Məhkəmə qərarları › İş №3(5-95)-141/2026

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(5-95)-141/2026

05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-95)-141/2026 05.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Vüqar Sarvan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs (bundan sonra mətndə MMC) nümayəndəsi Zakharov Sergeyin, X1 iştirakları ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 485.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, EP0170841 nömrəli inzibati xəta haqqında protokola əsasən "xxxx" MMC Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsi ilə qeyd edilən inzibati xətanı törətməkdə təqsirli bilindiyindən barəsində müvafiq protokol tərtib edilmiş və inzibati xəta haqqında iş baxılması üçün xx.xx.2025-ci il tarixli, 00100/03893 nömrəli qərardad ilə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsi xx.xx.2026-cı il tarixli, 3(5-155)-73/2026 nömrəli qərardadla inzibati xəta haqqında iş materialı aidiyyat qaydalarına əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Proses iştirakçılarının ifadələri: Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi Zakharov Sergey məhkəməyə verdiyi izahatında bildirmişdir ki, təmsil etdiyi hüquqi şəxs uzun müddətdir müvafiq fəaliyyət növü ilə məşğul olur və fəaliyyət göstərdiyi dövr ərzində inzibati məsuliyyətə cəlb olunmasına əsas verən hər hansı hüquqpozma halı qeydə alınmamışdır. Yükün idxalı ilə bağlı brokerlər tərəfindən qısa idxal bəyannaməsi təqdim edildikdən sonra nəqliyyat vasitəsinə Azərbaycan Respublikasının gömrük orqanının ərazisinə daxil olması barədə göstəriş verilmişdir. Bu proses zamanı gömrük və inzibati qanunvericiliyin tələblərinə riayət olunmuş, MMC tərəfindən hər hansı qanunazidd hərəkətə yol verilməmişdir. Zakharov Sergey qeyd etdiyi halların həqiqiliyini təsdiq edən sübutlar qismində brokerlərlə aparılmış elektron yazışmaları, eləcə də səs yazılarını məhkəmə baxışına təqdim etmişdir. MMC olaraq qeyd edilən qanun pozuntusuna yol vermədiklərini, inzibati xəta haqqında işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: xx.xx.2025-ci il tarixli, EP0170841 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC-nin ünvanına göndərilən mallar 99ZD737 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixdə, saat 15:17 radələrində “Samur” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, gətirilmiş mallara dair qısa idxal bəyannaməsi gömrük orqanına verilməmişdir. xx.xx.2024-cü il tarixli **********927 nömrəli gömrük bəyannaməsindən görünür ki, "xxxx" MMC Rusiya Federasiyasından Azərbaycan Respublikasına plastik qapı və pəncərə sistemlərində istifadə edilən plastik panellər idxal edir. "xxxx" MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş “whatsapp” mobil tətbiqi vasitəsilə aparılmış yazışmalardan və səs yazılarından görünür ki, gömrük orqanı tərəfindən inzibati xəta kimi müəyyən edilmiş xx.xx.2024-cü il, saat 15:17 radələrində baş vermiş hadisədən əvvəl xx.xx.2024-cü il, saat 14:16 radələrində qısa idxal bəyannaməsinin sistemə daxil edilməsi ilə bağlı MMC-nin nümayəndəsi tərəfindən 99ZD737 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücüyə məlumat verilməklə, bəyannamə ona göndərilmiş və Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olması ilə bağlı göstəriş verilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 38.1-ci maddəsinə əsaən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. ... gömrük qaydalarının ... pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 53.1.1-ci madəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə ... başlanmış icraata xitam verilir. 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Məhkəmə proses iştirakçısının izahatını, sonuncunun məhkəməyə təqdim etdiyi iş üçün əhəmiyyət kəsb edən sübutları, həmçinin iş materiallarını tədqiq etməklə tətbiq edilməli olan maddi hüquq normalarını hərtərəfli araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata "xxxx" MMC-nin əməlində inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən inzibati məsuliyyət yalnız inzibati xəta tərkibinin bütün obyektiv və subyektiv əlamətləri mövcud olduğu halda yarana bilər. Başqa sözlə, inzibati məsuliyyətin tətbiqi üçün inzibati xəta hadisəsinin, təqsirin və qanunla nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyin mövcudluğu zəruridir. xx.xx.2025-ci il tarixli, EP0170841 nömrəli inzibati xəta haqqında protokolun tərtib edilməsinə səbəb olan hadisənin xx.xx.2024-cü il tarixində baş verdiyini, Azərbaycan Respublikası İXM-in 38.1-ci maddəsinə əsasən gömrük qaydalarının pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bildiyi nəzərə alınmalıdır. Belə olan halda "xxxx" MMC tərəfindən qeyd edilən pozuntu törədilsə idi belə İXM-in 53.1.6-cı maddəsinə əsəsən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdığından inzibati məsuliyyətin tətbiqini istisna edir və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini şərtləndirən əsasdır. Məhkəmə həmçinin iş materiallarını araşdırarkən inzibati xəta hadisəsinin obyektiv tərəfinin mövcudluğunu müəyyən etməyi zəruri hesab edir. Belə ki, inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, EP0170841 nömrəli inzibati xəta haqqında protokola əsasən "xxxx" MMC üçün idaxalı həyata keçirən 99ZD737 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə saat 15:17-də Azərbaycan Respublikasının gömrük ərazisində daxil olmasına baxmayaraq qısa idxal bəyannaməsinin təqdim olunmadığı göstərilsə də, yuxarıda qeyd edilən mobil tətbiq vasitəsilə həmin tarixə aid MMC-nin nümayəndəsi ilə daşımanı həyata keçirən şəxslər arasında olan danışıqlardan da görünür ki, xx.xx.2024-cü il tarixdə saat 14:16-dan əvvəl qısa idxal bəyannaməsi sistemə daxil edilmiş və yalnız saat 14:16-da həmin bəyannamə MMC-nin nümayəndəsi tərəfindən yuxarıda qeyd edilən nəqliyyat vasitəsini idarə edən şəxs göndərilmişdir ki, Azərbaycan Respublikasının gömrük ərazisinə daxil ola bilər. Beləliklə, məhkəmə müəyyən edir ki: - mallar gömrük ərazisinə saat 15:17-də keçmişdir; - qısa idxal bəyannaməsi isə ən pis halda saat 14:16-da, yəni mallar gömrük sərhədini keçməzdən bir saat əvvəl təqdim edilmişdir. Bu faktlar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə tam uyğun olmaqla, inzibati xəta haqqında protokolda göstərilən iddiaları təkzib edir. Məhkəmə hesab edir ki, qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə keçməzdən bir saat əvvəl təqdim edilməsi inzibati xəta tərkibinin obyektiv tərəfinin olmamasını göstərir. Bu da öz növbəsində "xxxx" MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi olmadığından həmin maddə ilə nəzərdə tutulmuş inzibati məsuliyyətin tətbiqini istisna edir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdırarkən "xxxx" MMC-nin inzibati məsuliyyətini istisna edən Azərbaycan Respublikası İXM-in 53-cü maddəsinə əsasən inzibati xətalar haqqında iş üzrə icraata xitam verilməsinin iki halını (53.1.1.) inzibati xəta hadisəsi olmaması və (53.1.6.) həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatmasını müəyyən edir. "xxxx" MMC-nin nümayəndəsi isə MMC olaraq hər hansı inzibati xəta törətmədiklərini nəzərə alınmaqla inzibati xətalar haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, inzibati xəta hadisəsinin mövcud olmadığını nəzərə alıb hesab edir ki, "xxxx" MMC-nin əməllərində Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38.1, 40, 43, 53.1.1, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ:

1. "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən xitam verilsin.

2. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Vüqar Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar