Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-95)-16/2026 06.03.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X12 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin prokuroru X5, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs (MMC) direktoru Nümayəndə, Hüquqi şəxsin nümayəndələri - Bakı şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil1 Barış oğlu və Saatlı Rayon Vəkil Bürosunun vəkili Vəkil2 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” xx.xx.2025-ci il tarixli qərarı ilə Şəxs MMC-nin barəsində İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanıb toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən prokurorluğun nümayəndəsi bildirmişdir ki, hüquqi şəxs "xxxx" MMC - onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi - baş direktoru Nümayəndə tərəfindən MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən, onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən düzgün nəzarətin həyata keçirilməməsi nəticəsində MMC-də topoqraf vəzifəsində işləyən X9 tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin tələblərinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı halda həmin tələblər pozularaq, yəni, əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslər X16, X17 və X15 2024-cü ilin iyul ayından 2025-ci ilin may ayının ortalarınadək Cəbrayıl rayonu Şükürbəyli kəndi ərazisində fərdi yaşayış evlərinin tikintisində usta kimi işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Nəticədə hüquqi şəxs "xxxx" MMC İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş əmək qanunvericiliyini pozaraq əmək müqaviləsi (kontrakti) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsi hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati xətasını törətdiyinə görə həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-nin direktoru Nümayəndə və hüquq şəxsin nümayəndələri ümumilikdə analoji izahatlar verərək bildirmişlər ki, X16, X17 və X1 hüquqi şəxs tərəfindən hər hansı işlərə cəlb edilməmişlər. Həmin şəxslər Şəxs MMC ilə fərdi sahibkar X6 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 01/MƏ-24 saylı xidməti müqavilə əsasında Ərəstun Mirzəyev tərəfindən Şəxs MMC-nin gördüyü işlətə cəlb edilmişlər. Bu səbəbdən Şəxs MMC-nin əməlində hər hansı bir, o cümlədən İXM-nni 192.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Araşdırma zamanı izahatı alınmış X4 göstərmişdir ki, "xxxx" MMC tərəfindən Cəbrayıl rayonu Şükürbəyli kəndində aparılan işlərə heç bir aidiyyəti olmamış, onun şəxsi məlumatlarını qohumu Vurğun Abasov istifadə edərək adına işçilər sənədləşdirmiş, lakin Vasif Şabanov və Asəf Şabanovla heç bir münasibəti olmamışdır. Hüquqi şəxsin təşəbbüsü ilə məhkəmə iclasına dəvət olunmuş X4 analoji fikirlər söyləyib adına VÖEN-nin olduğunu, lakin faktiki olaraq yaşadığı rayonda mal-qara saxlamaqla və təsərrüfatla məşğul olmasını bildirmişdir. Hər hansı şəxsi Qarabağ bölgəsində işlərə cəlb etməmiş, ola bilsin onun VÖEN-dən istifadə edən qohumu Vurğun Abasov həmin şəxsləri işlərə cəlb etmişdir. Araşdırma zamanı izahatı alınmış X10 bildirmişdir ki, 2024-cü ilin iyul ayında “Ağa-EE İnşaat" MMC-də topoqraf vəzifəsində işləyən Faiq Hüseynli həmin ərazidə işləyən 3 nəfər işçi ilə MMC adına deyil, öz adına əmək müqavilələri rəsmiləşdirilməsini ondan xahiş etmiş, o da həmin işçiləri qohumu-Cəbrayıl rayonu Şükürbəyli kəndində aparılan işlərə heç bir aidiyyəti olmayan Ərǝstun Mirzəliyevin işçiləri kimi ƏMAS sisteminə daxil etmişdir. Hüquqi şəxsin təşəbbüsü ilə məhkəmə iclasına dəvət olunmuş X10 bildirmişdir ki, "xxxx" MMC-də sürücü kimi fəaliyyət göstərir, qohumu X2 verdiyi etibarnamə əsasında onun adına açılmış VÖEN-dən istifadə edib həmin şirkətdə işləyən Faiq Hüseynlinin xahişi əsasında X16, X17 və X7 adlarını ƏMAS sisteminə daxil etmişdir. Araşdırma zamanı izahatı alınmış X9 göstərmişdir ki, Vasif və Asəf Şabanovlar "xxxx" MMC tərəfindən Cəbrayıl rayonu Şükürbəyli kəndində aparılan işlərə cəlb edilmiş, lakin həmin işçilərlə əmək müqaviləsi başladıqlarından xeyli müddət sonra rəsmiləşdirilmişdir. İşçiləri işə MMC-ni faktiki olaraq idarə edən Vurğun Abbasov götürmüş və işçilər sırf MMCnin maraqları üçün işləmişlər. Araşdırma zamanı izahatı alınmış X16 göstərmişdir ki, 2024-cü ilin iyul ayından qardaşı Asəf Şabanovla birlikdə "xxxx" MMC tərəfindən Cəbrayıl rayonunun Şükürbəyli kəndi ərazisində aparılan işlərə usta kimi cəlb edilmiş, işə götürülərkən onlara əmək müqaviləsi bağlanacağı bildirilsə də, heç bir müqavilə bağlanmamış, fasilələrlə həmin ərazidə 2025-ci ilin may ayınadək işləmişlər. Gördükləri işə isə MMC-də topoqraf vəzifəsində işləyən Faiq Hüseynli nəzarət etmişdir. Araşdırma zamanı izahatı alınmış X15 göstərmişdir ki, 2024-cü ilin yay aylarında və 2025-ci ilin aprel-may aylarında Vasif Şabanov və Asəf Şabanovla birlikdə "xxxx" MMC tərəfindən Cəbrayıl rayonu Şükürbəyli kəndi ərazisində aparılan işlərə əmək müqaviləsi bağlanmadan usta kimi cəlb edilmiş, onların işinə topoqraf Faiq Hüseynli nəzarət etmişşdir. Hüquqi şəxsin təşəbbüsü ilə məhkəmə iclasına dəvət olunmuş X15 bildirmişdir ki, prokurorluqda ona qarşı təqzyiq və təsir olmayıb, onun adından yazılan izahatda olan imza və əlyazma onun tərəfindən icra edilsə də, izahatı oxumadan imzalamış, həmin izahat həqiqəti əks etdirmir, "xxxx" MMC-nin apardığı işlərdə heç vaxt işləməmiş, Vasif və X18 rayonunda işlədiyi dövrdən tanıyır, lakin onlarla Cəbrayıl rayonunda birlikdə işləməyib, yalnız bir dəfə, uşaqlıq dostu və həmyerlisi Fərman İmanovun xahişi ilə onların hesabına 600 manat pul keçirmişdir. Hüquqi şəxsin təşəbbüsü ilə məhkəmə iclasına dəvət olunmuş X11 bildirmişdir ki, fərdi sahibkardır, "xxxx" MMC ilə aralarında bağlandığı xx.xx.2024-cü il tarixli “Subpodrat müqaviləsi”nə əsasən Cəbrayıl rayonunun Şükürbəyli kəndi ərazisində tikinti-təmir işləri görmüş, briqadir kimi müxtəlif şəxsləri, o cümlədən Vasif və Asəf Şabanovları işlərə cəlb etmişdir. "X3 Sistemi”ndən edilmiş çıxarışlardan görünür ki, X16, X17 və X15 ilə "xxxx" MMC arasında əmək müqaviləsi bağlanmamışdır. İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dispozisiyasından göründüyü kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə» məsuliyyət nəzərdə tutduğundan əmək müqaviləsi hüquqi qüvvəyə minməmiş işçinin işəgötürən tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur ki, belə olduğu halda da Şəxs MMC-nin əməlində qeyd edilən hərəkətlərin mövcudluğu məhkəmə iclasında sübuta yetirilmişdir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd etmək lazımdır ki, hüquqi şəxsin nümayəndələrinin təşəbbüsü ilə məhkəmə iclasına çağırılaraq izahatı alınmış X10 qohumu X2 verdiyi etibarnamə əsasında onun adına açılmış VÖEN-dən istifadə edib həmin şirkətdə işləyən Faiq Hüseynlinin xahişi əsasında X16, X17 və X15 “Subpodrat müqaviləsi”nə əsasən Cəbrayıl rayonunun Şükürbəyli kəndi ərazisində tikinti-təmir işlərinə cəlb etdiyini göstərsə də, X15 ümumiyyətlə Cəbrayıl rayonunun Şükürbəyli kəndi ərazisində tikinti-təmir işlərinə cəlb edilmədiyini vurğulayıb Laçın rayonunda fəaliyyət göstərdiyini bildirmiş, X11 isə Vasif və Asəf Şabanovların məhz onun tərəfindən Cəbrayıl rayonunun Şükürbəyli kəndi ərazisində tikinti-təmir işlərinə cəlb edildiyini qeyd etmişdir. Göründüyü kimi, hüquqi şəxsin nümayəndələri Şəxs MMC-nin əməlində İXM-nin 192.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasını bildirsələr də, onların təqdim etdiklər sənədlər, eləcə də təşəbbüsləri ilə məhkəmə iclasına çağırılaraq izahatları alınmış şəxslərin dedikləri həm özü-özlüyündə, həm də bir-biri ilə müqayisədə ziddiyyət təşkil etməklə yanaşı uyğunlaşmayaraq vəhdət təşkil etmir, hadisələrin gerçək və məntiqə uyğun təsvirini formalaşdırmır. Əmək münasibətləri - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir (Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsi). Əmək Məcəlləsi ilə əmək münasibətlərinə verilmiş anlayışa əsasən, bu münasibətlərin xarakterik cəhətləri olaraq, ilk növbədə, bir tərəfin fiziki şəxs olması, onun, yəni işçinin müəssisədaxili intizam qaydalarına tabe olması, əmək müqaviləsi üzrə şərtləşdirilmiş əmək funksiyalarını müvafiq iş yerində şəxsən yerinə yetirməsi çıxış edir. Münasibətlərin digər subyekti olan işəgötürən isə işçini müvafiq işlə, habelə sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin etməli və onun əməyinin qarşılığını (əmək haqqını) ödəməlidir. Əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Belə ki, əmək qanunvericiliyinin iş vaxtı, istirahət vaxtı və işçilərin məzuniyyət hüququ, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normaları məhz işçilərin Konstitusiyada nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənərək, işəgötürənlər üçün müvafiq öhdəlik və vəzifələr yaradır. Əmək müqavilələrində işçinin əmək qanunvericiliyi ilə müəyyən edilən əmək (iş yerinin saxlanılması, məzuniyyətlərin verilməsi, ezamiyyə xərclərinin ödənilməsi, təhsilin davam etdirilməsi və s.) və sosial təminat (işdənçıxarma, əmək qabiliyyətinin müvəqqəti itirilməsi və digər hallarda sosial müavinətin ödənilməsi, sosial sığortanın həyata keçirilməsi və s.) hüquqları və işəgötürənin bununla bağlı vəzifələri vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi məsələlərini tənzimləyən 49-cu maddəsinin 1-ci hissəsinin tələbinə görə «Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir». Qanunvericiliyin bu müddəasından göründüyü kimi, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınması və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsi ilə şərtləndirilir. Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4-cü hissəsinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda, tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-4-cü hissəsinə əsasən bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır. Əmək müqavilələrində işçi müəssisədaxili intizam qaydalarına və iş vaxtı rejiminə mütləq tabe olduğu və onları pozduqda intizam tənbehinə məruz qaldığı halda, mülkihüquqi müqavilələr üçün bu cür tənbehlər xas deyil. Beləliklə, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun, sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti göstərməklə, müqavilənin daha zəif və asılı tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alındığı halda, mülki hüquq normaları, əsasən tərəflərin bərabərliyinə, mənafelərinin qarşılıqlı təmin olunmasına əsaslanır. Bu səbəbdəndir ki, Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində əmək münasibətlərinin mülki-hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməz olduğu qeyd olunur. İXM-nin müddəalarına əsasən, yalnız İXM ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir (İXM-nin 3-cü maddəsi). İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır (İXM-nin 9.1-ci maddəsi). Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir (İXMnin 18.5-ci maddəsi). İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (İXM-nin 76.1ci maddəsi). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir (İXM-nin 84.1-ci maddəsi). Məhkəmə, tərəfləri dinləyib, təqdim edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir, hüquqi şəxs həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır, barəsində məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halların olmaması nəzərə alınmaqla qeyd edilən maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növünün minimum həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və İXM-nin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: "Ağa-EE İnşaat” MMC İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20.000 (iyirmi min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsilə şikayət və ya protest verilə bilər. X14
Məhkəmə qərarları › İş №3(5-95)-16/2026
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(5-95)-16/2026
06.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver