Məhkəmə qərarları › İş №3(5-94)-300/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-300/2026

21.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-300/2026 21.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərov Samid Sadiq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsindən daxil olmuş 22 dekabr 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 06:25 radələrində «Chevrolet Camaro minik» markalı, **-ZK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən saxlanılmış, yoxlama zamanı sürücünün avtomobili sərxoş halda idarə etdiyi məlum olmuşdur. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə dostları ilə birlikdə axşam saat 20:00-dan gecə saat 00:00-də spirtli içki qəbul etmişdir. Daha sonra o, yaşadığı ünvana getmək üçün ayıq sürücü xidmətindən istifadə etmiş və yaşadıqları yerə çatdıqda ayıq sürücü ona avtomobilini park etmək üçün təhvil verib çıxıb getmişdir. O, məhəllədə avtomobili park etmək istəyən zaman polis əməkdaşı ona yaxınlaşmış və alkotesterdən istifadə edərək onun sərxoşluq dərəcəsini ölçmüşdür. Lakin bir neçə dəfə cəhd etməsinə baxmayaraq spirtli içki qəbul etdiyi halda alkotester onun içkili olmasını göstərməmişdir. O, spirtli içki qəbul etsə də, nəqliyyat vasitəsini onun yerinə ayıq sürücü idarə etmişdir. Bir neçə müddət əvvəl Bakı şəhəri Xətai Rayon Məhkəməsində onun İXM-nin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair işə baxılmış və o, məhkəmə tərəfindən cərimələnmişdir. Həmin hadisədən sonra o, bir daha narkotik vasitə qəbul etməmişdir, lakin buna baxmayaraq tibbi müayinə nəticəsində onun sidiyində qanunsuz maddə aşkar edilmişdir. Narkotik vasitənin qanda təxminən 02 ay müddətində qala biləcəyini nəzərə alaraq o, hesab edir ki, həmin maddə bir neçə ay əvvəl qəbul etdiyi maddənin qalığıdır. Beləliklə o, göstərilənlərə əsasən ona köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana lazımi qaydada məlumat verilsə də, məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər DYPİ Yol patrul xidməti baş inspektoru, polis baş leytenantı X1 tərəfindən tərtib edilmiş 22 dekabr 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 06:25 radələrində «Chevrolet Camaro minik» markalı, **-ZK-*** dövlət qeydiyyat nişanlı avtomobili narkoloji sərxoşluq halında idarə etməsi müəyyən edildiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. 22 dekabr 2025-ci il tarixli, 1/2170 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, həmin tarixdə Şəxs müayinə olunmuş və onun narkotik vasitə hesab edilən THC (marixuana) qəbul etməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 nömrəli 27 iyun 2014-cü il tarixli qərarının 3.3-cü bəndinə əsasən narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. Məhkəmə Şəxs hadisə zamanı avtomobili narkotik vasitənin təsiri altında idarə etməməsinə və narkotik vasitə qəbul etməməsinə dair ifadəsinə tənqidi yanaşır və həmin ifadəni inzibati məsuliyyətdən yayınmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Belə ki, “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında 22 dekabr 2025-ci il tarixli, 1/2170 saylı akta əsasən TNC (marixuana) narkotik vasitələrin siyahısına daxildir və müayinə nəticəsində Şəxs sözügedən narkotik vasitələrdən istifadə etməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə aktından və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 600 (altı yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar