Məhkəmə qərarları › İş №3(5-94)-28/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-28/2026

22.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-28/2026 22.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, X1 iştirakı ilə, X1 barəsində Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş TP ******* saylı xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X4 şikayətlə məhkəməyə müraciət edərək AR DİN-in Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş, İPX7700603 nömrəli inzibati xəta haqqında protokolun qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X4 şikayəti onunla əsaslandırmışdır ki, AR DİN-in BDYPİ-nin 26,12.2025-ci il tarixli, İXP ******* nömrəli protokol ilə AR İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən, birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə barəsində 150 (yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Lakin aşağıda qeyd olunan faktiki və hüquqi hallara əsasən hesab edir ki, barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokol tamamilə qanunsuz, əsassızdır və inzibati xəta tərkibi mövcud olmadan qəbul edilmişdir. xx.xx.2025-ci il tarixdə, saat 13:21 radələrində şikayətçi idarə etdiyi **-YL-*** dövlət qeydiyyat nömrəli avtomobillə Bakı şəhəri, Kövkəb Səfərəliyeva küçəsində yerləşən işıqforun qarşısında qırmızı işıq siqnalı ilə əlaqədar tam dayanmış vəziyyətdə gözləyirdi. Bu zaman hadisə yerində olan 439 nömrəli Yol Patrul Xidməti avtomobilinin əməkdaşı, Üzeyir Hacıbəyov küçəsi istiqamətində nəqliyyatın hərəkətini tam şəkildə dayandıraraq, qarşıdan gələn hərəkət zolağını bağlamış və ona əl və hərəkət işarələri ilə hərəkət etməyi üçün göstəriş vermişdir. YPX əməkdaşının birbaşa göstərişinə əsasən şikayətçi qarşı tərəfə daxil olmuş, lakin bundan dərhal sonra həmin əməkdaş tərəfindən saxlanılaraq əsassız şəkildə inzibati xəta protokolu tərtib edilmişdir. Şikayətçinin hərəkəti öz təşəbbüsü ilə deyil, bilavasitə yol hərəkətinə nəzarət edən səlahiyyətli vəzifəli şəxsin göstərişi əsasında baş vermişdir. Bu hal inzibati xəta kimi qiymətləndirilə bilməz. Şikayətçi etirazını bildirərkən tıxac zamanı sürücülərin YPX əməkdaşları tərəfindən qarşı hərəkət zolağı ilə buraxıldığını qeyd etdikdə, müfəttiş "qarşı yola səhər saatlarında çıxmağın mümkün olduğunu" bildirmişdir. Bu hal göstərir ki, qeyd olunan hərəkət yol hərəkətinin təşkili məqsədilə YPX tərəfindən icazə verilən hərəkət kimi qəbul edilir. Yuxarıda qeyd etdiyi xüsusatlardan dolayı hesab edir ki, AR DİN-in BDYPİ-nin 26.12.205-ci il tarixli İXP ******* nömrəli qərarı tamamilə qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında izahat verən X3 Nuru oğlu şikayəti müdafiə etmiş və qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhər DYPİ-yə lazımi qaydada məlumat verilsə də, Bakı şəhər DYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Bakı şəhər DYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayətçini dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş TP ******* saylı xx.xx.2026-cı il tarixli inzibati tənbeh tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 **-YL-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2025-ci il tarixdə saat 13:21-də Kövkəb Səfərəliyeva küçəsi 17 ünvanında hərəkətdə olarkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməsi aşkar edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsilə inzibati xəta törətdiyinə görə barəsində 150 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İnzibati xəta hadisəsinin görüntülərini əks etdirən videogörüntülərə baxış keçirilərkən X2 nəqliyyat vasitəsi 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməsi aşkar edilmişdir. Məhkəməyə təqdim edilmiş videogörüntüdən müəyyən edilir ki, şikayətçi idarə etdiyi avtomobillə hərəkətdə olarkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmiş, bununla da qayda pozuntusuna yol vermişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 120-ci maddəsinə əsasən bu Məcəllənin 327 - 356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə-yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı şikayətçi qeyd etsə də ki, avtomobili tam olaraq əks istiqamətli yola keçirməmişdir, məhkəmə hesab edir ki, təqdim edilmiş görüntüdən şikayətçinin qayda pozuntusuna yol verdiyi müəyyən edilir. Bu səbədən, məhkəmə hesab edir ki, şikayətçi haqlı olaraq cərimələnmişdir. Odur ki, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş TP ******* saylı xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından X1 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X2 şikayəti təmin edilməsin. Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş TP ******* saylı xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar