Məhkəmə qərarları › İş №3(5-94)-263/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-263/2026

23.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-263/2026 23.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Ramazanov Zəfər Akif oğlunun sədrliyi, Qorçulu Aysu Tariyel qızının katibliyi, Şikayət verən şəxs X1, Baş Dövlət Yol Polisi İdarəsinin 29 oktyabr 2025-ci il tarixli, EQ/31638523 saylı inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Baş Dövlət Yol Polisi İdarəsinin 29 oktyabr 2025-ci il tarixli, EQ/31638523 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə inzibati icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, **-UL-*** d.q.n avtonəqliyyat vasitəsini ZaminBank ASC-dən götürülmüş kredit vəsaiti hesabına alınmışdır və avtonəqliyyat vasitəsi banka girov qoyulmuşdur. Bir müddət sonra kredit öhdəliyini yerinə yetirə bilmədiyi üçün avtonəqliyyat vasitəsini banka təhvil vermişdir. Lakin bank onun kredit öhdəliyini bağlamaq əvəzinə avtonəqliyyat vasitəsini başqa şəxsə verməklə kredit öhdəliyini başqa şəxslərə həvalə etmişdir. Nəticədə həmin şəxslər banka heç bir vəsait ödəməmişdilər. Bank qarşısında öhdəliyi qalmışdır və **-UL-*** d.q.n avtonəqliyyat vasitəsi mülkiyyətindədir. Lakin dəfələrlə müraciət etsə də, nə bank əməkdaşları, nə icra şöbəsi , nə də DYP əməkdaşları həmin atonəqliyyat vasitəsini tapıb təhvil vermirlər. Baxmayaraq həmin nqəliyyat vasitəsi sərbəst şəkildə, sənədsiz idarə olunur. Dediklərinin sübutu kimi , **-UL-*** d.q.n nəqliyyat vasitəsi ilə qısa müddət ərzində davamiyyətli olaraq yol hərəkəti qaydaları pozulur və pozulmaqda da davam edir. Bununla bağlı AR DİN 102 xidmətinə dəfələrlə müraciət etmiş və müraciəti hər dəfə qeydiyyata alınsa da, bu günə kimi nə nəqliyyat vasitəsi mülkiyyətinə qaytarılır, nə də nəqliyyat vasitəsinin qanunsuz istifadə edərək yol hərəkəti qaydalarını pozan şəxs tapılaraq məsuliyyətə cəlb olunmur. Bu vəziyyətdən sui-İstifadə edən şəxs qanunsuz olaraq mülkiyyətində olan nəqliyyat vasitəsini hüquq müəyyənedici sənədlər olmadan idarə edərək, sanki bilərərkdən yol hərəkəti qaydalarını pozamaqda davam edir. Baxmayaraq ki, həmin qayda pozuntuları və ən əsasıda harda törədilməsi xüsusi vasitələrlə qeydə alınır, lakin nədənsə nəqliyyat vasitəsi saxlanılması istiqamətində tədbirlər görülmür. Bu səbəbdən də tərtib olunmuş elektron protokollar adına tərtib olunur və nəticə etibarilə barəsində inzibati məsuliyyətə cəlb olunma haqqında Qərarlar qəbul olunur. Baxmayaraq ki, hadisənin başqa şəxs tərəfindən törədilməsi bəlli olsada məsuliyyət üzərində qalır və hətta sürücülük hüquqununun məhdudlaşdırılması təhlükəsi yaranmışdır. Qeyd olunanlara əsasən, ** UL *** d.q.n avtonəqliyyat vasitəsi ilə aşağıda qeyd olunan X2 barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında inzibati məsuliyyətə cəlb olunmasına dair 29 oktyabr 2025-ci il tarixli, EQ/31638523 saylı qərarın ləğv edilməsini və barəsində başlanmış icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən şəxs X2 şikayətinə uyğun izahat verərək göstərmişdir ki, avtomobili o sürmür. 2017-ci ildən banka qaytarmışdır. Yol polisi də bunu bilir. Ağdamda heç olmamışdır, lakin cərimələr orada yazılıb. Qərarın ləğv edilib, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmasına baxmayaraq Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə şikayət verən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş 29 oktyabr 2025-ci il tarixli, EQ/31638523 saylı inzibati tənbeh verilməsi barədə elektron qərardan görünür ki, X2 xx.xx.2025-ci il tarixdə saat 15:27-də “Opel Vectra minik” markalı **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobilini Ağdam rayonu, Quzanlı kəndi, Hindarx istiqamətində idarə edərkən Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmadığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3, 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 400 manat inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-16/2-Z-234498 №-li məktubundan görünür ki, “Opel Vectra minik” markalı **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilməsi barədə qərar qəbul olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 469.3-cü maddəsinə əsasən, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. 332.3-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda sadalanan normaların tələblərindən göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş 29 oktyabr 2025-ci il tarixli, EQ/31638523 saylı qərara əsasən X1 xx.xx.2025-ci il tarixdə saat 15:27-də Ağdam rayonu, Quzanlı kəndi, Hindarx istiqamətində “Opel Vectra minik” markalı **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına və nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə Azərbaycan Respublikası İXM-nin 469.3, 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 400 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, X1 barəsində 29 oktyabr 2025-ci il tarixli, EQ/31638523 saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X1 iştirakı ilə şikayət ərizəsində göstərilən dəlillər hərtərəfli, tam və obyektiv surətdə araşdırılmalı, şikayətin dəlillərinin əsaslı və ya əsassız olmasına qiymət verilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Baş Dövlət Yol Polisi İdarəsinin 29 oktyabr 2025-ci il tarixli, EQ/31638523 saylı inzibati tənbeh verilməsi barədə elektron qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X2 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. İnzibati xəta haqqında Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən 29 oktyabr 2025-ci il tarixli, EQ/31638523 saylı inzibati tənbeh verilməsi barədə elektron qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zəfər Ramazanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar