Məhkəmə qərarları › İş №3(5-94)-746/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-746/2026

29.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-746/2026 29.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Orxan Arzuxan oğlunun sədrliyi, Möhsümzadə Tural Kamran oğlunun katibliyi, Şikayət vermiş şəxs X4 iştirakları ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X7 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilərək barəsində xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Daha sonra isə Xidmətin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-B-85200/2025 nömrəli məktubu ilə 30 gün müddətində qanunsuz əmrin ləğv edilməsi və bu halda şərti cərimənin ödənilməyəcəyi bildirilmişdir. X1 əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli, 08 nömrəli əmrə xitam verilmiş və yeni əmr (işə bərpa) qəbul edilərək pozuntunun aradan qaldırılması ilə bağlı xx.xx.2025-ci il tarixdə DƏMX-məktub ünvanlanmışdır. Lakin, bu vaxta kimi DƏMX tərəfindən nə cavab verilmiş nə də müvafiq elektron informasiya sistemində düzəlişin edilməsi üçün səlahiyyət verilmişdir. X2 ilə onun arasında xx.xx.2025ci il tarixdə Mediasiya qurumunda barışıq sazişi bağlanmış və işçinin heç bir şikayəti qalmamışdır. Beləliklə, İnzibati Xətalar Məcəlləsinin ona verdiyi şansdan, yəni, cərimənin şərti olaraq tətbiq edilməsindən istifadə edərək cərimə olunmaması üçün bütün hərkətləri etmişdir. Lakin. Hazırda xidmət tərəfindən həmin şərti cərimənin aradan qaldırılması ilə bağlı rəsmi olaraq heç bir məktub təqdim edilmir. Məhkəmə iclasında şikayət vermiş şəxs X7 şikayətini müdafiə edərək bildirmişdir ki, hüquq pozuntusu ilə əlaqədar inzibati cərimə olunmuş, lakin, pozuntunu artıq aradan qaldırmışdır. Onun barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayəti yoxdur, qərarla razıdır, şikayəti pozuntunu aradan qaldırdığı halda cərimənin silinməməsi ilə bağlıdır. Beləliklə, məhkəmə baxışında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən fərdi sahibkar X4 barəsində tərtib edilmiş 25 avqust 2025-ci il tarixli, MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərar qanunidir, eyni zamanda, həmin qərar şikayət vermiş şəxs tərəfindən də mübahisə edilmir, yaranmış mübahisə yalnız hüquqpozmanın aradan qaldırıldığı halda şərti olaraq tətbiq edilmiş cərimənin silinməməsi və ya ödənilməməsi ilə bağlı məlumat verilməməsi ilə əlaqədardır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən fərdi sahibkar X4 barəsində tərtib edilmiş 25 avqust 2025-ci il tarixli, MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə AR Əmək Məcəlləsinin 68.2 ”a” bəndinə əsasən xitam verilmişdir. X5 şikayəti əsasında fərdi sahibkar X6 3-17-5/2-59264/2025 nömrəli məktubla qeyd olunan sənədləri 7 iş günü müddətində DƏMX-nə göndərilməsi tələb olunmuşdur. Lakin xx.xx.2025-ci il tarixdə\ məktuubn çatdırılmasına baxmayaraq, sənədlər tam təqdim olunmamışdır. Nəticədə həmin məcəllənin 172.4-cü maddəsinin tələbləri pozularaq, X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 1500 (bir min beş yüz) manat məbləğində cərimə olunmuşdur. İş materiallarından görünür ki,xx.xx.2025-ci il tarixli MŞB/xx/xx-001445 nömrəli Barışıq sazişindən görünür ki, X8 və X7 arasında sözügedən əmək mübahisəsi ilə əlaqədar barışıq sazişi imzalanmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən, İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərin birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172.1-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilməməmişdir, belə ki, X7 verilən qərarın əsassız olduğunu mübahisələndirməmiş, əksinə pozuntunu qəbul edərək onu aradan qaldırmış və nəticədə inzibati xəta haqqında icraata xitam verilməsini tələb etmişdir. Bundan başqa iş materiallarında X3 hər hansı cərimənin tutulduğu da görünmür. Odur ki, X7 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdaərinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: X7 tərəfindən verilmiş şikayət təmin olunmasın. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Orxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar