Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-95)-568/2026 06.03.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Vüqar Sarvan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-cı ildə Göyçay rayonunun Müskürlü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşqul olan, Göyçay rayonun Müskürlü kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən nömrəsiz evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli MN2271147 saylı inzibati xəta haqqında protokola əsasən Şəxs qanunsuz olaraq narkotik vasitələrin istehlakında təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə qeyd edilən inzibati xətanı törətməkdə təqsirli bilindiyindən barəsində müvafiq protokol tərtib edilmiş və inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Proses iştirakçılarının izahatı: İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X4 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Şəxs barəsində qanuna müvafiq tədbir görülməsi üçün inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs anasının onun müalicə olunması üçün kömək istəyib və onun barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməldə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o davamlı şəkildə narkoloji vasitələrdən istifadə etmir. Narkoloji müəssisədə məcburi müalicə almıyıb. Himayəsində yaşlı anası var, evin tək gəlir gətirən üzvü olmasını nəzərə alınmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: xx.xx.2026-cı il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilməklə barəsində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 17:30-da inzibati qaydada tutulmuşdur. xx.xx.2026-cı il tarixli 1/2452 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini çəqsədi ilə aparılan tibbi müayinəyə dair protokoldan görünür ki, Şəxs metamfetamin qəbul edir. MN ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs narkotik vasitədən istifadə etdiyi müəyyən olunmuşdur. Nəticədə Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X5 xx.xx.2026-cı il tarixli 1885 nömrəli ekspert rəyinə əsasən Şəxs xx.xx.2025-ci il tarixdən Respublika Narkoloji Mərkəzdə dispanser qeydiyyatındadır. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir. 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. 206-cı maddəsinə əsasən “Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir.” Məhkəmə, inzibati xəta haqqında iş üzrə toplanmış materialları, o cümlədən xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolu Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X5 xx.xx.2026-cı il tarixli 1885 nömrəli tibbi yoxlama haqqında rəyini, barəsində icraat aparılan şəxs Şəxs məhkəmə istintaqı zamanı verdiyi izahatı və digər sənədləri hərtərəfli, tam və obyektiv tədqiq edərək, öz daxili inamı ilə qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi təkzibedilməz sübutlarla tam təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmənin qənaətinə görə, hazırki iş üzrə inzibati cərimə tənbehinin tətbiqi törədilən xətaların məcmusunun ciddiliyi ilə mütənasib deyildir və şəxsin islah olunması üçün kifayət qədər çəkindirici təsirə malik olmayacaqdır. Psixotrop maddə istehlak etmək, şəxsin hüquqi nizama və cəmiyyətdə bərqərar olmuş davranış qaydalarına qarşı dərin hörmətsizliyini göstərir. Belə şəraitdə, yalnız cəmiyyətdən müvəqqəti təcrid edilməni nəzərdə tutan inzibati həbs tənbehi ultima ratio (son vasitə) olaraq tənbehin məqsədlərinə nail olmağa imkan verə bilər. Məhkəmə, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini, inzibati məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılıq çəkməsini (İXM-in 32.1.1 maddəsi), ağırlaşdıran halların müəyyən olunmamasını və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, onun şəxsiyyəti və sağlamlıq vəziyyəti barədə tibbi rəylə təsdiqlənmiş hallar nəzərə alınmaqla, onun barəsində Azərbaycan Respublikasının İXM-in 206-cı maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə tənbehin və İXM-in 37-ci maddəsinə əsasən məcburi müalicənin tətbiq edilməsini ədalətli, qanuni və tənbehin məqsədlərinə nail olmaq üçün yeganə effektiv vasitə hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-in 30, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ:
1. Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 01 (bir) ay müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.
2. İnzibati həbsdə saxlamanın əvvəli xx.xx.2026-cı il tarixdən saat 17:30-dan hesablansın.
3. Şəxs Azərbaycan Respublikası İXM-in 115.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi tibbi müəssisədə dispanser qeydiyyata alınsın.
4. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X3 X1 və Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə həvalə edilsin.
5. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayət və ya apellyasiya protesti verilə bilər.
Hakim Vüqar Məhərrəmov