Məhkəmə qərarları › İş №3(5-94)-880/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-880/2026

04.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-880/2026 04.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Rəşidov Xəzər Araz oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2026cı il tarixli, EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək inzibati xəta haqqında polis əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli ******* saylı protokol üzrə qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2026-cı il tarixində Xətai rayonunda yaşadığı evin yaxınlığında saxladığı it ilə birlikdə gəzərkən polis əməkdaşı ona yaxınlaşmış, özünü sahə polis müvəkkili kimi təqdim etmiş və it buruntaqsız olduğuna görə cərimə ediləcəyini bildirmişdir. O, ona bildirmişdir ki, iti “Kokker Spaniel” cinsinə aiddir, bu orta ölçülü it cinsidir, bu illərin buruntaqla gəzdirməyi qanun məcbur etmir. Qanunvericiliyin tələbinə əsasən yalnız iri itlərin buruntaqsız gəzdirilməsi qayda pozuntusu sayılır, lakin bu tələb kiçik və orta it cinslərinə tətbiq edilmir. Bunu təsdiq edən itinə məxsus olan pasportdur, eləcə də onun ölçüsü və çəkisidir, bundan başqa, internetdə ixtisaslaşmış portallardakı açıq mənbələrdə aşkar şəkildə bu cinsinə aid olan itlərin orta ülçülü illərə aid olduğu, onların hündürlüyü 39-40 sm qədər, çəkisi isə 14-15 kq qədər olduğu bildirilir. İri cins itlərin isə hündürlüyü 60 sm-dən yuxarı, çəkisi 25 kq-dan çox olduğu qeyd edilir. Onun iti ümumiyyətlə aqressiv və döyüşən deyil, insanlara qarşı çox müayim davranır, insanların və ya digər heyvanların üstünə hücum etmir. Onun iti iri ölçülü deyil, məhz orta ölçülü it olduğunu nəzərə alaraq onu həmişə cilovla gəzdirir, həmin gün də itinə cilovu taxıb gəzdirirdi və bunu polis əməkdaşına bildirmiş, lakin o, onun sözünə məhəl qoymadan əsassız və qanunsuz olaraq inzibati protokol tərtib etdiyini bildirmiş, protokolun surətini ona təqdim etməyini ondan tələb etmiş, buna baxmayaraq protokolun və qərarın surətlərini ona təqdim etməkdən imtina etmişdir. Qanunsuz protokol tərtib etdiyi az imiş kimi, həmin polis əməkdaşı onu məcbur etmişdir ki, 200 manat məbləğində cəriməni dərhal ödəsin. Bu qanunsuz tələbinə qarşı da etiraz etmiş, cərimə ilə ümumiyyətlə razı olmadığını və şikayət vermək istəyini də bildirmiş, lakin dərhal cəriməni ödəmədiyi halda onu polis bölməsinə aparacağı ilə və orada saxlayacağı ilə hədələmişdir. O, bildirmişdir ki, o qədər məbləğ onda yoxdur, qanunla cərimənin ödənişi üçün vətəndaşa müəyyən vaxt verilir, lakin həmin polis əməkdaşı tələb etmişdir ki, pulu hardan tapırsa tapsın və bir-neçə saat ərzində ödəsin, əks halda qadın olmağına və heç bir qanunu pozmadığına baxmayaraq onu məcburi şəkildə polis bölməsinə aparacaq və guya ona həyat yoldaşı ilə birlikdə müqavimət göstərdikləri barədə böhtan xarakterli məlumat verəcəyini bildirmişdir. Lakin həmin vaxt həyat yoldaşı həmin yerdə yanında deyildi və bu məsələ barədə ümumiyyətlə məlumatsız idi. Polis əməkdaşının ona qarşı etdiyi bu davranış nəticəsində çox həyəcan keçirmiş, stresə düşmüş, özünü pis hiss etmiş, oğluna zəng edib məsələni ona danışıb kömək istəmişdir. Oğlu dərhal 102 DİN çağrı mərkəzinə zəng etmiş və şikayətini bildirmişdir, cavab verən əməkdaş tələblərinin qanunsuz olduğu ilə razılaşmış, lakin bu halda kömək edə bilmədiyini etiraf etmişdir. Bütün bunlara baxmayaraq polis əməkdaşı tələblərinin dərhal icra etməyini davamlı olaraq hədə-qorxu şəklində bildirirdi. Belə olan halda məcburiyyət qarşısında qalıb yaxın bir nəfərdən borc götürüb ödənişi etmişdir. Buna məcbur olduğunu oğlunun 102 çağrı mərkəzinə zəng etdiyi zaman aparılan və qeydə alınan danışıq (dialoq) açıq-aşkar sübut edir. Ölkədə insan hüquqlarının qorunmasının əsas prinsiplərdən biri olduğunu ölkə başçısı cənab Prezident tərəfindən hər dəfə çıxışlarında vurğulamasına baxmayaraq və bütün məmurlara vətəndaşların hüquqlarını pozmamağı tapşırdığı bir zamanda ona qarşı polis əməkdaşı tərəfindən edilən bu davranış qanunların və xüsusilə insan haqlarının kobud şəkildə pozuntusudur. Göstərilən faktları işin hallarını nəzərə alaraq məlum olur ki, polis əməkdaşı tərəfindən İnzibati Xətalar Məcəlləsinin və qanunvericiliyin digər tələbləri pozulmuşdur, qanunsuz protokol tərtib edilmişdir. İnzibati xətanın tərəfindən törədilmədiyinə baxmayaraq və qanunvericiliyin yuxarıda göstərilən tələbləri nəzərə alınmadan əsassız tərtib edilmiş protokol və qərar qanunsuz hesab edilir. Qanunun tələblərinə əsasən inzibati işin düzgün, obyektiv və ətraflı araşdırılması və nəticədə ədalətli, qanuni qərarın verilməsi təmin edilməli idi. lakin polis əməkdaşının yuxarıda göstərilən hərəkətləri qanunun tələblərini kobud şəkildə pozmuşdur və bununla da onun hüquqlarını məhdudlaşdırmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq məlum olur ki, polis əməkdaşı tərəfindən tərtib etdiyi protokol və verdiyi qərar qanuni və əsaslı deyil, qanunvericiliyin tələblərinin pozuntusu ilə yazılmışdır. Bu da öz növbəsində qərarın məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Məhkəmə iclasında X4 şikayət ərizəsində göstərdiyi xüsusatları təsdiqləyərək barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, itini qanunvericiliyin tələblərinə uyğun olaraq gəzdirmiş, ətrafda olan heç kimə təhlükə yaratmamış və heç bir qayda pozuntusuna yol verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsinin sahə inspektoru X2 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, EXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X4 tərəfindən itlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirilməsi əsas gətirilərək İXM-nin 290.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir; Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsinin sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, EPQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 290.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 290.1.4-cü maddəsinə əsasən it, pişik və digər ev heyvanlarının saxlanılması qaydalarının pozulmasına, yəni itlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında xx.xx.2026-cı il tarixli, EPQ seriyalı ******* saylı qərara əsasən X4 tərəfindən itlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirilməsi göstərilmiş və barəsində 200 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2026-cı il tarixli, EPQ seriyalı ******* saylı qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli Qərarının 3.1-ci hissəsinə əsasən heyvan sahibi ev heyvanlarının saxlanması ilə bağlı aşağıdakı hüquqlara malikdir: 3.1.1. insanların sağlamlığının qorunması məqsədi ilə itləri ancaq kiçik cilovda, iri cins itləri isə cilovda və buruntaqda olmaqla ümumi məhəllələrdə və yaxud küçələrdə gəzdirmək; 3.1.2. itləri sürülərdə və naxırlarda, xüsusi təşkilatların operativ işlərində, ovda, təlim, məşq meydançalarında cilovsuz və buruntaqsız saxlamaq; 3.1.3. bu Qaydaların 3.1.1-ci yarımbəndinə riayət etməklə, ev heyvanlarını su, hava, dəmir yolu və avtomobil nəqliyyatında (şəhərlərarası avtobuslarda) aparmaq; 3.1.4. yerli icra hakimiyyəti orqanı tərəfindən ayrılmış xüsusi meydançalarda itləri cilovsuz və buruntaqsız gəzdirmək; 3.1.5. sağlamlığını və mənşəyini təsdiq edən pasportu, baytarlıq şəhadətnaməsi, eləcə də müəssisənin müdiriyyətinin razılığı olduqda, ev heyvalarını mehmanxanada saxlamaq. Odur ki, yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsinin sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, EPQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarda X1 ev heyvanlarını saxlama qaydasını pozması və bununlada Azərbaycan Respublikası İXM-nin 290.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilsə də, şikayətçiyə məxsus “Kokker Spaniel” cinsi olan it orta ölçülü hesab edildiyindən qanunvericiliyin tələblərinə əsasən həmin itin buruntaqsız sadəcə kiçik cilovla da gəzdirilməsi qadağan edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə iş materiallarını və şikayətçinin izahatını araşdıraraq hesab edir ki, X1 şikayəti təmin edilməli, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Polis İdarəsinin 35-ci PB-nin xx.xx.2026-cı il tarixli, EPQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, EPQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar