346.5-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə – qırx manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı təqdim edilmiş fotogörüntülərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, görüntüdəki avtomobil tərəfindən inzibati pozuntuya yol verilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, X3 qanun pozuntusuna yol vermiş, bununla da haqlı olaraq barəsində qərar tərtib edilərək cərimələnmişdir. Odur ki, DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 16/1-242020 saylı inzibati xəta haqqında iş üzrə qərarın ləğvi üçün heç bir əsas olmadığından X1 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X2 şikayəti təmin edilməsin. DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 16/1-242020 saylı inzibati xəta haqqında iş üzrə qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar