Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-262/2026 22.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Orxan Arzuxan oğlunun sədrliyi, Qurbanova Nuranə Rauf qızının katibliyi, Qərardan şikayət verən şəxs – X2 iştirakı ilə, Baş Dövlət Yol Polisi İdarəsinin 26 oktyabr 2026-ci il tarixli, EQ31568301 saylı inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Baş Dövlət Yol Polisinin 26 oktyabr 2026-ci il tarixli, EQ31568301 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə inzibati icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, **-UL-*** d.q.n avtonəqliyyat vasitəsi ZaminBank ASC-dən götürülmüş kredit vəsaiti hesabına alınmışdır və avtonəqliyyat vasitəsi banka girov qoyulmuşdur. Bir müddət sonra kredit öhdəliyini yerinə yetirmədiyi üçün avtonəqliyyat vasitəsini banka təhvil vermişdir. Lakin, bank onun kredit öhdəliyini bağlamaq əvəzinə avtonəqliyyat vasitəsini başqa şəxsə verməklə kredit öhdəliyini başqa şəxslərə həvalə etmişdir. Nəticədə həmin şəxslər banka heç bir vəsait ödəməmişlər. Onun bank qarşısında öhdəliyi qalmışdır və **-UL-*** d.q.n avtonəqliyyat vasitəsi onun mülkiyyətindədir. Lakin, dəfələrlə müraciət etsə də nə bank əməkdaşları, nə icra şöbəsi, nə də DYP əməkdaşları həmin avtonəqliyyat vasitəsini tapıb təhvil verməmişlər. Həmin nəqliyyat vasitəsi sərbəst şəkildə, sənədsiz idarə olunur. Dediklərinin sübutu kimi, **-UL-*** d.q.n nəqliyyat vasitəsi ilə qısa müddət ərzində davamiyyətli olaraq yol hərəkəti qaydaları pozulur və pozulmaqdada davam etdiyini bildirmişdir. Bununla bağlı AR DİN 102 xidmətinə dəfələrlə müraciət etmiş və müraciəti hər dəfə qeydiyyata alınsa da bu günə kimi nə nəqliyyat vasitəsi mülkiyyətinə qaytarılmış, nə də nəqliyyat vasitəsinin qanunsuz istifadə edərək yol hərəkəti qaydalarını pozan şəxs tapılaraq məsuliyyətə cəlb olunmuşdur. Bu vəziyyətdən sui-istifadə edən şəxs qanunsuz olaraq mülkiyyətində olan nəqliyyat vasitəsini hüquqmüəyyənedici sənədlər olmadan idarə etmiş, sanki, bilərəkdən yol hərəkəti qaydalarını pozmaqda davam etdiyini bildirmişdir. Baxmayaraq ki, həmin qayda pozuntuları və ən əsası da harada törədilməsi xüsusi vasitələrlə qeydə alınır, lakin, nədənsə nəqliyyat vasitəsi saxlanılması istiqamətində tədbirlər görülmədiyini bildirmişdir. Bu səbəbdən də tərtib olunmuş elektron protokollar onun adına tərtib olunur və nəticə etibarı ilə barəsində inzibati məsuliyyətə cəlb olunma haqqında qərarlar qəbul olunmuşdur. Baxmayaraq ki, hadisənin başqa şəxs tərəfindən törədilməsi bəlli olsada məsuliyyət üzərində qalır və hətta sürücülük hüququnun məhdudlaşdırılması təhlükəsi yaranmışdır. **-UL-*** d.q.n avtonəqliyyat vasitəsi ilə aşağıda qeyd olunan X3 barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında inzibati məsuliyyətə cəlb olunmasına dair xx.xx.2025-ci il tarixli 31568301 saylı Qərarını ləğv edilməsini və barəsində başlanmış icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 şikayətin məzmununa uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixli 31568301 nömrəli qərardan verdiyi şikayətlə əsaslandırır ki, o, avtomobili sürmədiyi halda, Ağdamda heç vaxt olmadığı halda, Ağdam ərazisində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bununla bağlı Baş Dövlət Yol Polis İdarəsinə məlumat vermişdir. xx.xx.2025-ci il tarixli məktubla bildirilmişdir ki, “Opel” markalı, **-UL-*** d.q.n vasitəsinin saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilməsi barədə qərar qəbul edilmişdir. Qeyd edilənlərə əsasən, barəsində xx.xx.2025-ci il tarixli EQ 31568301 nömrəli protokol əsasında qəbul edilmiş 26 oktyabr 2025-ci il tarixli inzibati tənbeh verilməsi barədə qərarı ləğv edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Baş Dövlət Yol Polisi İdarəsi nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş 26 oktyabr 2025-ci il tarixli inzibati tənbeh verilməsi barədə elektron qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2 və 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 400 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəməyə təqdim edilmiş AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, vətəndaş Məmməd Zamanovun sorğusu əsasında, “Opel” markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda sadalanan normaların tələblərindən göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Göründüyü kimi, X2 barəsində 26 oktyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmişdir. Belə ki, AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilənlər inzibati xətanın məhz X3 tərəfindən törədilməsi faktını şübhə altına salmışdır. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, onun inzibati xətanı törətməsi barədə səlahiyyətli orqanın gəldiyi nəticə üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır (ən başlıcası inzibati xəta törədilən zaman avtomobilin həqiqətən onun tərəfindən idarə edilib-edilməməsi). Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X1 iştirakı ilə şikayət ərizəsində göstərilən dəlillər hərtərəfli, tam və obyektiv surətdə araşdırılmalı, şikayətin dəlillərinin əsaslı və ya əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X3 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. İnzibati xəta haqqında Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli EQ31568301 saylı protokol əsasında qəbul edilmiş 26 oktyabr 2025ci il tarixli inzibati tənbeh verilməsi barədə qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün AR DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qalan hissədə şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Orxan Əlizadə
Məhkəmə qərarları › İş №3(5-94)-262/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-262/2026
22.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver