Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-95)-539/2026 03.03.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X5 Məhəmməd oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş vəzifəli şəxs Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Cəlilabad rayonu, Uzuntəpə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, "xxxx" MMC-də mühafizəçi işləyən, Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni yaşayış sahəsi ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru X3 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı material xx.xx.2026-cı il tarixdə baxılması üçün Bakı şəhəri Xəzər rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş vəzifəli şəxs Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru X3 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Mərkəz” adlanan yerdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Polis əməkdaşları ona yaxınlaşıb, sakitləşdirməyə cəhd etsələr də, o, buna məhəl qoymayaraq səbəbsiz yerə mübahisə etməyə başlamışdır. Polis əməkdaşları Şəxs nizamintizama dəvət etsələr də, o, polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Mərkəz” adlanan yerdə telefonla danışarkən əsəbi olduğu üçün uca səslə nalayiq ifadələr işlətmiş, bu səbəbdən də polis əməkdaşları yaxınlaşaraq onu bölməyə dəvət etmişlər. Nalayiq ifadələr işlətdiyini, xırda xuliqanlıq hərəkətlərinə yol verdiyini qəbul edir. Lakin polisin tələblərinə tabe olmuş, hər hansı tabesizlik göstərməmişdir. Etdiyi əməldən peşmandır və bir daha belə hallara yol verməyəcəkdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş xx.xx.2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Mərkəz” adlanan yerdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin polis sahə inspektoru polis mayoru Rəşadət Salahov tərəfindən Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin rəisi Yelmar Mehdiyevə yazılmış rapotdan görünür ki, xx.xx.2026-cı il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Ə.İsazadə küçəsində bi nəfər kişi cinsli şəxsin uca səslə ictimai yerdə cəmiyyətə qarşı açıqca hörmətsizlik edərək təhqiramiz ifadələr işlətdiyini görərək ona yaxınlaşıb özünü təqdim edib sakitləşdirməyə çalışsa da buna məhəl qoymamışdır. Onu nizam-intizama dəvət etsə də polisin qanuni tələblərinə tabe olmayaraq tabesizlik göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş “İnzibati qaydada tutma haqqında” xx.xx.2026-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2026-ci il tarixdə, saat 21:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tututlmuş inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, proses iştirakçılarının izahatları və iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsini dinləyib və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə ilə iş üzrə icraata xitam verilməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xətanın törədilməsi isə inzibati xəta haqqında protokolla yanaşı, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici ifadəsi, eləcə də iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirildiyindən təqsirli bilinərək müvafiq qaydada tənbeh olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2026-cı il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Mərkəz” adlanan yerdə uca səslə nalayiq ifadələr işlətmiş, yəni ictimai yerdə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Həmçinin məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətlərinin olması işin araşdırılmış hallarından müəyyən edilməmiş və bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, eyni zamanda tərtib edilmiş inzibati xəta haqqında protokolda da polis əməkdaşının qanuni tələblərinin və qanuni tələblərə tabe olmamağın nədən ibarət olması barədə inzibati xəta haqqında protokolda qeydlər mövcud deyildir. Odur ki, məhkəmə hesab edir ki, həmin hissədə inzibati xəta haqqında işə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs səmimi peşimançılığını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə iş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyildir. Ona görə də o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə, inzibati həbs tənbeh tədbirinin həddini müəyyən edərkən hesab edir ki, Şəxs məsuliyyətini yüngülləşdirən hal nəzərə alınmaqla aşağı həddə müəyyən edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə məhkəmə hesab edir ki, Şəxs, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 5 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli inzibati qaydada tutulduğu xx.xx.2026-cı il tarixdən saat 21:00-dan hesablanmalı, qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X4 X1 həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 05 (beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərar dərhal icra edilsin. Həbsetmənin əvvəli xx.xx.2026-cı il tarixdən saat 21:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X4 X1 həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(5-95)-539/2026
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(5-95)-539/2026
03.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver