Məhkəmə qərarları › İş №3(5-95)-223/2026

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(5-95)-223/2026

29.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-95)-223/2026 29.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Vüqar Sarvan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin X7 İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin inspektoru, polis leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmuş, fərdi ticarətlə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin X7 İdarəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli, MN2288243 nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək xırda xuliqanlıq etməkdə təqsirli bilinir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə qeyd edilən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Proses iştirakçılarının izahatı: Məhkəmə iclasında çıxış edən X7 İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin inspektoru, polis leytenantı X9 tərtib etdiyi yuxarıda qeyd edilən protokolun məzmununa uyğun izahat verərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində müvafiq protokol tərtib etdiyini bildirib, məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü törətdiyi inzibati pozuntuda təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2026-cı il tarixdə, saat 17-18 radələrində İstanbul-Bakı reysi ilə ölkəyə qayıtmış və Heydər Əliyev adına X5 Terminal 1 sərhəd nəzarət postundan keçərək baqajlarını götürüb gömrük zonasından “qırmızı kanal” dan (bəyan edilmiş əşyaları olan şəxslər “qırmızı kanal”dan keçir) keçərkən əvvəlcədən tanıdığı gömrük orqanı əməkdaşı X1 orada olduğunu və baqajının gecikməsinə səbəb onun olduğunu düşünüb ona yaxınlaşaraq ünvanına nalayiq ifadə işlətmişdir. Bundan sonra E.S.Rüstəmov ilə aralarında mübahisə yaranmış, səs-küyə orada olan gömrük orqanı əməkdaşları və digər şəxslər gəlmişlər. Törətdiyi əməllərdən peşman olduğunu, yorğun olması ilə əlaqədar bu cür aqressiv hərəkətə yol verdiyini göstərmişdir. Məhkəmə iclasında çıxış edən şahid X3 izahatında göstərmişdir ki, Şəxs Bakı- İstanbul-Bakı aviareysi ilə mütəmadi uçuşlar həyata keçirən sərnişin olduğuna görə tanımış, sonuncu dəfə xx.xx.2026-cı il tarixdə saat 17-18 radələrində İstanbul-Bakı aviareysi ilə ölkəyə gəlmiş və Heydər Əliyev adına X6 gömrük nəzarətindən keçərkən “qırmızı kanal”dan daxil olmuşdur. O isə həmin vaxt “yaşıl kanal”da (bəyan edilməli əşyaları olmayan şəxslər “yaşıl kanal”dan keçir) dayanaraq xidmətini təşkil etmişdir. Bu vaxt Şəxs ona yaxınlaşaraq gömrük yoxlanışından keçərkən baqajının gecikməsində səbəbkar şəxs olduğuna görə orada olan xidmət yoldaşlarının və tanımadığı şəxslərin (ölkə vətəndaşı və digər ölkələrin xarici vətəndaşların) yanında ünvanına nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında çıxış edən şahid X4 izahatında göstərmişdir ki, xx.xx.2026-cı il tarixdə saat 17-18 radələrində Heydər Əliyev adına X6 xidmətdə olan zaman Şəxs ictimai qaydanı pozmağa yönələn aqressiv hərəkətlərini görüb ona yaxınlaşaraq Hava Limanının qaydalarına riayət etməli olduğunu, ictimai qaydalara əməl etməsini deyərək hərəkətlərindən narazılığını bildirmiş, həmin vaxt Şəxs gömrük orqanı əməkdaşı E.S.Rüstəmovun ünvanına nalayiq ifadə işlətmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2026-cı il tarixli aktdan görünür ki, xx.xx.2026-ci il tarixdə saat 17:30 radələrində 076 İstanbul-Bakı aviareysi ilə Ölkəyə gələn Azərbaycan Respublikası vətəndaşı Şəxs sərnişin gəliş gömrük postunda gömrük yoxlanışından keçərkən gömrük əməkdaşlarının qanuni göstərişlərinə qarşı gələrək kobudluq göstərmiş, tabesizlik göstərərək, mübahisə yaradıb xidməti vəzifəsini icra edən gömrük orqanı əməkdaşlarının xidməti fəaliyyətinin həyata keçirməsinə maneçilik törətmiş, yüksək səs tonu ilə danışaraq əməkdaşlarını təhqir edib nəzakətsizlik etməklə, ictimai asayişi kobud şəkildə pozmuşdur. xx.xx.2026-cı il tarixli “İnzibati qaydada tutma haqqında protokoldan” görünür ki, Şəxs xx.xx.2026-cı il tarix saat 18:40-da tutulmuşdur; xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə Heydər Əliyev X6 gömrük xidməti əməkdaşları ilə mübahisə edərək ictimai qaydanı pozmuşdur. xx.xx.2026-cı tarixli videogörüntüdən görünür ki, Şəxs qeyd edilən tarixdə saat 18 radələrində Heydər Əliyev adına X6 insanların hərəkət etdiyi ərazidə X1 ünvanına uca səslə çoxsaylı nalayiq ifadələr işlətmişdir. xx.xx.2022-ci il tarixli, 1(003)-359/2022 nömrəli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hökmündən görünür ki, Şəxs Azərbaycan Respublikası CM-in 206.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək cinayətin predmeti olan 139283,00 (bir yüz otuz doqquz min iki yüz səksən üç) manat məbləğində pulun qırx faizi miqdarında, yəni 55713,20 (əlli beş min yeddi yüz on üç manat iyirmi qəpik) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixli 3(003)-2643/2023 nömrəli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 100 (yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Tətbiq edilən qanunvericilik: Azərbaycan Respublikası İXM-in: 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən həmin Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. (30.3) İnzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, videogörüntüləri təhlil edib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, iş materialındakı sübutlardan, video görüntülərdən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirini boynuna almaqla verdiyi izahatdan, habelə şahid izahatlarından görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 17-18 radələrində Heydər Əliyev adına X6 ictimai qaydanı pozan qərəzli hərəkətlərə yol verərək, xidməti vəzifələrini yerinə yetirən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks Birliyi”nin Hava nəqliyyatı bölməsinin instruktoru, gömrük xidməti giziri X1 ünvanına uca səslə çoxsaylı nalayiq ifadələr işlədərək onu təhqir etməklə, ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, hərəkətlərə yol verməklə xırda xuliqanlıq etmişdir. Azərbaycan Respublikası 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Bu hərəkətləri ilə Şəxs ölkənin giriş qapısı olan, 2025-ci il ərzində yerli və xarici vətəndaş olmaqla, əksəriyyəti turist olan 7 milyon 640 min nəfərdən çox sərnişinə xidmət göstərən Heydər Əliyev adına X6 cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozmaq kimi hərəkətlərə yol verməklə Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarından görünür ki, Şəxs 1-ci dəfə xx.xx.2023-ci il tarixdə eyni xarakterli inzibati xətanı Heydər Əliyev adına X6 törətmiş və Məhkəmə tərəfindən Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinib barəsində 100 (yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, bir dəfə eyni xarakterli əməl törətdiyinə görə inzibati məsuliyyətə cəlb edilməklə barəsində həmin maddənin sanksiyasında olan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsindən nəticə çıxarmayan Şəxs inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli, bu inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ:

1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin.

2. İnzibati həbsin müddəti inzibati qaytadada tutulduğu xx.xx.2026-cı il, saat 18:40dan hesablansın.

3. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılması məntəqəsinə və Nəqliyyatda Baş Polis İdarəsinin X7 İdarəsinə həvalə edilsin.

4. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Hakim Vüqar Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar