Məhkəmə qərarları › İş №3(5-95)-149/2026

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(5-95)-149/2026

29.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-95)-149/2026 29.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Vüqar Sarvan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 482.1-ci maddəsi nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli, 00800-00021/26 nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən az miqdarda malların bəyan etməməsinə görə Azərbaycan Respublikası İXM-in 482.1-ci maddəsi ilə qeyd edilən inzibati xətanı törətməkdə təqsirli bilindiyindən barəsində müvafiq protokol tərtib edilmiş və inzibati xəta haqqında iş baxılması üçün xx.xx.2026-cı il tarixli, 00800/00025 nömrəli qərardad ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Proses iştirakçılarının izahatı: Səlahiyyəti orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (olmalıdır Barəsində inzibati icraat aparılan şəxs yox) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə müvafiq teleqram ünvanlayaraq səhhəti ilə bağlı məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsinə etiraz etmədiyini inzibati xəta törətməsinə səbəb olan əşyalardan imtina etdiyini və həmin əşyaların dövlət nəfinə keçirilməsini xahiş etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli raporta əsasən, xx.xx.2025-ci il tarixdə J28106 İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Şəxs Məhəmməd oğlu “yaşıl kanal”dan keçərkən gömrük yoxlamasından keçirilməsi üçün “qırmızı kanala” yönləndirilmiş, yoxlama zamanı Şəxs məxsus çiyin çantasınından (barsetka) əvvəlcədən gömrük nəzarətinə yazılı, elektron və ya şifahi formada bəyan edilməmiş 1 flakon üçün nəzərdə tutulmuş üzərində “Herceptin 150 mg” sözü yazılmış 8 qutunun hər birində 3 flakon olmaqla ümumilikdə 24 flakon dərman vasitəsi və hər qutuda 2 ədəd olmaqla içliklər aşkar edilmişdir. Daha sonra Şəxs məxsus “Nike” markalı idman üslublu çantanın içərisindən əlavə olaraq 1 flakon üçün nəzərdə tutulmuş üzərində “Herceptin 150 mg” sözü yazılmış 2 qutunun hər birində 3 flakon olmaqla ümumilikdə 6 flakon dərman vasitəsi və hər qutuda 2 ədəd olmaqla içliklər, həmçinin 20 ədəd bir-birilərinə rezin lentlə bərkidilmiş “Herceptin 150 mg” sözü yazılmış boş qutular və 10 ədəd qeyd olunan dərmanlara dair içlik vərəqi aşkar edilmişdir. Nəticədə 30 ədəd “Herceptin 150 mg” markalı dərman vasitəsi protokol əsasında götürülmüşdür. xx.xx.2025-ci il tarixli yoxlama və əşyaların götürülməsi haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə J28106 İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Şəxs Məhəmməd oğlu “yaşıl kanal”dan keçərkən gömrük yoxlamasından keçirilməsi üçün “qırmızı kanala” yönləndirilmiş, yoxlama zamanı Şəxs məxsus paspostun (AZE C********) surəti, ümumilikdə 30 flakon “Herceptin 150 mg” adlı dərman vasitələri və hər qutuda 2 ədəd içlik, aşkar edilmiş dərmanlara aid olduğu bildirilən alış qəbzləri 2 vərəqə, aşkar edilmiş dərmanlara aid olan içlik vərəqləri 10 ədəd, aşkar edilmiş dərmanlara aid olan boş qutular 20 ədəd dərman vasitələrinin fotoşəkillərdən ibarət əşyalar və sənədlər götürülmüşdür. e-Arşiv fatura ödəniş qəbzlərindən görünür ki, Şəxs Məhəmməd oğlu ümumilikdə 30 ədəd “Herceptin 150 mg” dərman vasitəsi üçün cəmi 171600,0 TL ödəniş etmişdir. Şəxs xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Baş Gömrük İdarəsində verdiyi yazılı izahatlardan görünür ki, o, 30 ədəd “Herceptin 150 mg” markalı dərmanları şəxsi istifadə üçün gətirdiyindən bəyan etmədiyini bildirmişdir. Qeyd edilənlər dərman vəsaiti protokollaşdırılaraq götürülmüşdür. xx.xx.2025-ci il tarixli, 6/3173 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində “...3-33-3100/021/030700 №-li iş üzrə maddi sübut...” sözləri olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə məxsus bir ədəd kağız paketdəki üzərlərində “Herceptin 150 mg Trastuzumab 06 27” göstəriciləri olan 10 ədəd qutuda 30 ədəd flakondakı dərman preparatlarının tərkibində narkotik, psixotrop, zəhərli, güclü təsir edən maddə komponentləri aşkar edilmədi. xx.xx.2025-ci il tarixli, 268 nömrəli mütəxəssis rəyindən görünür ki, 01 ədədinin qiyməti 570 manat olmaqla, 30 ədəd “Herceptin 150 mg” markalı dərman vasitəsinin qiyməti cəmi 17100,0 manat təşkil edir. xx.xx.2025-ci tarixli, 3-28-1/2-34664/2025 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "X1" Publik Hüquqi şəxsinin məktubundan görünür ki, “Herceptin 150 mq Roche infuziya məhlulunun Diagnostics hazırlanması üçün toz GmH, flakonda №1, Almaniya karton qutu qablaşmada” dövlət qeydiyyatına alınmamışdır. xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2026-cı il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında” qərarla Şəxs Məhəmməd oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılmasına başlanmışdır. xx.xx.2026-cı il tarixli arayışdan görünür ki, Şəxs 30 flakon “Herceptin” markalı dərman vasitələrindən dövlət nəfinə imtina etdiyini bildirdi. xx.xx.2026-cı il tarixli, 00800-00021/26 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə J28106 İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Şəxs Məhəmməd oğlu hər birinin dəyəri 570 manat olan ümumilikdə 17100 (on yeddi min yüz) manat olan 30 ədəd “Herceptin 150 mg” markalı dərman vasitəsini gömrük orqanına bəyan etmədən ölkəyə daxil etmişdir. xx.xx.2026-cı il tarixdə Şəxs tərəfindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə teleqram ünvanlayaraq inzibati xətanın predmeti olan əşyalardan dövlət nəfinə imtina etdiyini qeyd etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir; 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, İXM-lə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. 479-cu maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 146-cı maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir; 148-ci maddəsinə əsasən malları və nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydada bəyan etmək bəyannaməçinin vəzifəsidir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-in 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Belə ki, Şəxs tərəfindən gömrük orqanına bəyan edilməmiş hər birinin dəyəri 570 manat olan 30 (otuz) ədəd “Herceptin 150 mg” markalı dərman vasitəsi üzərindən aşkar edilmiş və qeyd olunan əşyalar inzibati xətanın bilavasitə obyekti kimi çıxış etmişdir. Sözügedən fakt Azərbaycan Respublikasının İXM-in 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın obyektiv tərəfini tam şəkildə formalaşdırır. Eyni zamanda, iş materiallarında olan xx.xx.2026-cı il tarixli arayışdan görünür ki, Şəxs aşkar edilmiş 30 flakon “Herceptin” markalı dərman vasitəsindən dövlət nəfinə könüllü şəkildə imtina etdiyini bəyan etmişdir. Lakin məhkəmə qeyd edir ki, inzibati xətanın predmetindən könüllü imtina faktı inzibati məsuliyyəti istisna edən hal kimi qiymətləndirilə bilməz və bu hal yalnız inzibati tənbeh tədbirinin növünün və həddinin müəyyən edilməsində nəzərə alına bilər. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan mallar dövlət nəfinə müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 34, 40, 43, 114-115, 482.1 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalarının törədilməsində təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan 30 ədəd “Herceptin 150 mg” markalı dərman vasitəsi dövlət nəfinə müsadirə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüqar Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar