Məhkəmə qərarları › İş №3(5-94)-305/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(5-94)-305/2026

15.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-94)-305/2026 15.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Ramazanov Zəfər Akif oğlunun sədrliyi ilə, xx xxx 1992-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə, müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsindən daxil olmuş 15 yanvar 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə qeyd olunur ki, Şəxs narkoloji müayinədən keçirilmiş və narkotik vasitə istifadə etməsi müəyyən edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinəni aparılması haqqında xx.xx.2026-cı il tarixli, № 133 aktından görünür ki, Şəxs sidikdə MOP (morfin), MET (metamfetamin) müsbət aşkar edilmişdir. Azərbaycan Respublikası İXM-nin 106.0.3-cü maddəsinə əsasən hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi məsələsini həll edir. Həmin məsələni araşdıraraq hesab edirəm ki, inzibati xəta haqqında icraat zamanı toplanmış sübutlar tam deyildir və iş materialları tamamlanmadan işə baxılması mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 37.1 və 37.2-ci maddələrinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir”. Şəxsin narkomaniyadan müalicəyə ehtiyacının olub-olmaması məsələsinin həlli müvafiq həkim müayinəsinin nəticələri üzrə verilən rəy əsasında mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi” qaydasının 2.2.9-cu bəndində qeyd edilmişdir ki, məcburi müalicənin tətbiqinə yalnız həkim-məsləhət komissiyasının rəyi əsasında narkotik vasitələrin və psixotrop maddələrin sui-istifadəsi nəticəsində onlardan psixi və (və ya) fiziki asılılıq vəziyyətinə düşən, o cümlədən psixi və davranış pozuntuları ilə müşahidə olunan və barəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada narkoloji tibb müəssisəsi tərəfindən “narkomanlıq” diaqnozu təyin edilmiş şəxs üzərində yol verilir. Ona görə də barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin tibbi müayinədən keçirilməsi araşdırmanı aparmış vəzifəli şəxs tərəfindən təşkil olunmalı və müvafiq həkim rəyi inzibati xəta haqqında protokol və digər aidiyyəti sənədlərlə birlikdə məhkəməyə təqdim edilməlidir. Azərbaycan Respublikası İXM-nin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Azərbaycan Respublikası İXM-nin 89.4-cü maddəsinə əsasən, bu Məcəllənin 206-cı maddəsində göstərilən xətanı törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Təqdim olunmuş materialdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs müvafiq tibbi müayinədən keçirilməmiş, yəni, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmadığına dair tibbi rəy alınmamışdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğundan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair tərtib olunmuş 15 yanvar 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair tərtib olunmuş 15 yanvar 2026-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə qaytarılsın. Hakim: Zəfər Ramazanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar