Məhkəmə qərarları › İş №3(5-95)-383/2026

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(5-95)-383/2026

13.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-95)-383/2026 13.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X4 Hidayət oğlunun sədrliyi, Cəlilli Təbriz Oruc oğlunun katibliyi, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin sahə inspektoru, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində doğulmuş, evli, himayəsində iki azyaşlı uşağı olan, Azərbaycan Respublikasının vətəndaşı, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkrn, Asif Məmmədov küçəsi, ev 62, mənzil 64-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 535.1 və 510.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X3 tərəfindən Şəxs İXM-nin 535.1 və 510.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında potokol tərtib etmiş şəxs X3 izahat verərək bildirmişdir ki, Şəxs baş vermiş oğurluq hadisəsi ilə əlaqədar xx.xx.2026-cı il tarixdə polis əməkdaşları tərəfindən polis şöbəsinə dəvət edilərkən polisin qanuni tələblərinə tabe olmayıb ictimai yerdə ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında Şəxs izahat verərək bildirmişdir ki, taksi fəaliyyəti ilə məşğuldur, xx.xx.2026-cı il tarixdə iki nəfər özlərini polis əməkdaşları kimi təqdim edib onu polis bölməsinə dəvət etmişdilər. Onlara tələblərini yetirib hətta öz maşınında onlarla birlikdə polis şöbəsinə getmiş, müqavimət göstərməmiş, sadəcə aparılmasının səbəbini soruşmuş, polis əməkdaşları ictimai yerdə ona yaxınlaşsalar da ictimai qaydanı pozmamış, ola bilsin ki, uca səslə onlarla danışmış, lakin bu onun xəstəliyi ilə bağlıdır, belə ki, uşaq vaxtı başından ciddi zədə alaraq ona ömürlük əlillik dərəcəsi təyin olunmuşdur. Məhkəmə iclasında izahatları alınmış Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin polis əməkdaşları X2 və X8 analoji izahatlar verərək bildirmişlər ki, baş vermiş oğurluq hadisəsi ilə əlaqədar xx.xx.2026-cı il tarixdə, küçədə Şəxs yaxınlaşıb özlərini təqdim edərək onu polis şöbəsinə dəvət etmişlər. Şəxs ilkin olaraq getmək istəməyərək hansı səbəbdən polisə dəvət olunmasını soruşmuş, oğurluq hadisəsi ilə bağlı polisə dəvət olunmasını bildirdikdə, Şəxs onlarla ictimai yerdə uca səslə danışaraq nəisə aydınlaşdırmaq istəmiş, lakin sonradan onlarla birlikdə, hətta öz maşını ilə polis şöbəsinə gəlmişdir. Polis şəbəsinə gətirilib raport yazandan sonra onlara məlum olmuşdur ki, Şəxs əlildir, başından ciddi zədə alıb, pis eşidərək deyilənləri də dərhal düzgün anlamır. Eyni zamanda qeyd etmişlər ki, Şəxs ictimai yerdə söyüş söyməmiş, nalayiq ifadələr işlətməmişdir, onlara qarşı müqavimət göstərilməsi isə Şəxs onların tələbi ilə dərhal polis şöbəsinə getməməsi və uca səslə onlarla danışmasında ifadə edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməlidir. Belə ki, İXM-nin 510.1-ci maddəsinin dispozisiyasına əsasən xırda xuliqanlıq dedikdə ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər başa düşülür. İXM-nin 535.1-ci maddəsinin dispozisiyasına əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissiilə törədilən, o cümlədən zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir. Təqdim edilmiş materiallardan görünür ki, Şəxs tərəfindən ictimai qaydanın necə və nə cür pozulması, eləcə də məhz ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması sübuta yetirilmir, bu barədə nə inzibati xəta haqqında protokolda, nə də ki digər sənədlərdə hər hansı bir formada əsaslandırma aparılmamış, məhkəmə iclasında da tərəflərin izahatları ilə Şəxs İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törədilməsinə dar əməllərinin mövcudluğu sübuta yetirilməmişdir. İXM-nin müddəalarına görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İXM-nin 8.2 və 8.3-cü maddələri). İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (İXM-nin 76.1-ci maddəsi). Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir (İXM-nin 53.2-ci maddəsi). İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir (İXM-nin 105-ci maddəsi). Qeyd olunanlara əsasən Şəxs İXM-nin 535.1 və 510.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta əməli sübuta yetirilmədiyindən onun inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və İXM-nin 40, 43, 53.2, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs İXM-nin 535.1 və 510.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta əməli sübuta yetirilmədiyindən onun inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar