Məhkəmə qərarları › İş №3(5-94)-643/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-643/2026

10.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-643/2026 10.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Rəşidov Xəzər Araz oğlunun katibliyi, X1 iştirakı ilə, X2 Bakı şəhər X11 İdarəsinin 02 dekabr 2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş 02 dekabr 2025-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. X6 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri DYP-nin əməkdaşı inspektoru X4 xx.xx.2025-ci ildə saat 13:43-də ona məxsus olan **-AJ-*** “Hyundai Accent” markalı maşınla Babək prospektində geri dönüş etdiyi zaman DYP-nin inspektoru X4 onu saxladaraq geri dönüş etdiyi zaman xətti ayaqladığını bildirmiş və o, həmin vaxt onun maşınında olan reqistratorda “gəl göstərim ayaqlamamışam” desə də, DYP əməkdaşı onunla razılaşmamış və protokol tərtib etmişdir razılığı olmadan. Və o, xx.xx.2025-ci ildə yəni həmin gün 1 saat sonra Bakı şəhəri DYP-nə gedib 108-ci otaqda rəsmi ərizə vermiş və bildirmişdir ki, kamera görüntüsünü göstərsinlər. Ona 108-ci otaqdan bildirmişlər ki, DYP-nin maşınında olan reqistratorda onu çağırıb göstərəcəklərinə 10 gün müddətində söz vermişlər. 10 gün müddət keçsə də onu çağırmamışlar və o, E-polis proqramında Cənab nazirə və Bakı şəhəri Baş Polis İdarəsinin rəisinə şikayət yazsa da heç bir nəticə əldə etməmişdir. Sonra qərara gəlmişdir ki, protokolu DYP-nin dəftərxanasından götürüb məhkəməyə versin. Onu DYP-nin 211 nömrəli otağına yöndərmişlər. Dəftərxanadan işi araşdıran polis mayoru X3 onsuz kameraya baxmadan necə qərar verdiklərini bildirmişdir. O, ona bildirmişdir ona işini öyrətməsin, şikayəti varsa məhkəməyə versin. Məhkəmə iclasında iştirak edən şikayətçi X6 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və şikayət ərizəsinin təmin olunmasını xahiş etmişdir. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, inzibati xətanın məhz onun təqsiri ucbatından törədilməsini təsdiq edən digər sübutlar ona təqdim edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X11 İdarəsinin polis mayoru X5 tərəfindən tərtib olunmuş 02 dekabr 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X2 xx.xx.2025-ci il tarixdə, saat 13:43-də “Hyundai Accent minik” markalı, **- AJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etməməsi əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 (qırx) manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 02 dekabr 2025-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 02 dekabr 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarda X2 xx.xx.2025-ci il tarixdə, saat 13:43-də “Hyundai Accent minik” markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etməməsi göstərilmiş və ona 40 manat məbləğində cərimə tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 02 dekabr 2025-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 02 dekabr 2025-ci il tarixli, TP ******* saylı qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində 02 dekabr 2025-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 02 dekabr 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.1-ci amaddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X2 şikayəti təmin edilməli, Bakı şəhər X11 İdarəsi tərəfindən 02 dekabr 2025-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 02 dekabr 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin edilsin. Bakı şəhər X11 İdarəsi tərəfindən 02 dekabr 2025-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 02 dekabr 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar