Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-95)-513/2026 02.03.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Məhərrəmov Vüqar Sarvan oğlu, Şəxs barəsində barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.2 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis şöbəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli MN1554250 nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə və polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510.2 və 535.1-ci maddələri ilə qeyd edilən inzibati xətanı törətməkdə təqsirli bilindiyindən barəsində müvafiq protokol tərtib edilmiş və inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 14:30-da inzibati qaydada tutulmuşdur. xx.xx.2026-cı il tarixli, MN1554250 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs DİN-nin 102 xidmətinin əməkdaşlarına zəng edərək təhqir etdiyi və polis əməkdaşlarının qanuni tələbinə tabe olmaması müəyyən olunduğuna görə barəsində Azərbaycan Respublikası İXM-in 510.2 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün protokol tərtib edilmişdir. Qeyd edilən hadisə Bakı şəhəri Suraxanı rayon inzibati ərazidə baş vermişdir. xx.xx.2026-cı il tarixli raportdan görünür ki, xx.xx.2026-cı il tarixdə baş vermiş hadisə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, yeni sahə adlanan yaşayış massivində, Şəxs faktiki yaşadığı ünvanın qarşısında qeydə alınmışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin ... əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 100.5-ci maddəsinə əsasən nömrələnmiş blankda tərtib edilmiş inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.5.1. protokolun tərtib edildiyi tarix, vaxt və yer; 100.5.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.5.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat (fiziki … şəxslərin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi …, yaşadığı və olduğu yerin ünvanı …); 100.5.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.5.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan həmin Məcəllənin müvafiq maddəsi; 100.5.6. olduğu halda şahidlərin … soyadı, adı, atasının adı və onların yaşadığı və olduğu yerin ünvanı …; 100.5.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin … izahatları; 100.5.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.5.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilmişdirsə və ya maddi zərər vurulmuşdursa, bu hallar barədə qeydlər; 100.5.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 106.0-cı maddəsinə əsasən hakim … inzibati xətalar haqqında işlərə baxarkən (106.0.3.) inzibati xəta haqqında protokol və işin digər materialları həmin Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini, (106.0.5.) mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmaması məsələlərini həll edir. 109.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı (109.1.6.) protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarına əsasən inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İXM-in tələblərinə ciddi riayət etməlidir. Həmçinin Azərbaycan Respublikası İXM-in 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. İşin baxılmağa hazırlanması zamanı müəyyən edildi ki, inzibati xəta haqqında xx.xx.2026-cı il tarixli, MN1554250 nömrəli protokol qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmiş, belə ki, protokol Azərbaycan Respublikası İXM-in 100.5-ci maddəsinin tələbləri pozulmaqla – barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşadığı və olduğu yerin ünvanı, inzibati xətanın törədildiyi vaxt və bu xətanın mahiyyəti, şahidin soyadı, adı, atasının adı və onun yaşadığı və olduğu yerin ünvanı, habelə inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar inzibati xəta haqqında protokolda göstərilməli olduğu halda göstərilməyərək tərtib olunmuşdur. Eləcə də iş materiallarına əlavə edilmiş ümumilikdə 8 vərəqdən ibarət olan sənədlər də Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə nisbətdə inzibati xətanın törədilmə yeri haqqında məlumat kimi Bakı şəhəri, Suraxanı rayonu göstərilmişdir, bu da işə baxılma yerinin Bakı şəhər Suraxanı Rayon Məhkəməsi olması müəyyən edilmişdir. Belə ki, Şəxs qeydiyyat ünvanı ünvan 1 da, yaşayış yeri və polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmadığı ünvan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, yeni sahədə yerləşən nömrəsiz fərdi evdir Azərbaycan Respublikası İXM-in 76-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol sübut kimi qəbul edilsə də, tərtib edilmiş məlum protokol qanunvericiliyin tələbləri əsasında tərtib edilmədiyindən iş üzrə sübut kimi qəbul edilməsi də mümkün deyil. Başqa aspektən yanaşdıqda isə protokol qanunvericiliyin tələblərinə əsasən tərtib edilib yenidən təqdim edilsə belə iş aidiyyatı üzrə Bakı şəhər Xəzər Rayon Məhkəməsinə deyil, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinə baxılması üçün təqdim edilməlidir. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs barəsində tərtib edilmiş protokol düzgün tərtib olunmadığına görə təqdim edilmiş material natamam olduğundan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İXM-in 43, 106-111-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ:
1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.2 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinə geri qaytarılsın.
2. Qərardaddan şikayət verilə bilməz.
Hakim Vüqar Məhərrəmov