Məhkəmə qərarları › İş №3(5-95)-481/2026

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(5-95)-481/2026

27.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-95)-481/2026 27.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynova Mələk Bəxtiyar qızının sədrliyi, Məhkəmə iclas katibi Söyziyev Elşah İlham oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-ci ildə Yardımlı rayonu, Astanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Xəzər RPİ-nin 2-ci Polis Şöbəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək xırda xuliqanlıq etməkdə təqsirli bilinir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə qeyd edilən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Proses iştirakçılarının izahatı: Məhkəmə iclasında çıxış edən Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X2 tərtib etdiyi yuxarıda qeyd edilən protokolun məzmununa uyğun izahat verərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində müvafiq protokol tərtib etdiyini bildirib, məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X2 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru Sərxan Quliyev tərəfindən aparılmış araşdırma zamanı toplanmış materialda cinayət tərkibi yaradacaq hal müəyyən edilmədiyindən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Şəxs əməlində inzibati xəta tərkibi olduğundan Şəxs barəsində AR İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü törətdiyi inzibati pozuntuda təqsirli bilərək izahatında göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır, 2 övladı var və tikinti sahəsində usta kimi çalışır. Hava şəraiti ilə əlaqədar son 03 ay ərzində işləmədəyini qeyd etmişdir. Hadisə günü evdən çıxarkən maddi vəziyyətinin zəif olması səbəbindən narahat və fikirli olduğunu, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində “Xrustalni” adlanan yerə gəldiyini və orada yerləşən “Oba Market”ə daxil olduğunu bildirmişdir. Marketdən 02 ədəd “GO” markalı spirtli içki alaraq qəbul etmiş, təxminən 30-40 dəqiqə həmin ərazidə qaldıqdan sonra sərxoş vəziyyətə düşdüyünü və sonrakı hərəkətlərini xatırlamadığını göstərmişdir. Şəxs əlavə olaraq qeyd etmişdir ki, özünə gəldikdən sonra isə Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin inzibati binasında olduğunu görmüş, xx.xx.2026-cı il tarixində sərxoş vəziyyətdə olarkən özünə qəsd etmək məqsədilə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Zaqulba şossesi üzərində yerləşən keçidə çıxmış və polis əməkdaşları tərəfindən oradan düşürülmüşdür. Törətdiyi əməli spirtli içkinin təsiri altında etdiyini, özünə qəsd və intihar etmək niyyətinin olmadığını, etdiyi əməlindən səmimi peşman olduğunu və bir daha belə əməl törətməyəcəyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2026-cı il tarixli raportdan görünür ki, xx.xx.2026-cı il tarixdə Buzovna qəsəbəsində yerüstü keçidə bir nəfər şəxsin özünə qəsd etmək məqsədilə çıxması aşkar edilmiş, həmin şəxs PPXB-nin polis nəfərləri vasitəsilə Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə gətirilmişdir. xx.xx.2026-cı il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs barəsində toplanmış HK1-138 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2026-cı il tarixli, 1/2227 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs orta dərəcəli sərxoşluq müəyyən edilmişdir. xx.xx.2026-cı il tarixli “İnzibati qaydada tutma haqqında protokoldan” görünür ki, Şəxs xx.xx.2026-cı il tarix, saat 16:25-də tutulmuşdur; xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Zaqulba prospekti, Naxçıvani küçəsinə dönən yolun yaxınlığında yerləşən yerüstü keçiddə özünü qəsd edəcək sərxoş halda qışqıraraq səs-küy salıb nalayiq ifadələr işlədərək ictimai asayişi pozmuşdur. Tətbiq edilən qanunvericilik: Azərbaycan Respublikası İXM-in: 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən həmin Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. (30.3) İnzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, videogörüntüləri təhlil edib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, iş materialındakı sübutlardan, video görüntülərdən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirini boynuna almaqla verdiyi izahatdan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Zaqulba prospekti, Naxçıvani küçəsinə dönən yolun yaxınlığında yerləşən yerüstü keçiddə özünü qəsd edəcək sərxoş halda qışqıraraq səs-küy salıb nalayiq ifadələr işlədərək ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, hərəkətlərə yol verməklə xırda xuliqanlıq etmişdir. Azərbaycan Respublikası 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Bu hərəkətləri ilə Şəxs xx.xx.2026-cı il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Zaqulba prospekti, Naxçıvani küçəsinə dönən yolun yaxınlığında yerləşən yerüstü keçiddə özünü qəsd edəcək sərxoş halda qışqıraraq səs-küy salıb nalayiq ifadələr işlətmiş, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozmaq kimi hərəkətlərə yol verməklə Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, Şəxs inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli, bu inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ:

1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 05 (beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin.

2. İnzibati həbsin müddəti inzibati qaytadada tutulduğu xx.xx.2026-cı il, saat 16:25dən hesablansın.

3. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılması məntəqəsinə və Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə həvalə edilsin.

4. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Hakim Mələk Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar