Məhkəmə qərarları › İş №3(5-95)-476/2026

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(5-95)-476/2026

26.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-95)-476/2026 26.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Vüqar Sarvan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Lerik rayonu, Murya kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, marketdə satıcı vəzifəsində işləyən, Lerik rayonu, Murya kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozunda yerləşən nömrəsiz yaşayış evində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis şöbəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli MN0445300 nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs qanunsuz olaraq narkotik vasitələrin istehlakında təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İXM-in 206-ci maddəsi ilə qeyd edilən inzibati xətanı törətməkdə təqsirli bilindiyindən barəsində müvafiq protokol tərtib edilmiş və inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Proses iştirakçılarının izahatı: İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin sahə rəisi, polis mayoru X2 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, polis əməkdaşları tərəfindən xx.xx.2026-cı il tarixdə saat 12 radələrində Binə qəsəbəsi ərazisində xidmətdə olarkən polis əməkdaşları tərəfindən Şəxs davranışları narkotik vasitə qəbul etməsinə əsaslı şübhə yaratmışdır. Bu səbəbdən o, Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq saxlanılmış və Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində Şəxs şəxsiyyəti müəyyən edilmiş, onun barəsində inzibati icraat başlanılmış və narkotik vasitə və ya psixotrop maddə qəbul edibetməməsinin müəyyənləşdirilməsi məqsədilə müvafiq tibbi ekspertiza təyin olunmuşdur. Ekspertiza rəyinə əsasən Şəxs metanfetamin qəbul etməsi müəyyən olunduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. F.T.Hüseynov Şəxs barəsində tətbiq olunacaq inzibati tənbeh tədbirinin seçilməsini məhkəmənin mülahizəsinə vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında törətdiyi əməldə özünü təqsirli bilib çıxış edərək bildirmişdir ki, o, xx.xx.2026-cı il tarixdə saat 12:00 radələrində saxlanılmışdır. O, metanfetamin istifadə etdiyini, narkotik vasitə qəbuluna yeni başlamış sonuncu dəfə Binə qəsəbəsi ərazisində şəxsi avtomobilində həmin maddəni qəbul etmişdir. Şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, himayəsində iki azyaşlı övladının olduğunu, barəsində qərar qəbul edilərkən ailə vəziyyətinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 12:15-də inzibati qaydada tutulmuşdur. xx.xx.2026-cı il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilməklə barəsində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X3 xx.xx.2026-cı il tarixli 1634 nömrəli rəyə əsasən Şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2026-cı il tarixli, MN0445300 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs narkotik vasitədən istifadə etdiyi müəyyən olunduğuna görə barəsində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün protokol tərtib edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 206-cı maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə - iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, işdə olan ekspert rəyi və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşmançılığını Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qanuni və əsaslı olmaqla inzibati tənbehin məqsədini təmin edir. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında xx.xx.2026-cı il tarixli 1634 nömrəli rəyini nəzərə alaraq Şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Azərbaycan Respublikası İXM-in 37.2-ci maddəsinə əsasən məcburi müalicənin tətbiq edilməsinin məqsədi həmin Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. Qeyd olunanlara əsasən və İXM-nin 30, 43, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin.

2. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin.

3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 37.1-ci maddəsinə uyğun olaraq, narkomaniyadan məcburi müalicə təyin edilsin və Lənkəran rayonlararası Narkoloji Mərkəzində qeydiyyata alınsın.

4. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Vüqar Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar