Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-95)-227/2026 30.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Vüqar Sarvan oğlu, Şəxs barəsində barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 529.3-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarını baxılmağa hazırlanması zamanı baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Tətbiq edilən qanunvericilik Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydalarına [...] görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 38.6-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar (həmin Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərara münasibətdə isə həmçinin onun əlavəsi (foto və ya video materiallar), habelə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən inzibati xəta haqqında iş üzrə nömrələnmiş blanklarda tərtib edilmiş qərar 24 saat müddətində şəxs üçün internet informasiya ehtiyatında yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla)) inzibati məsuliyyətə cəlb oluna bilməz. 53.1.6-ci maddəsinə əsasən, həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müdətlər başa çatdıqda iş üzrə icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında […] işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4) həll etməlidir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü [...] maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi […] barədə qərar qəbul edilir. 122.1-ci maddəsinə əsasən [...] 346-cı maddədə nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə […] göndərilir. 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların […], törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati xəta haqqında protokol tərtib edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Şəxs barəsində xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən aşağıdakı qanun pozuntularına yol verilmişdir. Belə ki, cərimə qərarının qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla 3 aylıq müddətin bitdiyi vaxtın növbəti günü şəxsin əməlində İXM-in 529.3-cü maddəsinin tərkibi yaranır və həmin gün İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın baş vermə gününün əvvəli hesab edilir. Hazırkı iş üzrə xx.xx.2025-ci il tarixli EQ30062621 nömrəli protokol üzrə cərimə qərarı xx.xx.2025-ci il tarixdə qəbul edilib. Halbuki İXM-in 38.6-cı maddəsinə əsasən həmin Məcəllənin 346.1-ci maddəsi ilə inzibati pozuntu törədən şəxs barəsində tərtib edilən inzibati tənbeh vermə haqqında elektron qərar 24 saat müddətində şəxs üçün internet informasiya ehtiyatında yaradılan elektron kabinetdə yerləşdirilmədikdə inzibati məsuliyyətə cəlb oluna bilməz. Ən yaxşı halda Şəxs barəsində müvafiq inzibati xətanı törətməsi haqqında xx.xx.2025-ci il tarixdə qərar qəbul ediməklə internet informasiya ehtiyatında yaradılan elektron kabinetdə yerləşdirilməli idi. Hadisənin üzərindən 7 ay 9 gün müddət keçdikdən sonra müvafiq protokol tərtib edilməsi isə qanunsuz olmuşdur. Bundan başqa Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Lakin məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün, şəxs hazırkı tarixdə İXM-in 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Bununla da İXM-in 529.3-cü maddəsindəki inzibati xətanın baş vermə günündən hesablanmaqla inzibati məsuliyyətə cəlb etmə müddətinin axımının başlanması nəzərə alınaraq, yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik) törədilməsinin baş verdiyi vaxtdan hesablanmaqla, hazırkı vaxtda artıq İXMin 529.3-cü maddəsinə münasibətdə inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. İXM-in 529.3-cü maddəsindəki inzibati xəta İdarəçilik qaydaları əleyhinə olan inzibati xətalar fəslinə daxil olduğundan və həmin fəsil İXM-in 38.1-ci maddəsində xüsusi qeyd edilmiş inzibati tənbehin törədildiyi gündən ən geci 1 il keçənədək verilə bilən inzibati xətalardan deyil. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsi”nə dair 11 noyabr 2021-ci il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsində göstərilən “inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar” müddəasının həmin Məcəllənin 53-cü maddəsində müəyyən edilmiş halları ehtiva edib-etməməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsində nəzərdə tutulmuş qeyd edilən müddəanın həmin Məcəllənin 53-cü maddəsində müəyyən edilmiş inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların bir qismini ehtiva etməsi mümkündür. Bu səbəbdən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxmağa hazırlıq mərhələsində İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsi ilə müəyyən edilmiş icraatı rədd edən hallardan mahiyyəti üzrə işə baxılmanı və sübutların qiymətləndirilməsini tələb etməyən hallar müəyyən olunarsa, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməlidir. Bununla da şəxs inzibati məsuliyyətdən azad edildiyindən və artıq inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmadığından, həmin iş üzrə başlanmış icraata xitam verilməli olduğundan, həmçinin göstərilən əsaslar iş məhkəməyə daxil olanadək yarandığından, göstərilən əsasların yarandığı vaxtı iş hələ də səlahiyyətli orqanın icraatında olduğundan, səlahiyyətli orqan həmin iş üzrə icraata xitam verməli olduğu halda, buna əməl etməyib inzibati məsuliyyətdən azad edilmiş şəxs barədə materialları məhkəməyə göndərmişdir. Halbuki, İXM-in 105.1-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birini müəyyən etdikdə inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul etməli idi. Göstərilənlərə əsasən işin məhkəmədə icraatını rədd edən hallar vardır və həmin işin icraatına xitam verilməlidir. Həmçinin səlahiyyətli orqanın diqqəti hazırkı qərarda qeyd edilənlərə, yəni şəxs inzibati məsuliyyətdən azad edildiyindən və artıq inzibati xəta tərkibi olmadığından, həmin şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün işin məhkəməyə göndərilməsi ilə şəxsin hüquqlarının pozulduğu, buna görə də iş məhkəməyə göndərilənədək şəxsin bu hüququnun təmin edilməsi üçün həmin iş üzrə başlanmış icraata həmin orqanın özü tərəfindən xitam verilməli olduğuna cəlb edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1, 40, 43, 53.1.6, 48-51, 105-109-cu maddərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ:
1. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin.
2. Protokol tərtib etmiş səlahiyyətli orqanın diqqəti qərarda qeyd edilənlərə, inzibati məsuliyyətə cəlb etmə müddəti bitdikdən sonra şəxs barəsində inzibati iş üzrə icraatın başlanıla bilməməsinə, protokol tərtib edilə bilməməsinə cəlb edilsin.
3. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Hakim Vüqar Məhərrəmov