Məhkəmə qərarları › İş №3(5-95)-115/2026

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(5-95)-115/2026

03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-95)-115/2026 03.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Vüqar Sarvan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN1001962 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan X3 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: X3 şikayət ərizəsində göstərmişdir ki, direktoru olduğu "xxxx" MMC fəaliyyət göstərdiyi qısa müddət ərzində xx.xx.2020-ci il tarixdə X7 və X2 ilə müvafiq əmək müqaviləsi bağlamış, həmin müqaviləsinə əsasən qeyd edilən şəxslərin əmək haqqısı 2020-ci il üçün müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləği həddində, yəni 250 (iki yüz əlli) manat məbləğində müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixdə MMC-nin fəaliyyəti xx.xx.2026-cı il tarixədək rəsmi olaraq dayandırılmasına baxmayaraq A.A.Əliyev və M.İ.Abdullayevin müqavilələrinə xitam verilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti MMC-nin fəaliyyətini dayandırmasını, heç bir fəaliyyət növü ilə məşğul olmamasını nəzərə almadan 2025-ci il üçün minimum aylıq əməkhaqqı məbləği 400 (dörd yüz) manat məbləğində müəyyən edildiyini əsas gətirib, xx.xx.2020-cı il tarixli əmək müqavilələrinə istinad etməklə işçiyə müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsində təqsirli bilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi haqqında xx.xx.2025-ci il tarixli, MN1001962 nömrəli elektron qərar qəbul edilmişdir. Həmin qərardan xx.xx.2025-ci il tarixdə şikayət verməsinə baxmayaraq X4 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 3-17-5/1-A-69046/2025 nömrəli qərarla şikayəti təmin olunmamış, xx.xx.2025-ci il tarixli, MN1001962 nömrəli elektron qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. M.F.Abdullayev xx.xx.2025-ci il tarixli, MN1001962 nömrəli elektron qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatı: Məhkəmənin iclasında iştirak edən şikayət vermiş şəxs X3 şikayətin məzmununa uyğun çıxış edərək bildirdi ki, direktoru olduğu "xxxx" MMC-nin fəaliyyətinin dayandırılması ilə bağlı xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək müvafiq qaydada müraciət edilmiş, sonradan həmin müddət xx.xx.2026-cı il tarixdən xx.xx.2039-cu il tarixədək uzadılmışdır. Qeyd olunan dövr ərzində cəmiyyət faktiki olaraq heç bir fəaliyyət göstərməmişdir. Şikayəti təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN1001962 nömrəli, inzibati tənbeh vermə haqqında qərara əsasən “HARMONY-GG" MMC-nin direktoru X3 Azərbaycan Respublikası İXM-in 192.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, barəsində 1000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh edilmişdir. X3 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizəyə əsasən həmin qurum tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN1001962 nömrəli qərardan şikayət verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-17-5/1-A-69046/2025 nömrəli qərarına əsasən X1 xx.xx.2025-ci il tarixli, MN1001962 nömrəli qərardan verdiyi xx.xx.2025-ci il tarixli şikayəti təmin edilmədən müvafiq qərar isə dəyişdirilmədən saxlanılmışdır. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən vergi ödəyicisinə ünvanlanmış sahibkarlıq fəaliyyətinin dayandırılması barədə bildirişə əsasən “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətının və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında Arayış”a əsasən xx.xx.2021-ci il tarixindən etibarən fəaliyyəti dayandırılmışdır. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş arayışa əsasən “HARMONY-GG" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək fəaliyyət və əməliyyatlarını dayandırmışdır. Tətbiq edilən qanunvericilik: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri həmin Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. 192.3-cü maddəsinə əsasən, işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, şikayət verən şəxsin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunmasına görə X3 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN1001962 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən xx.xx.2025-ci il tarixli, MN1001962 nömrəli qərar qəbul edilərək X1 direktoru olduğu "xxxx" MMC hüquqi və faktiki baxımdan fəaliyyəti dayandırılmış, hər hansı bir fəaliyyətlə məşğul olmadığı halda MMC tərəfindən xx.xx.2020ci il tarixdə X7 və X2 ilə bağlanılmış müvafiq əmək müqavilələrinə əsasən qeyd edilən qərarın qəbul edilməsi qanunsuz olmuşdur. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixdə fəaliyyət göstərməməsi Dövlət Vergi Xidməti tərəfindən təqdim edilmiş yuxarıda qeyd edilən sənədlərlə də öz təsdiqini tapır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən xx.xx.2025-ci il tarixli, MN1001962 nömrəli elektron qərarı qəbul edilərək "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixdə X7 və X2 ilə bağladığı əmək müqaviləsinin qüvvədə olması əsas götürülmüş, lakin həmin vaxt MMC-nin hüquqi və faktiki baxımdan fəaliyyətinin dondundurulması nəzərdən qaçmışdır. İnzibati orqan tərəfindən yalnız elektron sistemdə mövcud olan formal qeydlərə istinad edilməklə, müəssisənin real fəaliyyət vəziyyəti, vergi orqanlarının məlumat bazası və faktiki hallar nəzərə alınmamışdır. İnzibati orqanın vəzifəsi Azərbaycan Respublikası İXM-in 192.3-cü maddəsinin dispozisiyasında göstərilən bütün elementlərin mövcudluğunu sübut etməkdir. Sahibkarlıq fəaliyyətinin dayandırılmasına baxmayaraq xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqavilələrinə istinad edilərək, guya həmin şəxslərin əsas iş yerinin "xxxx" MMC olduğu, tam iş vaxtı üzrə çalışmaqları və hər birinə 250 manat əməkhaqqı ödənilməsinin nəzərdə tutulması bu elementlərdən biri deyildir və X1 təqsirini təsdiq edən dolayı sübut kimi belə qəbul edilə bilməz. İş üzrə təqdim edilmiş və məhkəmə istintaqı zamanı hərtərəfli tədqiq edilmiş sübutlar məcmusunu qiymətləndirdikdən sonra, məhkəmə mübahisənin hüquqi qiymətləndirməyə keçərək, tətbiq edilməli olan maddi hüquq normalarını şərh etməyi və onları işin müəyyən edilmiş faktiki hallarına tətbiq etməyi zəruri hesab edir. Ədalət mühakiməsinin təməl prinsiplərindən olan təqsirsizlik prezumpsiyası İXM-in 8-ci maddəsində təsbit edilmişdir. Bu prinsipə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmədikdə, o, təqsirsiz hesab edilir. Həmin maddənin 8.3-cü bəndi isə imperativ olaraq müəyyən edir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində aradan qaldırılmayan bütün şübhələr onun xeyrinə həll edilməlidir. Hazırkı işə bu fundamental prizmadan yanaşdıqda, məhkəmə müəyyən edir ki, inzibati orqan X1 təqsirini sübuta yetirmək üçün zəruri olan təkzibedilməz sübutları təqdim edə bilməmişdir. Müqavilənin mətni və işin xarakteri şikayətçinin mövqeyini daha çox dəstəkləyir. Bütün bunlar, tərəflər arasında yaranmış münasibətlərin əmək münasibəti olduğuna dair aradan qaldırılması mümkün olmayan ciddi şübhələr yaradır. Sübutetmə yükü inzibati orqanın üzərinə düşdüyü üçün və bu yükün öhdəsindən gəlinmədiyi üçün, məhkəmə in dubio pro reo prinsipini rəhbər tutaraq, bütün şübhələri şikayət verən şəxsin xeyrinə yozmağa borcludur. Nəticə etibarilə, yuxarıda aparılan təhlillərin məcmusu məhkəməni qəti qənaətə gətirir ki, X1 əməlində İXM-in 192.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin zəruri elementləri mövcud deyildir və səlahiyyətli orqan tərəfindən təqsirliliyi sübuta yetirilməmişdir. Həmin maddənin dispozisiyası, "işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsini" qadağan edir. Məhkəmə tərəfindən isə müəyyən edilmişdir ki, "xxxx" MMC fəaliyyətini rəsmi şəkildə dayandırmışdır. X7, X2 arasındakı əmək münasibətlərinə xitam vermişdir. Belə olan halda, əmək münasibətləri mövcud olmadığından, əmək haqqının müəyyən edilmiş minimum əmək haqqından aşağı məbləğdə olması faktı da inzibati xəta tərkibini yarada bilməz. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X1 şikayəti tam əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar qanunsuz və əsassız olduğu üçün ləğv edilməli və X1 əməlində inzibati xəta tərkibi olmadığı üçün iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 18.5, 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ:

1. Şikayət təmin edilsin.

2. X3 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN1001962 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin.

3. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim Vüqar Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar