Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-886/2026 17.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Orxan Arzuxan oğlunun sədrliyi, Qurbanova Nuranə Rauf qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə iştirakları ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 08 yanvar 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X2 müraciəti əsasında AR ƏM-nin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Şəxs MMC-yə 3-17-5/2-111796/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktub göndərilərək məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində DƏMX BŞİ-yə təqdim edilməsi barədə bildiriş çatdırılmasına baxmayaraq sənədlər xx.xx.2026-cı il tarixinədək təqdim edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, protokolla tanış olmuşdur, protokola əsasən şirkətə sorğu məktubu göndərilməsi, şirkətin isə sorğunu cavablandırmadığı göstərilmişdir. Lakin, protokol əsassızdır. Belə ki, əmək müfəttişliyindən məktub 10 yanvar 2026-cı il tarixdə şirkətə daxil olmuşdur, şirkət həmin tarixdə mail vasitəsiylə sorğunu cavablandırmışdır. Qarşı tərəfə dəfələrlə bildirilmişdir ki, şirkətin hüquqi ünvanı ilə faktiki ünvanı fərqlidir. Şirkətin faktiki ünvanı Xətai rayonu, Babək prospekti S.Vəzirov küçində yerləşən City Park alış-veriş mərkəzinin 6-cı mərtəbəsində yerləşir, bu səbəblə göndərilən sorğu məktubu MMC-ə çatmamışdır. Məlumatsız qaldıqları üçün təyin olunan “zoom” proqramı vasitəsilə görüşdə də iştirak edə bilməmişlər. Vergi uçotu məlumatlarının dəyişdirilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli arayışda faktiki ünvan göstərilmişdir. X1 gələn sorğu məktubu faktiki ünvan dəyişikliyindən sonra ünvanlanmışdır. Dəfələrlə qarşı tərəfə bildirilmişdir ki, rəsmi olaraq ünvanladıqları məktublar onlara çatmır. Qeyd olunanların nəzərə alınmasını və icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsinin məktubundan görünür ki, Şəxs MMC-nin rəhbərliyinə 3-17- 5/2-111796/2025 nömrəli xx.xx.2025-ci il tarixli sorğu məktubu poçt vasitəsilə göndərilmiş, məktub həmçinin Nazirliyin avtomatlaşdırılmış sosial informasiya sistemi vasitəsilə şəxsi kabinetə yerləşdirilmişdir. İş materiallarına əlavə olunmuş “EMS AZEREXPRESSPOST”-un çıxarışından görünür ki, sorğu məktubu 11 dekabr 2025-ci il tarixdəŞəxs MMC-yə çatdırılmışdır. İş materiallarına əlavə olunmuş Şəxs MMC-nin məktubunda, ŞAM-Fİ İnterneşnl Treding" MMC-ə (VÖEN: **********) ünvanlanan 18 dekabr 2025-ci il tarixli, 3-17-5/2- 118458/2025 saylı məktubun şirkətə 13 yanvar 2026-cı il tarixində daxil olması, xx.xx.2025ci il tarixli məktubun isə şirkətə fiziki olaraq təqdim edilməməsi, həmin məktubdan məlumatlı olmamaları qeyd edilmişdir. Qeyd edilən məktubun yuxarı hissəsindən görünür ki, Şəxs MMC-ə məxsus məktub blankının yuxarı hissəsində də ünvan kimi "xxxx" ünvanı qeyd edilmişdir. Eyni zamanda, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun təşkili Baş İdarəsindən Şəxs MMC-ə ünvanlanan məktub da, "xxxx" -ə ünvanlanmış və həmin məktubda MMC-nin xx.xx.2026-cı il tarixdə ünvanladığı ərizəyə əsasən, uçot məlumatlarında müvafiq dəyişikliyin edilməsinin təmin olunduğu bildirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1- 1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs MMC əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbini yerinə yetirməmişdir. Belə ki, məktublar çatdığı andan, 7 iş günü ərzində müvafiq sənədlərin verilməsi tələb edilsə də, sənədlər müvafiq icra hakimiyyəti orqanına göndərilməmişdir. Bununla da, hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmışdır. Şəxs MMC-nin nümayəndəsi tərəfindən xx.xx.2025-ci il tarixli məktubun onlara ünvan üzrə təhvil verilməməsi qeyd edilsə də, iş materiallarındakı sübutlarla nümayəndə tərəfindən irəli sürülmüş iddialar öz təsdiqini tapmamışdır. Şəxs MMC-nin inzibati xətanın törədilməsində təqsirli olması “EMS AZEREXPRESSPOST”-un çıxarışı və digər sənədlərlə tam sübuta yetirilir. Eləcə də, məhkəməyə təqdim edilmiş Şəxs MMC-nin xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, MMC-nin ünvanının Xətai rayonu, Babək prospekti S.Vəzirov küçəsində yerləşən City Park alış-veriş mərkəzinin 6-cı mərtəbəsinə dəyişdirilməsi barədə məlumat inzibati xətanın törədilməsindən sonra təqdim edilmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 116-cı maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.0.1, 393-1.2, 393- 1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməli, cərimə şərti olaraq tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində şərti olaraq 2000 (iki min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin və hüquqpozmanı aradan qaldırması üçün 01 (bir) ay sınaq müddəti müəyyən olunsun. Qoyulmuş müddət ərzində nöqsanların aradan qaldırılması ilə bağlı məhkəməyə məlumat vermək vəzifəsi barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin üzərinə qoyulsun. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Əlizadə
Məhkəmə qərarları › İş №3(5-94)-886/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-886/2026
17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver