Məhkəmə qərarları › İş №3(5-94)-885/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-885/2026

06.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-885/2026 06.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Rəşidov Xəzər Araz oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, hüquqi şəxs Şəxs QSC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs Şəxs QSC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 07 yanvar 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb vətəndaş X3 müraciəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Şəxs QSC-dən 3-17-5/2-102260/2025 nömrəli, xx.xx.2025-ci il tarixli sorğu məktubunda qeyd olunan sənədlərin 7 iş günü ərzində DƏMX-nin Bakı Şəhər İdarəsinə təqdim olunmasının tələb edilməsi, lakin tələb edilən sənədlərin təqdim edilməməsi olmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X8 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs QSC tərəfindən 3- 17-5/2-102260/2025 nömrəli, xx.xx.2025-ci il tarixli sorğu məktubuna cavab verilməməsini və sənədlərin təqdim edilməməsini bildirərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs QSC-nin etibarnamə üzrə nümayəndəsi X4 barələrində tərtib edilmiş inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, iş materiallarına əlavə edilmiş İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən tərtib edilmiş 07 yanvar 2026-cı il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tamamilə əsassız və qanunsuzdur. Belə ki, İXM-in 539.3-cü maddəsinin dispozisiyasından da göründüyü kimi, sənədlərin və məlumatların verilməsi üçün ilk öncə müvafiq qurumun tələbi mövcud olmalı və həmin tələbə riayət edilmədiyi təqdirdə isə, müvafiq inzibati xəta törədilmiş hesab edilməlidir. Lakin məhkəməyə təqdim etdikləri sənədlərdən (poçt zərfləri, ƏMAS sisteminə daxil olan məktublar bölməsinin ekran görüntüsündən) də göründüyü kimi, protokolun tərtib edildiyi 07 yanvar 2026-cı il tarixədək onlara heç bir sorğu, məlumat daxil olmamışdır. İlk dəfə qəbul etdikləri məktub artıq protokolun özü olmuş və yalnız 22 yanvar 2026-cı il tarixdə rəsmi olaraq poçt vasitəsilə tərəflərindən qəbul edilmişdir. Daha sonra isə təkrarən eyni və oxşar məzmunlu məktublar, bildirişlər göndərilmiş və bildirişlərdə təyin edilən vaxtdan sonra tərəflərindən qəbul edilmişdir. Lakin ƏMAS sistemi üzərindən indiyədək heç bir sorğu və ya məktub daxil olmamışdır. Buna baxmayaraq, protokolda da əsassız olaraq avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə məlumat təqdim edildiyi bildirilmişdir. 22 yanvar 2026-cı il tarixdə protokolu qəbul etdikdən sonra tərəflərindən dərhal ƏMAS vasitəsilə və eyni zamanda poçt vasitəsilə X7 Xidmətinin Bakı Şəhər İdarəsinə məktub yazaraq, sənədlərin tələbi ilə bağlı heç bir tələb, sorğu, məktub almadıqlarını bildirmişlər və protokolun ləğv edilməsini xahiş etmişlər. Tərəflərindən göndərilmiş müvafiq məktuba dair poçt qəbzi və ƏMAS sisteminin bildirişi məhkəməyə təqdim olunur. Göründüyü kimi, onların əldə etdikləri ilk məlumat artıq birbaşa inzibati xəta haqqında protokol olduğu üçün, inzibati xəta hadisəsi mövcud olmadan, əsassız və qanunsuz olaraq barələrində protokol tərtib edilmişdir. Yəni inzibati xəta törətmədən absurd olaraq, müvafiq inzibati xətanın törədilməsində təqsirli hesab edilmişlər. Müvafiq məktubların, sorğuların onların çatdırılmasını təsdiq edici məlumatlar, sübutlar olmadan müvafiq qurum haqqlarında birbaşa protokol tərtib etmişdir. Odur ki, göstərilənlərə əsasən o, hüquqi şəxsin barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin məsləhətçi-əmək müfəttişi X6 tərəfindən tərtib edilmiş 07 yanvar 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X2 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Şəxs QSC-dən 3-17-5/2-102260/2025 nömrəli, xx.xx.2025-ci il tarixli sorğu məktubunda qeyd olunan sənədlərin 7 iş günü ərzində DƏMX-nin Bakı Şəhər İdarəsinə təqdim olunması tələb edilmiş, lakin tələb edilən sənədlər təqdim edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən "xxxx" QSC-nin rəhbərliyinə ünvanlanmış 3-17-5/2- 102260/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X2 müraciətinə əsasən 7 iş günü ərzində əmək müqaviləsinin surətinin (elektron əmək müqaviləsi olmadığı təqdirdə), olduğu təqdirdə kollektiv müqavilənin, əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq sənədlərin (xitam əmri, işçinin ərizəsi, qanunvericiliklə nəzərdə tutulmuş hallarda xəbərdarlıq bildirişinin, olduğu təqdirdə izahatların, aktların, təqdimatların, həmkarlar ittifaqı təşkilatına müraciət və HİT-nin razılığının), son haqq-hesabın hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surətinin, vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubunun təqdim edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (hüquqi şəxsin nümayəndəsiin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (hüquqi şəxsin nümayəndəsiin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə – hüquqi şəxsin nümayəndəsilər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə tərəflərin çıxışlarını dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, hüquqi şəxs Şəxs QSC tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin yerinə yetirilməməsi və bununla da, sonuncu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin etibarnamə üzrə nümayəndəsi X4 inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, məhkəməyə təqdim etdikləri sənədlərdən (poçt zərfləri, ƏMAS sisteminə daxil olan məktublar bölməsinin ekran görüntüsündən) də göründüyü kimi, protokolun tərtib edildiyi 07 yanvar 2026-cı il tarixədək onlara heç bir sorğu, məlumat daxil olmamışdır. İlk dəfə qəbul etdikləri məktub artıq protokolun özü olmuş və yalnız 22 yanvar 2026-cı il tarixdə rəsmi olaraq poçt vasitəsilə tərəflərindən qəbul edilmişdir. Daha sonra isə təkrarən eyni və oxşar məzmunlu məktublar, bildirişlər göndərilmiş və bildirişlərdə təyin edilən vaxtdan sonra tərəflərindən qəbul edilmişdir. Lakin ƏMAS sistemi üzərindən indiyədək heç bir sorğu və ya məktub daxil olmamışdır. Buna baxmayaraq, protokolda da əsassız olaraq avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə məlumat təqdim edildiyi bildirilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati xəta haqqında protokola əlavə edilmiş ƏMAS sistemindən əldə edilmiş çıxarışda 3-17-5/2-102260/2025 nömrəli, xx.xx.2025ci il tarixli sorğu məktubunun Şəxs QSC-nin elektron portalına yerləşdirilməsi göstərilsə də, məhkəmə iclası zamanı Şəxs QSC-nin elektron portalına baxış keçirilən zaman səlahiyyətli orqanın sənədlərin təqdim edilməsinə dair sorğu məktubunun hüquqi şəxsin elektron kabinetinə yerləşdirilməsi faktı təsdiqini tapmamışdır. Bununla da məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsinin, səlahiyyətli orqanın nümayəndəsinin çıxışlarını dinləyib, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən aparılan inzibati xəta haqqında iş üzrə icraat qanunvericiliyin tələblərinə uyğun olmamış, iş üzrə bütün faktiki halları tam və hərtərəfli qaydada öyrənmək üçün lazımi təbdirlər görülməmiş, səlahiyyətli orqan tərəfindən 3-17-5/2-102260/2025 nömrəli, xx.xx.2025-ci il tarixli sorğu məktubunun hüquqi şəxs Şəxs QSC-yə rəsmi qaydada çatdırılmasını təsdiqləyən mötəbər sübutlar məhkəməyə təqdim olunmamış, həmçinin inzibati xəta haqqında protokola guya ƏMAS sistemindən əldə edilmiş çıxarış əlavə edilməklə sorğu məktubunun vaxtında hüquqi şəxsə çatdırılması görüntüsü yaradılmış və qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə olunmaqla hüquqi şəxsin barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, məhkəmə səlahiyyətli orqanın sorğu məktubunun hüquqi şəxsə çatdırılmadığını, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta hadisəsi olmadığından hüquqi şəxs Şəxs QSCnin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar