Məhkəmə qərarları › İş №3(5-95)-390/2026

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(5-95)-390/2026

17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-95)-390/2026 17.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X10 Məhəmməd oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Bakı şəhər Xəzər rayon İcra Şöbəsinin məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Bakı şəhər Xəzər rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi barədə protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən icra məmuru bildirmişdir ki, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-4345/2024 saylı, xx.xx.2024-ci il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-917/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılmaqla hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs X2 xeyrinə hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutulmalıdır. Bu günə olan borcu 2300 manat təşkil edir. Sonuncu ödənişi xx.xx.2026-cı il tarixdə etmişdir. İcra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və məhkəmə qərarının icrasından qərəzli yayındığına görə X6 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında borclu Şəxs məhkəmə qərarının icrasından boyun qaçırmadığını, hər ay aliment üzrə ödəniş etdiyini, günəmuzd fəhlə işlədiyindən bəzi hallarda borcu yaranmaması üçün az mirdarda da olsa ödənişlər etdiyini, uşaqları saxlamanın onun borcu olduğunu, uşaqlarını saxlama üçün daim çalışdığını, ödənilmiş məbləğlərə dair qəbzlərinin olmasını bildirmişdir. Həmçinin növbəti gün də 300 manatadək ödəniş edəcəyini bildirmişdir. İş materiallarına əlavə edilmiş: -MN ******* nömrəli, xx.xx.2026-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-4345/2024 saylı, xx.xx.2024-ci il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-917/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılmaqla hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2016cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs X2 xeyrinə hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutulmalmalı olduğu halda Şəxs 2300 manat aliment borcu yaranmışdır. - Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-4345/2024 saylı, xx.xx.2024-ci il tarixli icra vərəqəsindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-917/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılmaqla hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs X2 xeyrinə hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutulmalıdır. - Bakı şəhər Xəzər rayon İcra şöbəsinin icra məmuru X1 icraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-4345/2024 saylı, xx.xx.2024-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - X2 16 iyul 2024-cü il tarixdə yazdığı ərizəsindən görünür ki, həmin tarixə Şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-917/2021 saylı icra vərəqəsinə əsasən aliment borcu yoxdur. Eyni zamanda iş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, Şəxs X2 adına müxtəlif vaxtlarda, tam olmasa da, hər ay olmaqla ödənişlər etmişdir. Sonuncu səfə xx.xx.2026-cı il tarixdə 50 manat, xx.xx.2026-cı il tarixdə 250 manat, xx.xx.2026-cı ildə 50 manat olmaqla ödəniş etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Göründüyü kimi qanunvericilik icra sənədindəki tələbin məhz üzrsüz səbəbdən icra edilməməsi nəzərdə tutulmuşdur ki, bu halın mövcudluğu inzibati məsuliyyətə səbəb olur. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair» 04 sentyabr 2018-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Kərimov və başqaları”nın işi üzrə qərarında (xx.xx.2022-ci il tarixli) qeyd etmişdir ki, (məhkəmənin qiymətləndirilməsi, 32-ci bənd) ərizəçilərin daxili məhkəmələr qarşısında irəli sürdükləri arqumentlər, xüsusən də qərarın icra edilməməsinə səbəb kimi onların borcları qaytarmaq üçün maliyyə imkanlarının olmaması ilə bağlı arqumentlər əsas əhəmiyyət kəsb edir. Heç kəs yalnız müqavilə öhdəliklərinin yerinə yetirə bilməməsi səbəbindən azadlıqdan məhrum edilə bilməz. Daxili məhkəmələr qərarın icra edilməməsinin üzrlü səbəb olub-olmadığını müəyyən etməyə çalışmalıdırlar. Məhkəmə araşdırılması zamanı Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)- 4345/2024 saylı, xx.xx.2024-ci il tarixli icra vərəqəsi üzrə Şəxs 2300 manat ödənilməyən aliment borcu olması müəyyən edilmişdir. Hazırki işin hallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-4345/2024 saylı, xx.xx.2024-ci il tarixli icra vərəqəsi üzrə tələbin icrasından üzürsüz və qərəzli olaraq yayınması halları olmamışdır. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-4345/2024 saylı, xx.xx.2024-ci il tarixli icra vərəqəsinə əsasən aliement məbləği artırıldıqdan sonra aliment borcu yaranmışdır. Belə ki, işin hallarından müəyyən edilir ki, Şəxs tərəfindən icra sənədi üzrə hər ay müvafiq qaydada ödəniş aparılmışdır. İcra sənədindəki tələbin tam ödənilməməsini, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi kimi qəbul edilməsini məhkəmə mümkün saymır və ədalətli hesab etmir. Belə ki ödəniş qəbzlərindən görünür ki, borcu müəyyən aylar ərzində bir neçə dəfə ödəniş etmiş, aliment borcunun tam ödənilməsinə cəhd etmişdir. Göründüyü kimi borclu Şəxs münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətinin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi onun hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi öz təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a ra a l d ı : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair MN ******* nömrəli, xx.xx.2026-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar