Məhkəmə qərarları › İş №3(5-94)-303/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-303/2026

04.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-303/2026 04.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə, X1 Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş TP ******* saylı xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Daxili İşlər Nazirliyinin X4 İdarəsi tərəfindən barəsində tərtib edilmiş 02 dekabr 2025-ci il tarixli "inzibati tənbeh vermə haqqında" TP ******* nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, şikayətçi hər zaman qanunsevər və qanunlara riayət edən vətəndaş kimi yaşamağa çalışmışdır. Əks mövqe onun əqidəsinə, xassiyyətinə ziddir. İndiyədək ona demək olar ki, ancaq parkingə görə cərimələr tətbiq edilib. Onları da dərhal 10% güzəştlə ödəmişdir. Ümumiyyətlə son zamanlar parkinglərə görə də pozuntuları minimuma (0 dərəcəyə) endirmişdir. Təəsüflər olsun ki, X4 İdarəsi tərəfindən barəsində protokol tərtib edilmişdir. Həmin protokolun qərarını əzab əziyyətlə Bakı Şəhər Baş Yol Polis İdarəsindən 08 yanvar 2026-cı il tarixdə əldə etmişdir. Polis əməkdaşlarına yazdıqları cərimə məbləğinə mütənasib faiz gəlirinin maaşına əlavə kimi verilməsi onları müəyyən vaxtlarda qanun pozuntularına yol vermələrinə (əsassız cərimə yazmaqlarına) sövq edir. Guya svetoforun qadağan edici işarəsində yolu keçmişdir. Bakı şəhəri, Ceyhun Hacıbəyli küçəsi ilə hərəkət edərkən polis əməkdaşı şikayətçinin maşınına saxla işarəsini vermişdir. Həmin yol polis maşını şikayətçinin maşınının düz arxası ilə gəlirdi. Şikayətçi maşını 40-50 km saatla sürürdü. Polis maşınının bilavasitə qabağında Svetoforun qadağanedici işarəsi yandığı halda hərəkətə davam etmək nə qədər ağlabatan səslənir? Məhz buna görə də polis əməkdaşından video görüntünü soruşduqda, "sms-lə gələn cərimədən şikayət verərsən" deməklə söhbətdən yayınmışdı. Şikayətçi qırmızı işıqda yol kəsişməsini keçməmişdir. Şikayətçi yol ayrıcında svetoforun yaşıl işığının yanıb söndüyünü görmüş, lakin şikayətçinin 40-50 km surətlə maşını dərhal dayandırmağı, arxadan eyni surətlə gələn yol patrul maşını əməkdaşının maşını üçün birmənalı olaraq təhlükə yaradacaqdı. Bu səbəbdən yaşıl işığın yanıb sönməsi anında (derhal tormozlanma etmədən) şikayətçi hərəkətinə təhlükəsiz qaydada davam etmişdir. Təəsüf ki, sonradan onu arxadan gələn yol patrul əməkdaşı saxlayaraq ona qarşı hörmətsizlik etməyini irad olaraq bildirmiş və bu cəriməni ona yazmışdır. Şikayətçi qəfil maşını təhlükəli şəraitdə yol ayrıcında saxlasaydı-yol patrul əməkdaşı haqlı olaraq ona təhlükəli şərait yaratmağını bildirəcəkdi. Hər bir halda polis əməkdaşının şikayətçinin maşınının ardınca məhz cərimə yazmaq məqsədi ilə gəlməsi aydın olmuşdur. Belə ki, onun şikayətçinin maşınına qərəzli şəkildə yaxınlaşaraq olmayan halı şikayətçinin boynuna qoymağa cəhd etməsi, ona qarşı guya şikayətçinin hörmətsiz yanaşmağını irad olaraq bildirməsi, qırmızı işığın ümumiyyətlə yol ayrıcından çıxana qədər görünməməsi halını danması, "düz qırmızı işıqda keçmisən" deməsi (guya həmin hərəkətinlə arxadan gələn onun maşınına və özünə qarşı hörmətsizlik etmişdir) əsassız protokoluna sübutsuz don geydirməsi ilə izah edilə bilər. Mümkün deyil ki, hansısa üsulla şikayətçinin qırmızı işıqda yol keçməyinə dair hər hansı sübut təqdim edilsin. Çünki qırmızı işıqda yoluna davam etməyi halı 2005-ci ildən (sürücülük vəsiqəsi ona verilən tarixdən) indiyədək olmayıb və ola da bilməz. Bu hal şikayətçinin təbiətinə və maşın sürmə tərzinə ziddir. Belə bir fərziə də verilə bilər ki, şikayətçi sarı işıqda yol keçmişdir. Lakin bunun da sübut olunması üçün video görüntü təqdim edilməlidir. Nəzərə almaq lazımdır ki, "Yol hərəkəti haqqında qanunun 59-cu maddəsinə əsasən, sarı işığın yanması hərəkətin qadağan olunmasını və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir. Lakin işıqforun sarı işığında hərəkətə icazə verən bəzi hallar var. Həmin qanunun 60-cı maddəsinin 4-cü hissəsinə əsasən, işıqforun sarı işığı yandıqda sürücü dayana bilməyəcəksə, qəfil tormuzlama olmaması üçün sürücü yol ayrıcını keçə bilər". Yəni sürücü stop xəttini keçmə anında sarı ışıq yanırsa bu qadağanedici siqnalda yolayrıcını keçmə halı hesab edilmir. 2005 ci il tarixdən indiyədək 20 ildir maşın idarə edirəm və 1 dəfə də olsun qadağanedici işarəni keçmə halım olmayıb. Şikayətçinin qayda pozuntusu etməyi barədə sms alandan sonra asan pay vasitəsilə şikayətlərini bildirmişdir. Lakin şikayətçiyə həmin şikayətlərlə bağlı hər hansı cavab verilməmişdir. Həmçinin qərar da ona göndərilməmişdir. Qərarı şəxsən xeyli vaxt itkisindən sonra əldə edə bilmişdir. 08 yanvar 2026-cı il tarixdə İnzibati orqanın inzibati binasında şikayətini bildirdikdə, onlar şikayətçiyə haqlı olduğunu amma kompyuter tərəfindən tərtib edilmiş cəriməni silə bilmədiklərini və yalnız məhkəmə qərarı əsasında cərimənin silinə biləcəyini izah etdilər. Halbuki hər iki hal polis əməkdaşının protokol yazması ilə rəsmiləşdirilmişdir. İnzibati tənbeh barədə qərar şikayətçiyə 08 yanvar 2026-cı il tarixdə təqdim edilmişdir. Protokol (qərar) üzədurma, şər atma kimi qiymətləndirilməlidir. Qərarlarda konkret sübut göstərilmədiyi üçün belə qərarları İXM-nin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi və şikayətçi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, səlahiyyətli orqanın nümayəndəsinin və şikayətçinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayəti və işdə olan materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş TP ******* saylı xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X1 xx.xx.2025-ci il tarixdə “Ford Explorer” minik markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi əsas gətirilərək barəsində 100 manat inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu: 60-cı maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar: 1) yolayrıcında — kəsişən yolun hərəkət hissəsi qarşısında (bu Qanunun 76-cı maddəsinin dördüncü hissəsini nəzərə almaqla); 2) bu Qanunun 44-cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq dəmiryol keçidi qarşısında; 3) başqa yerlərdə — hərəkətinə icazə verilən nəqliyyat vasitələrinə və piyadalara maneə yaratmadan svetofor və ya nizamlayıcı qarşısında. 60-cı maddənin İV bəndinə əsasən, svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir. Siqnal verilərkən yolun hərəkət hissəsində olan piyadalar keçidi boşaltmalı, bu mümkün olmadıqda isə, nəqliyyat vasitələrinin əks istiqamətli hərəkətlərini ayıran xəttin üzərində dayanmalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibatı xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş TP ******* saylı xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X1 xx.xx.2025-ci il tarixdə “Ford Explorer” minik markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi əsas gətirilərək barəsində 100 manat inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iclasında X2 qərarda qeyd edilən xətanı törətməməsini, yol ayrıcı qaydalarına riayət etməklə avtomobil idarə etdiyini, bunun əskini təsdiq edəcək hər hansı foto və ya video görüntülərin mövcud olmadığını bildirmiş, məhkəmə tərəfindən səlahiyyətli orqandan inzibati xətanı əks etdirən görüntülərin məhkəməyə təqdim edilməsi istənilsə də, səlahiyyətli orqandan tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, X2 barəsində Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş TP ******* saylı xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Beləliklə, məhkəmə belə hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş TP ******* saylı xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin edilsin. Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş TP ******* saylı xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və şəxsin iştirakının təmin edilərək müvafiq araşdırma aparılması üçün iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar