Məhkəmə qərarları › İş №3(5-94)-933/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-933/2026

11.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-933/2026 11.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Orxan Arzuxan oğlunun sədrliyi, Qurbanova Nuranə Rauf qızının katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Neft şirkətinin Qaz İxrac İdarəsinin (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Neft şirkətinin Qaz İxrac İdarəsinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsi ilə tərtib olunmuş İnzibati xəta haqqında 08 yanvar 2026-cı il tarixli, 13000- 00064/26 nömrəli protokol material ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. 08 yanvar 2026-cı il tarixli, 13000-00064/26 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi Rəsmiləşdirmə mərkəzi 1-ci şöbəsinin böyük inspektoru Natiq Vəlizadənin daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33-3200/012/006698 nömrəli raportuna əsasən, Türkmənistan Respublikasında yerləşən “Türkmənqaz" şirkəti tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin (VÖEN: **********) ünvanına "təbii qaz” yükünün idxal edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli **********7424 saylı gömrük bəyannaməsi təqdim edilmiş və həmin bəyannamədə "təbii qaz” yükünün "xxxx" şirkətindən 2025-ci ilin noyabr ayında idxal edildiyi bildirilmişdir. Lakin, Dövlət Neft şirkətinin Qaz İxrac İdarəsi tərəfindən gömrük bəyannaməsi gömrük orqanına vaxtında təqdim edilməmişdir. Həmçinin, sözügedən yükə dair natamam bəyannamə də gömrük orqanına təqdim edilməmişdir. Natamam bəyannamənin təqdim edilməməsi Dövlət Neft şirkətinin Qaz İxrac İdarəsi tərəfindən tərtib edilmiş **********7424 saylı gömrük bəyannaməsinin 40-cı qrafasında da öz əksini tapmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin və Azərbaycan Respublikası Dövlət Neft şirkətinin Qaz İxrac İdarəsinin nümayəndələri məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Göstərilənlərə əsasən, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Rəsmiləşdirmə Mərkəzi 1-ci şöbəsinin böyük inspektoru Natiq Vəlizadə tərəfindən tərtib edilmiş 12 dekabr 2025-ci il tarixli raportdan görünür ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 295.3-cü bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 263 saylı Qərarının 6.4-cü bəndinə əsasən bəyannaməçi malların natamam bəyannamə əsasında gömrük sərhədindən keçirilməsinə icazə almaq üçün gömrük orqanına müraciət edir. Lakin, yuxarıda qeyd olunan mallara görə müəssisə tərəfindən natamam bəyannamə təqdim edilməmişdir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 263 saylı Qərarının 6.5-ci bəndinə əsasən natamam bəyannamə rəsmiləşdirildikdən sonra 30 (otuz) gün müddətində həmin mallara dair gömrük bəyannaməsi gömrük orqanına təqdim edilməlidir. Qeyd olunmuş müddət pozularaq həmin mallara dair **********7424 sorğu nömrəli gömrük bəyannaməsi xx.xx.2025-ci il tarixində təqdim edilmişdir. **********7424 sorğu nömrəli, xx.xx.2025-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, “təbii qaz” yükü “2025-ci ilin noyabr ayında idxal edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın 6.3-cü bəndinə görə, gömrük orqanlarına faktiki təqdim edilməli olan mal partiyası gömrük bəyannaməsi verildiyi vaxt olmadıqda və gömrük bəyannaməsi verildiyi vaxt malın miqdarını, keyfiyyətini və dəyərini müəyyənləşdirmək mümkün olmadıqda, natamam bəyannamə təqdim edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 40-cı maddəsinə əsasən gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsində iştirak edən şəxslər gömrük orqanlarını bu Məcəlləyə uyğun olaraq tələb olunan bütün sənəd və məlumatlarla müəyyən olunmuş müddət ərzində təmin etməli və gömrük orqanlarının müraciəti olduqda, onlara yardım göstərməlidirlər. Həmin Məcəllənin 156-cı maddəsinə əsasən bəyannaməçi gömrük bəyannaməsini üzrlü səbəblərə görə tam şəkildə doldura bilmədikdə, gömrük orqanları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada natamam bəyannamənin verilməsinə icazə verirlər. Natamam bəyannamədə gömrük məqsədləri üçün lazım olan əsas məlumatlar göstərilməlidir. Çatışmayan məlumatlar bəyannaməçi tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və müddətdə təqdim edilməlidir. AR Gömrük Məcəlləsinin 293.1-ci maddəsinə əsasən, gömrük ərazisindən boru kəməri vasitəsilə aparılan və bu əraziyə gətirilən mallar gömrük bəyannaməsi təqdim edildikdən və seçilmiş gömrük prosedurunun tələblərinə uyğun olaraq buraxılışından sonra gömrük sərhədindən keçirilir. Həmin Məcəllənin 293.2-ci maddəsinə əsasən, bəyannaməçi gömrük bəyannaməsini aşağıdakı səbəblərə görə verə bilmədiyi hallarda natamam bəyannamə təqdim edir: 293.2.1. gömrük orqanlarına faktiki təqdim edilməli olan mal partiyası gömrük bəyannaməsi verildiyi vaxt olmadıqda; 293.2.2. gömrük bəyannaməsi verildiyi vaxt malların miqdarını, keyfiyyətini və dəyərini müəyyənləşdirmək mümkün olmadıqda. “Gömrük sərhədindən boru kəməri vasitəsi ilə keçirilən mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin 30 dekabr 2012-ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən, gömrük sərhədindən boru kəməri vasitəsi ilə keçirilən malların gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə təqdim etdiyi vaxtdan başlanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsinə əsasən, gömrük rəsmiləşdirilməsi qaydasının pozulmasına, yəni gömrük rəsmiləşdirilməsinin başlanması və başa çatması, onun keçirilmə yeri, vaxtı və üsulu barədə müəyyən olunmuş tələblərə riayət edilməməsinə və ya gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydasının tətbiqi şərtlərinə əməl edilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan əlli manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yetmiş beş manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, məhkəmə iclasında sübuta yetirilmişdir ki, hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft şirkətinin Qaz İxrac İdarəsinin tərəfindən natamam bəyannamə gömrük orqanına təqdim edilməmişdir. Bununla da, Azərbaycan Respublikası Dövlət Neft şirkətinin Qaz İxrac İdarəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft şirkətinin Qaz İxrac İdarəsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib cərimə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: Hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft şirkətinin Qaz İxrac İdarəsi (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 250 (iki yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar