Məhkəmə qərarları › İş №3(5-94)-962/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-962/2026

27.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-962/2026 27.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala işin baxılmağa hazırlanması zamanı baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, “X1” markalı, **- UL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı müəyyən edilmiş 3 ay müddət ərzində icra etməmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məkəmə inzibati xəta haqqında materialın Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən baxılmağa hazırlanması zamanı müəyyən etmişdir ki, işin icraatını rədd edən hallar mövcuddur. Belə ki, məhkəməyə daxil olmuş inzibati xəta haqqında materialda olan: Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2026-cı il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, “X1” markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanı törətməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı müəyyən edilmiş 3 ay müddət ərzində icra etməməsi əsas gətirilərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DYP Web Portal çıxarışının surətindən görünür ki, Şəxs xx.xx.2025-cü il tarixli, EQ seriyalı 30704369 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarla ona təyin edilmiş 50 (əlli) manat cəriməni ödəmədiyinə görə, cərimənin üzərinə əlavə olaraq 30 (otuz) manat məbləğində dəbbə pulu hesablanmışdır və hal-hazırda Şəxs ödəməli olduğu ümumi məbləğ 80 (səksən) manat təşkil etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait; 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır; 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin tərkibi o halda yarana bilər ki, şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan həmin qərarı icra etsin. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DYP Web Portal çıxarışının surətindən də göründüyü kimi Şəxs İXM-nin 469.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir ki, sözügedən inzibati xəta “Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar”ın siyahısına daxil deyil. Lakin buna baxmayaraq Baş Dövlət Yol Polisi İdarəsi xx.xx.2026-cı il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanı törətməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı müəyyən edilmiş 3 ay müddət ərzində icra etməməsini əsas gətirərək, əsassız olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Beləliklə, məhkəmə, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tərkibi olmadığından barəsində başlanmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar