Məhkəmə qərarları › İş №3(5-95)-545/2026

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(5-95)-545/2026

04.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-95)-545/2026 04.03.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Vüqar Sarvan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, evli, orta təhsilli, məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, bağ №2/42-2/42a- 1042/1042a ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 529.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş, xx.xx.2026-cı il tarixli, MN2485957 nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İXM-in 529.2-ci maddəsi ilə qeyd edilən inzibati xətanı törətməkdə təqsirli bilindiyindən barəsində müvafiq protokol tərtib edilmiş və inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Proses iştirakçılarının izahatı: Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən icra məmuru X2 protokolu müdafiə edərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(008)-8249/2024 nömrəli icra sənədinə əsasən təqsirli bilindiyi Azərbaycan Respublikasının İXM-in 206-cı maddəsi ilə təyin edilmiş 300 (üç yüz) manat məbləğində inzibati cəriməni ödəməkdən yayınaraq icra məmurunun icra sənədinin icrası ilə bağlı qanuni tələblərini yerinə yetirməmişdir. Çağırışlarına gəlmədiyindən barəsində axtarış elan edilmiş, polis əməkdaşlarının səyləri nəticəsində Şəxs İcra Şöbəsinə gəlmiş, barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi ilə bağlı müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin müvafiq qərarı ilə Azərbaycan Respublikasının İXM-in 206-cı maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilmiş, həmin cəriməni əmisi tərəfindən ödənildiyini bilir, həmin 300 manatı da o əmisinə ödəmişdir. Barəsində həmin inzibati xəta üzrə Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən icra işi getdiyindən xx.xx.2026-cı il tarixdə polis əməkdaşları tərəfindən məlumat verilmiş, övladının qolu qırıldığına görə həmin gün onlardan üzrlü səbəblərdən icazə alaraq xx.xx.2026-cı il tarixdə İcra Şöbəsinə gəlmiş, məlum icra işi haqqında hər hansı qərar və bildiriş ona çatdırılmamış, istifadəsində olan mobil telefon nömrəsinə hər hansı icra sənədi üzrə SMS bildiriş daxil olmamış, 2025-ci ilin sentybar ayından 2026-cı ilin fevral ayının 19-20-dək olan müddət ərzində Narkoloji Mərkəzdə məcburi müalicədə olmuşdur. O, əlavə olaraq göstərmişdir ki, hal-hazırda işsizdir. avtomobil təmirini bacarır, daimi iş yeri və sabit gəliri yoxdur. Onun himayəsində iki azyaşlı uşağı var, biri serebral iflic xəstəliyindən əziyyət çəkir. Məhkəmədən qeyd edilən halları, işləyib icra sənədi üzrə borclarını ödəyəcəyini, bunları nəzərə almağı xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: xx.xx.2024-cü il tarixli, 3(008)-8249/2024 nömrəli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icra sənədinə əsasən Azərbaycan Respublikasının İXM-in 206-cı maddəsi ilə 300,0 manat məbləğində cərimə Şəxs tutularaq Dövlət nəfinə ödənilməlidir. xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Xəzər rayon İcra və probasiya şöbəsi tərəfindən icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və 10 gün müddətində könüllü icra edilməsi üçün Şəxs göndərilmişdir. Şəxs Bakı şəhəri Xəzər rayon İcra şöbəsində verdiyi izahatdan görünür ki, onun borc barədə məlumatı vardır, lakin cərimənin ödənildiyini bildirərək, ödəniş etməkdən imtina etmişdir. xx.xx.2026-cı il tarixdə Bakı şəhəri Xəzər rayon İcra şöbəsi tərəfindən “borclunun axtarışı haqqında” qərar qəbul edilməklə Şəxs barəsində axtarış elan edilmişdir. xx.xx.2026-cı il tarixli, MN2485957 nömrəli protokoldan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(008)-8249/2024 nömrəli icra sənədinə əsasən Azərbaycan Respublikasının İXM-in 206-cı maddəsi ilə 300 manat məbləğində cəriməni ödəməkdən yayınmasına görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair protokol tərtib edilmişdir. Hüquqi məsələlər: “İcra Haqqında” Azərbaycan Respublikası Qanunu: 3.1-ci maddəsinə əsasən “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir.” 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə ... icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində ... borcluya ... göndərilir. 12.1-ci maddəsinə əsasən … icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. 13.1-ci maddəsinə əsasən icra sənədləri (13.1.3-2.) inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarlar – Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150-ci maddəsində müəyyən edilmiş müddətlər ərzində icraya yönəlməlidir. 44.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərinin tətbiqinin əsaslarından biri (44.1.3.) könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. 44.2-ci maddəsinə əsasən həmin Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. 70.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə ... məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru bu Qanunun 8-ci maddəsinə uyğun olaraq icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. 70.3-ci maddəsinə əsasən həmin Qanunun 70.1-ci ... maddəsi ilə nəzərdə tutulmuş tələblər borclu tərəfindən üzrsüz səbəblərdən yerinə yetirilmədikdə, icra məmuru borclu barəsində bu Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş tədbirləri görür. 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə ... məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir ... . İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 150.7-ci maddəsinə əsasən barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilən fiziki şəxs işləmirsə, yaxud onun əməkhaqqından və ya digər gəlirlərindən inzibati cərimənin ödənilməsi mümkün deyildirsə, eləcə də hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında hesabları barədə məlumat və ya hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, yaxud cərimə könüllü qaydada ödənilmədikdə inzibati cərimə tətbiq etmə haqqında qərar “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada məcburi icraya yönəldilir. 150.8-ci maddəsinə əsasən həmin Məcəllənin 150.2-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmənin qərarı məcburi icraya yönəldilir. 150.9-cu maddəsinə əsasən fiziki ... şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında ... məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, dövlət icra məmuru həmin Məcəllənin ... 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. 529.2-ci maddəsinə əsasən … inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.2-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixli, 3(008)-8249/2024 nömrəli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icra sənədi əsasında xx.xx.2025-ci il tarixli “icraata başlamaq haqqında” qərar qəbul edilsə də, həmin qərar və könüllü icra barədə məlumatlandırma haqqında bildirişin şəxs Şəxs verilməsini təsdiq edən hər hansı sənəd nə iş materiallarına əlavə edilmiş, nə də ki, icra məmuru tərəfindən məhkəmə iclasında təqdim edilmişdir. Şəxs Bakı şəhər Xəzər rayon İcra Şöbəsi tərəfindən barəsində icra işi olduğunu xx.xx.2026-cı il tarixdə polis əməkdaşları tərəfindən axtarıldığını bildikdən sonra xx.xx.2026-cı il tarixdə İcra Şöbəsinə gəldiyi vaxt məlumatı olduğu müəyyən edilmişdir ki, bu şəxsin müvafiq icra sənədi üzrlü səbəblərdən yerinə yetirilmədiyi məlum olur. Belə olan halda isə şəxsin əməllərində Azərbaycan Respublikası İXM-in 529.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün elementləri olmadığına görə həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin müəyyən edilmişdir ki, Şəxs Azərbaycan Respublikasının İXM-in 206-cı maddəsi ilə təqsirli bilinib barəsində 300 manat məbləğində inzibati cərimə növündə inztibati tənbeh tədbiri tətbiq edilməsi haqqında xx.xx.2024-cü il tarixli, 3(008)-8249/2024 nömrəli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı xx.xx.2025-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Lakin Şəxs Azərbaycan Respublikasının İXM-in 529.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsi haqqında protokol xx.xx.2026-cı il tarixdə məlum məhkəmə qərarı qanuni qüvvəyə mindikdən 1 il 1 ay 26 gündən sonra tərtib edilmişdir. İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla 25 gün müddətin bitdiyi vaxtın növbəti günü şəxsin əməlində Azərbaycan Respublikasının İXM-in 529.2-ci maddəsinin tərkibi yaranır və həmin gün həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın baş vermə gününün əvvəli hesab edilir. Şəxsin barəsində inzibati xəta haqqında məlum protokol icra məmuru tərəfindən məhkəmə qərarının qanuni qüvvəyə mindiyi vaxtdan xx.xx.2025-ci il tarixdən hesablanmaqla 25 gün müddətin bitdiyi vaxtın xx.xx.2025-ci il tarixin növbəti günündən, yəni xx.xx.2025-ci il tarixdən şəxsin əməlində Azərbaycan Respublikasının İXM-in 529.2-ci maddəsinin tərkibi yaranır. Azərbaycan Respublikasının İXM-in 529.2-ci maddəsi ilə şəxsin məsuliyyətə cəlb edilməsi isə həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən 4 ay müəyyən edilmişdir, çünki bu əməl idarəçilik qaydaları əleyhinə olan inzibati xətadır və həmin maddədə xüsusi qeyd edilmiş inzibati tənbehin törədildiyi gündən ən geci 1 il keçənədək verilə bilən inzibati xətalardan deyildir. Belə olan halda ən yaxşı halda Şəxs Azərbaycan Respublikasının İXM-in 529.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaya görə inzibati məsuliyyətə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində cəlb edilə bilərdi. O cümlədən yenə də qəbul etsək ki, Şəxs Azərbaycan Respublikasının İXM-in 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirlidir, qaçıb gizlənmişdir, həmin Məcəllənin 38.5-ci maddəsinə əsasən inzibati xətanın törədildiyi vaxtdan bir il keçdiyinə görə o, inzibati məsuliyyətə cəlb oluna bilməz. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində icra icraatı açılması haqqında qərardan, bildirişlər göndərilməsindən, mümkün könüllü icra tədbirlərindən hər hansı məlumatı olmamış, buna görə Şəxs Azərbaycan Respublikasının İXM-in 529.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından xitam verilməsi qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ:

1. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin.

2. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayət və ya apellyasiya protesti verilə bilər.

Hakim Vüqar Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar