Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-95)-2/2026 05.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X10 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru polis mayoru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxs X3 iştirakları ilə, xx.xx.2006-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 388-1.1.1 və 510-cu maddələri ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsindən daxil olmuş, xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən, Şəxs internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiya yerləşdirmiş, habelə xırda xuliqanlıq hərəkətlərə yol vermişdir. Bununla da onun barəsində İXM-nin 388-1.1.1 və 510-cu maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru polis mayoru X8 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə X1 rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə ərizə ilə müraciət edərək qeyri-rəsmi münasibətdə olduğu Şəxs tərəfindən “Tik-Tok” sosial şəbəkə platformasında ünvanına nalayiq ifadələr işlədilməklə təhqir edilmiş, həmçinin ictimai yerdə təkrarən sonuncu tərəfindən təhqir edilməklə xırda xuliqanlıq hərəkətlərinə yol vermiş, bu əməllərinə görə Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, 2026-cı ilin yanvar ayının əvvəllərində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən yaşadığı yataqxanada “Tik-Tok” sosial şəbəkə platformasında özünə məxsus profildə canlı yayımda olarkən X3 ünvanına nalayiq ifadələr işlətmiş, həmin vaxt onu canlı yayımda 2000 “Tik-Tok” sosial şəbəkə platformasında istifadəçisi canlı yayımda izləmişdir. Lakin heç bir halda və heç bir vaxt sonuncunun ünvanına ictimai yerdə nalayiq ifadələr işlətməmiş, xırda xuliqanlıq hərəkətlərinə yol verməmişdir. Zərər çəkmiş şəxs X6 izahatında göstərmişdir ki, qeyri-rəsmi münasibətdə olduğu Şəxs onu 2026-cı ilin yanvar ayının əvvəllərində “Tik-Tok” sosial şəbəkə platformasında olan özünə məxsus profilindən canlı yayımda onun ünvanına nalayiq ifadələr işlətmiş, həmçinin 2026-cı ilin əvvəllərində Xəzər rayonu, Binə qəsəbəsində yerləşən ofisinin qarşısında özünə məxsus olan avtomobilin içərisində yanlarında heç kim olmadığı halda Şəxs onun ünvanına nalayiq ifadələr işlədərək təhqir edib xırda xuliqanlıq hərəkətlərinə yol vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında iş üzrə materiallara əlavə edilmiş CD diskdəki videogörüntülərdən görünür ki, Şəxs videolarda bir neçə dəfə E.M.Məmmədovu nəzərdə tutaraq onu “Murad” deyə adlandırmış və ad çəkmədən kiminsə ünvanına nalayiq ifadələr işlətmişdir. “İnzibati qaydada tutma haqqında” 04 yanvar 2026-cı il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə tutulmuşdur. Məhkəmə, tərəflərin izahatlarını, eləcə də inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs İXM-nin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilsə də, onun əməlində İXM-nin 510-cu maddəsinin tərkib əlamətlərinin mövcudluğu müəyyən edilmir. Belə ki, İXM-nin 510-cu maddəsinin dispozisiyasına əsasən xırda xuliqanlıq dedikdə ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir. Təqdim edilmiş materiallardan görünür ki, Şəxs tərəfindən ictimai qaydanın necə və nə cür pozulması müəyyən olunmur, bu barədə hər hansı bir formada əsaslandırma aparılmamış, məhkəmə iclasında da müəyyən edilməmişdir. Şəxs tərəfindən xırda xuliqanlıq törədilməsinə görə protokol tərtib edilsə də, işin hallarından müəyyən olunur ki, Şəxs E.M.Məmmədovun ünvanına cəmiyyət arasında nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmamış, belə bir halın olması başqa şəxslər tərəfindən müşahidə olunmamışdır. İXM-nin müddəalarına görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İXM-nin 8.2 və 8.3-cü maddələri). İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (İXM-nin 76.1-ci maddəsi). Şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir (İXM-nin 53.0.2-ci maddəsi). İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir (İXMnin 105-ci maddəsi). Belə olan halda Şəxs əməllərində ictimai qaydanı pozması müəyyən edilmədiyindən onun əməlində İXM-nin 510-cu maddəsinin tərkib əlamətləri mövcud deyil, həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. İXM-nin 388-1.1.1-ci maddəsinə əsasən informasiya ehtiyatında və ya informasiyatelekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-2.3.9-cu maddəsinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiyatelekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiyatelekommunikasiya şəbəkəsində) təhqir və ya böhtan xarakteri daşıyan məlumatların yerləşdirilməsinə yol verməməlidir. Həmin Qanunun 13-4-cü maddəsinə əsasən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi ilə əlaqədar internet informasiya ehtiyatının sahibi, domen adının sahibi, host və internet provayderlər, həmçinin informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçiləri qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. “Media haqqında” xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən internet də kütləvi informasiya vasitəsi hesab edilir. İlk növbədə qeyd etmək lazımdır ki, İXM-nin 388-1.1.1-ci maddəsi inzibati məsuliyyətə səbəb olan əməllərin törədilməsinə görə inzibati cərimə ilə yanaşı, həmçinin həbs növündə tənbeh tədbirinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Kiminsə fikrini ifadə etmək azadlığı digər şəxsin şərəf və ləyaqətinin, nüfuzunun və digər hüquqlarının müdafiəsinə məhdudiyyətlər qoya bilməz. İnsanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində, Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və X5 haqqında” Avropa Konvensiyasında (bundan sonra Konvensiyada) təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Konstitusiya fikir və söz azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb etdiyi halda, bir sıra hallarda bəzi şəxslər onlara verilmiş hüquq və azadlıqlardan sui-istifadə edərək başqalarının şərəf və ləyaqətini ləkələyən, onları nüfuzdan salan təhqir və böhtan xarakterli məlumatların kütləvi şəkildə yayılmasına yol verirlər. İnsan Hüquqlarının və X7 X2 (Konvensiya) 10-cu maddəsinin müddəalarına görə hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir, lakin bu azadlıqların həyata keçirilməsi digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmi tələblərə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. Hüquqi mənada təhqir dedikdə, kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma başa düşülür. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sosial şəbəkə platformasından E.M.Məmmədovun ünvanına nalayiq ifadələr işlətməklə onu təhqir edib sonuncunun barəsində cəmiyyətdə, kollektivdə və ayrı-ayrı şəxslər arasında mənfi rəy yaradıb şərəf və ləyaqətini ləkələmiş, onu nüfuzdan salmışdır. İXM-nin müddəalarına görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır (maddə 31.2). İXM-nin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz (maddə 31.4). İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz (maddə 31.4-1). İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər (maddə 32.2). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir (maddə 84.1). Məhkəmə barəsində icraat aparılan şəxsin səmimi peşmançılığı və əməlini etiraf etməsini, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır və məsuliyyətini ağırlaşdıran hallar müəyyən etmir. Məhkəmə, cəza təyininin fərdiləşdirilməsi və proporsionallıq prinsiplərini, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun tələblərini rəhbər tutaraq, yuxarıda qeyd olunan çoxsaylı yüngülləşdirici hallar və ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq, Şəxs İXM-nin 388-1.1.1-ci maddəsinin sanksiyasında cərimə tətbiq edilməsini ədalətli və məqsədəuyğun hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq,məhkəmə Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 388-1.1.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Şəxs inzibati qaydada tutulması nəzərə alınsın, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin və dərhal məhkəmə iclasında həbsdən azad olunsun. Şəxs İXM-nin 510-cu maddəsilə nəzərdə tutulmuş əməli sübuta yetirilmədiyindən həmin maddə ilə inzibati məsuliyyətdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhər Xəzər Rayon Məhkəməsinin vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. X11
Məhkəmə qərarları › İş №3(5-95)-2/2026
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(5-95)-2/2026
05.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver