Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-906/2026 06.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Ramazanov Zəfər Akif oğlunun sədrliyi, Qorçulu Aysu Tariyel qızının katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Neft şirkətinin Qaz İxrac İdarəsinin (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Neft şirkətinin Qaz İxrac İdarəsinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsi ilə tərtib olunmuş İnzibati xəta haqqında 08 yanvar 2026-cı il tarixli, 13000- 00060/26 nömrəli protokol material ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin və Azərbaycan Respublikası Dövlət Neft şirkətinin Qaz İxrac İdarəsinin nümayəndələri məhkəməyə gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Göstərilənlərə əsasən, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarında olan: 08 yanvar 2026-cı il tarixli, 13000-00060/26 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi Rəsmiləşdirmə mərkəzi 1-ci şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33- 3200/012/006516 nömrəli raporta əsasən, İran İslam Respublikasında yerləşən "xxxx" tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin (VÖEN: **********) ünvanına “təbii qaz” yükünün idxal edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli **********2506 saylı gömrük bəyannaməsi təqdim edilmiş və həmin bəyannamədə "təbii qaz” yükünün “İran Milli Qaz şirkəti"ndən 2025-ci ilin sentyabr ayında idxal edildiyi bildirilmişdir. Lakin, Dövlət Neft şirkətinin Qaz İxrac İdarəsi tərəfindən gömrük bəyannaməsi gömrük orqanına vaxtında təqdim edilməmişdir. Həmçinin, sözügedən yükə dair natamam bəyannamə də gömrük orqanına təqdim edilməmişdir. Natamam bəyannamənin təqdim edilməməsi Dövlət Neft şirkətinin Qaz İxrac İdarəsi tərəfindən tərtib edilmiş **********2506 saylı gömrük bəyannaməsinin 40-cı qrafasında da öz əksini tapmışdır. Rəsmiləşdirmə Mərkəzi 1-ci şöbəsinin inspektoru X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsi (VÖEN: **********) tərəfindən 2025-ci ilin sentyabr ayında İran İslam Respublikasından fəaliyyət göstərən "İran Milli Qaz" şirkətindən təbii qaz idxal edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 295.3-cü bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 263 saylı Qərarının 6.4-cü bəndinə əsasən bəyannaməçi malların natamam bəyannamə əsasında gömrük sərhədindən keçirilməsinə icazə almaq üçün gömrük orqanına müraciət edir. Lakin, yuxarıda qeyd olunan mallara görə müəssisə tərəfindən natamam bəyannamə təqdim edilməmişdir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 263 saylı Qərarının 6.5-ci bəndinə əsasən natamam bəyannamə rəsmiləşdirildikdən sonra 30 (otuz) gün müddətində həmin mallara dair gömrük bəyannaməsi gömrük orqanına təqdim edilməlidir. Qeyd olunmuş müddət pozularaq həmin mallara dair **********2506 sorğu nömrəli gömrük bəyannaməsi xx.xx.2025-ci il tarixində təqdim edilmişdir. **********2506 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, gömrük bəyannaməsi xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Gömrük Xidmətinin Vahid X1 çıxarışdan görünür ki, idarədə mallar xx.xx.2025-ci il tarixdə qeydiyyata alınmışdır. Nəticədə Azərbaycan Respublikası Dövlət Neft şirkətinin Qaz İxrac İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın 6.3-cü bəndinə görə, gömrük orqanlarına faktiki təqdim edilməli olan mal partiyası gömrük bəyannaməsi verildiyi vaxt olmadıqda və gömrük bəyannaməsi verildiyi vaxt malın miqdarını, keyfiyyətini və dəyərini müəyyənləşdirmək mümkün olmadıqda, natamam bəyannamə təqdim edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 40-cı maddəsinə əsasən gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsində iştirak edən şəxslər gömrük orqanlarını bu Məcəlləyə uyğun olaraq tələb olunan bütün sənəd və məlumatlarla müəyyən olunmuş müddət ərzində təmin etməli və gömrük orqanlarının müraciəti olduqda, onlara yardım göstərməlidirlər. 156-cı maddəsinə əsasən bəyannaməçi gömrük bəyannaməsini üzrlü səbəblərə görə tam şəkildə doldura bilmədikdə, gömrük orqanları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada natamam bəyannamənin verilməsinə icazə verirlər. Natamam bəyannamədə gömrük məqsədləri üçün lazım olan əsas məlumatlar göstərilməlidir. Çatışmayan məlumatlar bəyannaməçi tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və müddətdə təqdim edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 490-cı maddəsinə əsasən, gömrük rəsmiləşdirilməsi qaydasının pozulmasına, yəni gömrük rəsmiləşdirilməsinin başlanması və başa çatması, onun keçirilmə yeri, vaxtı və üsulu barədə müəyyən olunmuş tələblərə riayət edilməməsinə və ya gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydasının tətbiqi şərtlərinə əməl edilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan əlli manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yetmiş beş manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə iclasında sübuta yetirilmişdir ki, hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft şirkətinin Qaz İxrac İdarəsi tərəfindən gömrük bəyənnaməsi gömrük orqanına vaxtında təqdim edilməmiş, həmçinin natamam bəyannamə gömrük orqanına təqdim edilməmişdir. Bununla da, Azərbaycan Respublikası Dövlət Neft şirkətinin Qaz İxrac İdarəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft şirkətinin Qaz İxrac İdarəsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 250 (iki yüz əlli) manat məbləğində cərimə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft şirkətinin Qaz İxrac İdarəsi (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 250 (iki yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zəfər Ramazanov
Məhkəmə qərarları › İş №3(5-94)-906/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-906/2026
06.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver